Çərəzlər xüsusilə faydalı yağlar və vitaminlərlə zəngin olduqları üçün sağlam qidalanmanın vazkeçilməz hissəsi hesab olunur. Çərəzlərin hər biri müxtəlif daxili orqanların funksiyasına dəstək verir və onların inkişafında mühüm rol oynayır.
Bu sözləri Axar.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova çərəzlərin sağlamlığa faydaları barədə danışarkən deyib.
Ekspert çərəzlərin gündəlik qida rasionunda əskik edilməməsini tövsiyə edir:
“Biz Azərbaycan xalqı olaraq daha çox qoz, fındıq, badam və fıstığa üstünlük verilik. Onları qabıqlı almaq daha faydalıdır, çünki bu zaman tərkibindəki minerallar və faydalı yağlar daha yaxşı qorunur. Alarkən keyfiyyətli, mənşəyi bəlli və təzə məhsullar seçilməlidir. Düzgün saxlanılmadıqda çərəzlərdə aflatoksin miqdarı arta bilər ki, bu da qaraciyər və böyrək problemlərinə səbəb olar. Köhnə çərəzlər bəzən qovrularaq və üzərinə duz əlavə edilərək qarışıq şəkildə satılır. Belə məhsullardan uzaq durmaq tövsiyə olunur”.
Onun sözlərinə görə, yorğunluq və halsızlıq zamanı 10–15 ədəd fındıq qəbul etmək enerjini artırmağa kömək edir. Badam sümüklərin və əzələlərin möhkəmlənməsində rol oynayır, bəzi hallarda baş ağrısının azalmasına da kömək edə bilir.
H.Məshəti çərəzləri günün birinci yarısında qəbul etməyin daha faydalı olduğunu vurğulayıb.
Mövzu ilə bağlı fikirlərini bölüşən qida eksperti Ağa Salamovun sözlərinə görə, çərəzlərin həddindən artıq istifadəsi artıq çəki və həzm problemlərinə səbəb ola bilər:
“Gün ərzində ümumilikdə təxminən 1 ovuca sığacaq qədər, yəni orta hesabla 30–40 qram qəbul edilməsi tövsiyə olunur. Hər çərəzdən ayrıca bir ovuc yemək düzgün hesab edilmir”.
Ağa Salamov çərəzlərin hər birinin daxili orqanlara verdiyi dəstəyindən danışıb:
“Qoz omega-3 yağ turşuları ilə zəngindir, beyin fəaliyyətini və yaddaşı gücləndirir, ürək-damar sağlamlığını dəstəkləyir. Qoz ortadan bölündükdə beyin formasını xatırladır və beyin fəaliyyəti üçün faydalı hesab olunur. Yaddaşın yaxşılaşmasına, zehni fəaliyyətin güclənməsinə dəstək verir.
Badam E vitamini, maqnezium və faydalı yağlarla zəngindir. Dəri, sinir sistemi və qan şəkəri balansı üçün faydalıdır. Diabet riski olan şəxslərdə normada istifadə olunması tövsiyyə olunur.
E vitamini ilə zəngin olan fındıq ürək-damar sistemi üçün faydalıdır, enerji verir və toxluq hissini artırır.
Püstə lif və antioksidantlarla zəngindir, xolesterinin tənzimlənməsinə və göz sağlamlığının qorunmasına kömək edir. Xüsusilə səhər yeməklərində istifadə olunması tövsiyə edilir”.