Bu gün əlillər bütün dünyada
rahatlıqla mənzil başına çata bilirlər. Dünyanın bütün yerlərində
əlillər üçün sosial köməkçilər verilir, onların maaşı dövlət
tərəfindən ödənilir, üstəlik, əlillərə normal pensiya da verilir.
Çox istəyərdik ki, bizdə də əlillərə münasibət belə
olsun.
Bu, azərbaycanlı əlillərin arzusudur. Çünki bu gün onların
cəmiyyətdə yaşam imkanları məhduddur. Buna pandusların azlığı, iş
imkanları, sosial təminat, bəzən isə daha fərqli məsələlər səbəb
olur.
Axar.az olaraq əlillərin problemləri ilə daha yaxından
maraqlanmaq üçün yollanırıq Əlillərin Reabilitasiyası Mərkəzinə.
Burada qarşımıza bir neçə əlil çıxır. Onlarla söhbət etmək
istəyimizi bildiririk, rahatlıqla müsahibəyə razılıq verirlər.
Söhbət zamanı onlar işsizlik, pensiyalarının həddindən artıq az
olması, bina və metrolarda onlar üçün lazımi şəraitin olmamasından
şikayətlənirlər. Elə ilk müsahibim Ramin də əsas probleminin
işsizlik olduğunu deyir:
"Mənim Qaradağdan Bakıya işə gəlib-getməyim üçün gərək minimum
1000 manat maaşım olsun ki, onun bir hissəsini taksilərə xərcləyə
bilim. Amma panduslu avtobuslar, yol kənarları, metroya girişlər
olarsa, biz də rahatlıqla işləyə, evdən çölə çıxa bilərik.
Bilirsiniz, bu gün şirkətlər də əlilliyi olan şəxslərlə işləməyə
maraq göstərmirlər. Çünki bunun üçün şirkətin şəraiti olmalıdır. Bu
gün şirkətlərin heç birində panduslar quraşdırılmayıb. Buna görə
də, onlar əlil əməkdaşdansa, 80 manat cərimə ödəməyi üstün
tuturlar".
Tək ümid yerimiz 127 manat pensiyadır
Ramin Bulvardakı panduslardan şikayətçidir:
"Baxın, Bulvardan Sahilə keçmək üçün bir keçid var, orada guya
pandus düzəldiblər. Pandusu elə tikiblər, sanki əlillərdən
beziblər. Tutun əlilləri, buraxın aşağı (gülür). O panduslardan heç
ayaqüstə olan adam da düşə bilməz. Bizim oradan düşməyimiz heç cür
mümkün deyil. Çox təəssüf ki, hər şeyi başdansovdu hazırlayırlar.
Biz yalnız şəhərə çıxanda qarşılaşdığımız maneələrdən sonra əlil
olduğumuzu hiss edirik".
Mətanət xanım yollardakı maneələrin onlara çətinlik
yaratdığını deyir:
"Bəli, biz yalnız belə olanda əlilliyimizi hiss edirik, yoxsa
bizim ruhumuzda əlillik yoxdur ki. Hərdən süfrə başında bir neçə
dəfə qalxıb anama yer vermək istəmişəm. Yəni heç vaxt əlil
olduğumuzu daxilən hiss etməmişik. Mən təkcə kollecə gedəndə, ən
azı, beş maneə keçməli oluram. Bütün bu maneələr bizi geri
qaytarır. Əlbəttə, elə əlillər var ki, işləmək istəmirlər, amma
nəzərə almaq lazımdır ki, işləmək istəyən əlillər də var".
Ramin: "Biz əlil olsaq da, istəmirik evdə
oturaq, kimsə gətirib bizə pul versin. Hər bir insan kimi bizim də
özümüzə görə bacarığımız, istedadımız var".
Mətanət: "Biz onsuz da bu halımızla müəyyən
qədər mənəvi əziyyət çəkirik, amma haradansa keçmək üçün bizi iki
nəfərin qaldırması, bizə bir az da zərbə vurur. İnsan şəxsiyyət
olaraq özünə sığışdırmır, özünü artıq yük kimi hiss edir. Sanki
məhdudiyyətin üstünə bir az məhdudiyyət əlavə olunur".
