Azərbaycanda özəl tibb mərkəzlərindən birində 3 yaşlı
Arzu Qurbanlı ölüm səbəbi açıqlanıb.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji
Anatomiya Birliyindən APA-ya verilən
xəbərə görə, aparılan ekspertiza nəticəsində körpənin ölüm səbəbi
aspirasiya, mədə möhdəviyyatı ilə əlaqədardır.
Belə ki, damaq badamcıqlarından əməliyyat olunan uşaqda sonradan
qusma olub, nəticədə qusuntu kütlələri udulub. Buna qusuntu
kütlələrinin aspirasiyası deyilir. Qusma zamanı kütlələr uşağın
tənəffüs yollarına gedib və uşaq bundan dünyasını dəyişib. Meyitin
ekspertizası zamanı onun traxeya və bronxları qusuntu kütləsi, mədə
möhdəviyyatı ilə dolu olub. Körpə bunun nəticəsində vəfat
edib.
"Bu proses körpənin yaxınlarının iştirakı ilə keçib, onlar da
şahid olublar ki, uşağın traxeya və bronxları mədə möhdəviyyatı ilə
dolmuş olub", - deyə Birlikdən bildirilib.
Qeyd edək ki, 3 yaşlı Arzu Qurbanlı Sumqayıtda özəl
klinikalardan birində burun-boğaz əməliyyatı olunub. A. Qurbanlı
əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.