- Salam.
- Ay əleyküməssalam.
- Ağsaqqal, çoxdan burda yaşayırsınız?
- Bəli, necə bəyəm?
- Bu ərazidə ad günü keçirmək üçün münasib bildiyiniz
restoran, şadlıq evi varmı?
- Var, niyə yoxdur? Qabaqda biri var, bir az o tərəfdə
də biri...
- Bəs, "Humay" şadlıq sarayı necədir?
- Məsləhət görmürəm...
- Niyə?
- Sözlü-söhbətli yerdi…
- Necə yəni sözlü-söhbətli?
- Obyektin böyüyünü "moşennik"liyə görə tutublar.
Camaatı bura (əli ilə şadlıq sarayını göstərir -müəll.) yığıb nə
qədər pullarını alıb. Sonra məlum oldu ki, xeyli adamı aldadıb. Ona
görə tutdular, 15 il verdilər.
- Kimdi ki?
- Zal…
Bu dialoq Publika.az-ın əməkdaşı ilə Binəqədi rayonunun
Rəsulzadə qəsəbəsində Ramiz Aboyev adına Mədəniyyət və İstirahət
Parkında istirahət edən sakinlərdən biri arasındadır.
Qeyd edək ki, həmsöhbətimizin adını çəkdiyi Zal Texnikabank
ASC-nin Bakı filialının sabiq rəhbəri, onlarla insanın milyonlarla
manat pulunu mənimsəmiş Zal Yusifovdur. O, Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə 2010-cu ildə 15 il müddətinə azadlıqdan
məhrum edilib. Onun atası isə Ali Məhkəməyə şikayət ərizəsində
iddia edib ki, Zal Yusifova məxsus və Ağır Cinayətlər Məhkəməsinin
hökmü ilə müsadirə olunması üçün üzərinə həbs qoyulan "Humay"
şadlıq sarayı, həmçinin, digər mülklər oğlu Zal Yusifovun yox,
guya, onun özünündür.
Biz də əsl həqiqətin nədən ibarət olduğunu öyrənmək üçün
sözügedən məsələ ilə bağlı məhkəmədə dəfələrlə sübuta yetirilmiş
məqamlara bu dəfə jurnalist araşdırması ilə aydınlıq gətirmək
istəyirik...
"Eşitdik ki, "Humay"ın böyüyü dələduzluq
edib..."
Elə Rəsulzadə qəsəbəsinin sakinləri, o cümlədən, "Humay" şadlıq
evinin yerləşdiyi parkda gəzişən, istirahət edən insanlarla
söhbətlərimiz bir sıra gizli məqamlara, mətləblərə gerçəkdən də
aydınlıq gətirdi.
Məlum oldu ki, Zal Yusifovun atasının məhkəmədəki ifadələri
qətiyyən doğru deyil. Zakir Yusifovun söylədiklərinin əksinə,
məhkəmənin qərarı ilə üzərinə həbs qoyulmuş "Humay" şadlıq sarayı
heç də ona yox, dələduzluq üstündə həbs edilmiş oğluna
məxsusdur.
Söhbətləşdiyimiz sakinlər bildirdilər ki, yaxınlıqda yaşayanlar
əvvəllər xeyir-şər məclislərini "Humay"da edirmişlər: "Eşidəndə ki,
oranın böyüyü içəridədir, dələduzluğa görə həbs edilib, başqa
yerlərə üz tutduq. Çünki adam sözlü-söhbətli yerdən uzaq olmağa
çalışır...".
Qəsəbə sakini İbrahim kişi deyir ki, adıçəkilən şadlıq sarayı
əvvəllər çox kiçik olub: "Humay" bir neçə il əvvələ qədər balaca
kafe idi. Sonradan bankir (Zal Yusifov nəzərdə tutulur -müəll.)
onun ərazisini xeyli genişləndirdi. Təxminən 2000-ci illər olardı.
Əlavə kabinetlər yaradıldı, arxada xüsusi mətbəx və zal tikildi.
Özü də bahalı çay daşlarından. Bundan sonra "Humay" həm də şadlıq
sarayı kimi fəaliyyət göstərməyə başladı.
Zal özü də hər gün buralarda olurdu. Şadlıq evində özünün ayrıca
iş otağı vardı. Zalın qızının adı Humaydır. Bu restoranı da qızının
şərəfinə "Humay" adlandırmışdı. Qəsəbədə hamı onu "bankir"
adlandırırdı. Camaatla "Humay"da görüş keçirirdi. Sonra məlum oldu
ki, şadlıq evində onları aldadaraq pullarını ələ keçirib".
"Obyektin sahibi Zal Yusifovdur"
Uzun illərdir burada yaşadığını və hər gün parkda gəzdiyini
deyən Rasim Məmmədov isə bildirdi ki, Zakir Yusifovun "Humay"
şadlıq evinin və mülkün üstündən həbs qərarının götürülməsini tələb
etməsi heç də təsadüfi deyil: "İndi şəhid Ramiz Aboyevin adını
daşıyan mədəniyyət və istirahət parkı ötən əsrin 50-ci illərində
salınıb. Bu işdə o vaxtlar yüksək vəzifədə işləmiş Kamran Rəhimovun
xüsusi əməyi olub.