Söhbətimizə qoşulan Fərid isə metrodan istifadə edə
bilmədiyini, bəzən metropoliten işçilərinin absurd sözləri ilə
qarşılaşdığını bildirir:
"Hər birimizin qarşılaşdığı çətinlik,
digərimizin qarşılaşdığı çətinliyin güzgüsüdür. Bina şəraitində
yaşayırıq, lift olmur. Müraciət edirsən İcra Hakimiyyətinə,"Büdcədə
pul yoxdur", - deyə cavab məktubu göndərirlər. Heç bir kömək
olunmur. 127 manat pensiya verirlər. Əlavə qazanc əldə edə
biləcəyimiz heç bir yer yoxdur.
Panduslara gəlincə, buna bir az da mən əlavə etmək istəyərdim.
Metronun girişinə pandus qoymaqla heç nə bitmir. Tutaq ki, metroya
kimlərinsə köməyi ilə düşdük. Lakin içəridə bizi o qədər maneə
gözləyir ki...
Hərdən metropoliten işçilərinin absurd sözlərini də eşidirik.
Amma ağlımız da var, dilimiz də. Əlbəttə, belə insanlar cavablarını
alırlar. Bu, nəyə lazımdır?! Biz çölə çıxmırıq ki, aqressiya
nümayiş etdirək. Biz çölə öz hüquqlarımızdan istifadə etmək üçün
çıxırıq.
Bir dəfə Bulvarda gəmiyə minmək istəyirdim. Gəmiyə minmək üçün
pandus yox idi. Mən bunu irad olaraq bildirdim. İradım isə çox
aqressiv qarşılandı. Hətta dedilər ki, sənin nəyinə lazım, biz səni
qucağımızda ora mindirəcəyik də. Mənim 32 yaşım var, niyə kimsə
məni qucağına almalıdır?!"
Həmsöhbətim Qafqaz isə ailə qurmaq istədiyini, lakin 127
manat pensiya ilə bunun mümkün olmadığını bildirir:
"Bəzən deyirlər ki, ailə qur. Elə bilirlər ki, 127 manatla ailə
qurmaq asandır. Mən bu gün ailə quraram, Allaha şükür, seçim edə
biləcəyim qızlar da var, yeganə maneə pensiyanın azlığıdır. İnsan
düşünəndəki bir qadını xanım kimi saxlaya, onun ehtiyaclarını ödəyə
bilməyəcək, niyə ailə qursun ki?! Mən belə ailə qurmaq istəmirəm.
Bu gün mənim valideynlərim var, onlar mənə dayaqdır, hələki,
yaşayıram, bir gün anamın, atamın başına bir iş gələrsə,
vəziyyətimi təsəvvür edə bilmirəm. Qardaşım mənə baxacaqmı? Bu
sualın cavabını tapa bilmirəm, amma övladım olarsa, əlbəttə, o,
mənə baxacaq".
"Qüsurlu" sözü bizi incidir
Fərid: "İndiki vəziyyətdə valideynimiz olmasa,
biz ölümə atılmış insanlarıq.Bir dəfə Zaur Baxşəliyev efirdə dedi
ki, ürəyim gəlmir "əlil" deməyə, "qüsurlu" deyəcəyəm. Bu insan dərk
etmir ki, "əlil" sözü normal, standart sözdür, "qüsur" sözünü
işlətmək isə qanacaqsızlıqdır.
Qüsur – eyib deməkdir, bizim eybimiz yoxdur. Heç "məhdudiyyət"
sözünü də qəbul etmirik. Əlil tibbi termindir, ən uyğun ifadə bunun
olduğunu düşünürük".
Ramin: "Bir dəfə internet televiziyasında bir
veriliş izləyirdim. Verilişdə bir nəfər dilçi qonaq idi. Qayıdıb
dedi ki, məhz "qüsurlu" sözü doğru ifadədir. Hələ bu dilçidir".
Söhbətimizin yekununda onlar son sözlərini qəribə bir
nigaranlıqla dedilər:
"Əgər dünyada bu təcrübə olmasa, biz də danışmazdıq. Demək
istədiyimiz çox şey var, amma hər deyiləni yazmaq olmur ki. Bizi
dinlədiyinizə görə sağ olun…"