Ramizin özü burda yaşayıb, anası, deyəsən, rayondakı kitabxanada
işləyirdi. Ramiz Qarabağda şəhid oldu. Qərara aldılar ki, parka
onun adını versinlər. Səhv etmirəmsə, 90-cı illərin əvvəllərində
burda kimsə torpaq götürdü. Sonra obyekt tikməyə başladı. Öyrəndik
ki, obyektin sahibi bankda işləyir. "Posyolka Kirov"da (Rəsulzadə
qəsəbəsi - müəll.) bank müdiri kimi ad çıxarmışdı. Adı Zal idi.
Tez-tez şadlıq sarayında görünürdü, camaatla görüşürdü. Nə qədər
adam inanıb ona pul vermişdi. Şadlıq evinin sahibi olduğundan, çox
adam ona etibar etmişdi...
Sonra bir gün tanışım Tofiq dedi ki, obyektin sahibi camaatın
pulunu ələ keçirdiyinə görə, dələduzluq üstündə tutulub. "Humay"dan
qazandıqları gözlərini doyurmayıb, keçib dələduzluğa...".
"Zakirdə bu qədər pul hardan idi?!."
"Hər gün burda yeyib-içməkdir. Toyların, banketlərin ardı-arası
kəsilmir", - bunu isə sakinlərin "müəllim" deyə çağırdıqları Mehdi
kişi deyir.
O da təsdiqləyir ki, "Humay" Zal Yusifovun özünə məxsusdur:
"Yalan deyirlər, obyekt Zalındı. Biz uşaq-zad deyilik ki, kimsə
aldada. Allaha şükür, savadımız da var, dünyagörüşümüz də. Böyüyünü
bir müddət əvvəl tutdular, sonra eşitdim ki, məhkəmə şadlıq evinin
müsadirə olunması haqda qərar çıxarıb. Obyektin şefi indi
"moşenniklik" üstdə yatır. Ötən il burda camaat danışırdı ki, nə
qədər adamı aldadıb...".
Müsahibimizə Zal Yusifovun atası Zakir Yusifovun "Humay" şadlıq
sarayının oğluna deyil, özünə məxsus olduğunu iddia etməsini
xatırlatdıqda, o, bunun yalan olduğunu dedi: "Yalan deyir. Zəki
İslamda (Qeyd edək ki, Zakir Yusifov "Zəki İslam" imzası ilə şer də
yazır – red.) bu qədər pul hardan idi? Ailələrini qiyabi də olsa,
tanıyıram. Zəki o qədər varlı adam deyildi ki, belə obyekt
tikdirsin. Özü də belə bir yerdə - Bakının mərkəzində. Bu istirahət
parkında yer almaq, şadlıq sarayı tikmək onun gücü çatan iş deyil.
Oğlu Zal əvvəl bizneslə məşğul olurdu, sonra bankda işə düzəldi.
Yaxşı vəzifədə işləyirdi. Zəki İslam ondan sonra "dirçəldi". Buranı
da oğlu tikdirdi..."
"Obyekt Zakirin idisə, niyə oğlu vəzifədə işləyəndə
tikildi?"
Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, Zal Yusifovun
aldatdığı müştərilər, zərər vurduğu onlarla insan arasında onların
da qohumları var.
Qəsəbə sakini Elşən Yusifov bildirdi ki, Zakir Yusifovun bu cür
biznesə sahib olması mümkün deyil: "Zəki İslamın vəzifədə işlədiyi
dövrdə bu qədər pul toplaması müşkül məsələdir. Sovet dövründə bir
maşın alan kimi adamı sorğu-suala çəkirdilər. Dövlətin ayırdığı
əməkhaqqından savayı da uzağı xırda "çax-çux"un olardı. Həmin
"çax-çux"la kafe almaq çətin idi. Zəki kişi indi elə deyir ki,
oğlunun obyekti əllərindən çıxmasın. Çünki bu obyekt "yağlı"
yerdədi. Ağsaqqal adamdı, amma yalan danışır. Sovet dövründə yaxşı
qazansa belə, belə bir obyekt tikdirə bilməzdi. O boyda külfəti
dolandırırdı. Üstəlik, "Humay" 1992-ci ildə kiçik kafeyə oxşayan
bir obyekt idi. Zakir belə pullu adam idisə, kafeni elə həmin
vaxtlarda böyük obyektə çevirərdi də… Daha niyə 12-13 il sonra -
oğlu bankda işləyəndə şadlıq sarayı tikirdi?".
E.Yusifov dələduz bankir tərəfindən aldadılmış insanlar arasında
onun qohumunun da olduğunu qeyd etdi.
"Zəki İslamın obyekti deyil, oğlunundur"
Qeyd edək ki, özümüzü bəzi sakinlərə jurnalist, bəzilərinə isə
"Humay" şadlıq evində banket sifariş vermək istəyən müştəri kimi
təqdim etdikdə də, Zakir Yusifovun söylədiklərinin yalan olduğunu
öyrəndik. Sakinlər bildirdilər ki, "Humay" Zal Yusifov bankır
olandan sonra onun müştərilərdən oğurladığı pullar hesabına yeni
dizaynda inşa və təmir olunub: "Bu, Zal bankda rəhbər vəzifədə
işlədiyi vaxtlarda olub. O, obyektin gəlirini artırmaq üçün bura
xeyli maya qoydu. Daha çox müştəri qəbul edə bilmək üçün xeyli
kabinetlər artırdı. Kiçik, rütubətli banket zalı ilə müqayisədə
burada böyük toy məcilislərinin təşkili üçün yeni zal inşa
olundu".
"Dağıstan işlədir, Akif nəzarət edir..."
Parkda dincələn Qalibə İmanova adlı təqaüdçü qadın 70-ci
illərdən bu qəsəbədə yaşadığını deyərək, bir çox mətləblərə
aydınlıq gətirir: "Təkcə şadlıq evi yox, parkın yanındakı villa da
Zəki kişinin oğlunundur (Söhbət Zal Yusifovun atasının həyətində
tikdirdiyi 4 mərtəbəli, 2 bloklu yaşayış binasından gedir. Amma
maraqlıdır ki, istintaq həmin tikilini üzərinə həbs qoyulan
əmlakların siyahısına salmayıb – red.). Bu dəqiqə neçə milyon
qiyməti var. Zal bilmirdi ki, camaatın pulunu öz cibinə qoyanda,
axırı belə olacaq"?!.
Qadının dilindən: "Humay"ı şadlıq evi edən Zal oldu. Bankda
işləyəndə yaxşı qazanırdı. İndi özü içəridədir. "Humay"ı isə indi
Dağıstan adlı bir nəfər işlədir. Toy, banket sifarişlərini özü
qəbul edir. İstəsəniz, iki gün sonra gəlin, sizi əlaqələndirim.
Orda biri də var, adı Akifdir. Dağıstandan sonra ikinci adam
odur".
Qəsəbə sakini İbrahim kişi isə "Humay"ın bir vaxtlar Binəqədi
rayonunda başqa cür də ad çıxardığını xatırlayır: "Dəfələrlə burda
müştərilərlə şadlıq evinin işçiləri arasında mübahisə yaranıb. Toy
sahibləri ilə ofisiantlar az qalıblar, dava eləsinlər. Belə olanda
qonaqlara başa salırdılar ki, "Humay" bankir Zalındır, elə-belə
adamın deyil. Onu tutandan sonra səs-küyləri bir az səngidi. Daha
mübahisə-zad olmur..."
"Humay" bankir Zalın olduğuna görə…"
Zəka adlı sakinin sözlərinə görə, "Humay"ın Zala məxsus olması
bir yana, bu şadlıq sarayının özünün də fəaliyyəti yoxlanılmalıdır:
"Yayda parkdakı obyektləri yoxladılar. Uşaq attraksionu vergidən
yayındığına görə cərimə edildi. Məncə, elə "Humay"ın ərazisində
fəaliyyət göstərən kafelərin də vergi ödəmələri yoxlanılsaydı,
yaxşı olardı.
O restorana "gözün üstdə qaşın var" deyən yox idi. Çünki bankir
Zalın obyekti idi. Özü də camaatın pulu ilə elə burda (parkın sağ
tərəfini göstərir -müəll.) topdağıtmaz villa tikdirib..."
Söhbətləşdiyimiz bu şəxs də Zakir Yusifovun "Humay"ın ona məxsus
olması iddialarının həqiqətə uyğun olmadığını bildirdi: "Zakir
sovet dövründə nə qədər pul qazanmışdı ki, o boyda villanı, bu
boyda obyekti tikdirib? Özü də niyə 90-cı, 91-ci ildə yox,
sonradan? Qəsəbədə hamı bilir ki, "Humay" Zalındı. Özü də onu
bankda vəzifədə işləyəndə camaatın pulu ilə tikdirib... Zəki İslam
Göyçədən qaçqın düşəndən sonra hamı kimi maddi çətinlik içərisində
yaşayıb. Uşaqlarını nə zülmlə oxudub, sonra evləndirib. Neçə oğlu
evli ola-ola uzun illər balaca bir daxmada bir yerdə yaşayıblar.
Zəki İslamın pulu vardısa, əvvəldən üzə çıxardardı da. Zal bankir
olandan sonra qardaşlarına şəhərin mərkəzində ev, Novxanıda bağ
aldı. Hamısına bahalı maşın aldı. Qardaşlarının qızlarının
cehizlərini verdi, toylarını etdi. Qardaşı Zülalı məhkəmədə
vəzifəyə qoydu (Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsində sədrin
köməkçisi işləyən Zülal Yusifov qardaşı Zal Yusifov dələduzluq
üstində həbs edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb –
red.)".