Bəzən uğursuz həyat, saxta düşüncə tərzindən
şikayətlənərək həyatımızın boşluqlarını axtarmağa çox zaman sərf
edirik.
Bu sözləri psixoloq Rəvan Soltanov düşüncə tərzləri haqda
Axar.az-a danışarkən deyib. R.Sultanov qeyd edib ki, bütün işlər
təhtəlşüuri olaraq 6 mərhələdən keçir:
"Düşüncə - insan beyninin analitik qabiliyyətinin məhsuludur.
Məhz düşüncənin sağlam olub-olmamasının nəticəsi olaraq biz ya uğur
qazanırıq, ya da məğlub oluruq. Ümumiyyətlə, insan hər hansı bir
uğurlu, yaxud uğursuz nəticəli işə başlamazdan öncə şüuraltı olaraq
altı mərhələni keçmiş olur: 1. Niyyətinin formalaşması; 2. Cari iş
haqqında düşünür; 3. Motivasiya; 4. Arzuların yaranması; 5. İcranın
strategiyasının qurulması; 6. İşin icrası və nəticə.
Gördüyümüz kimi, istənilən işin nəticəsi insan niyyətindən
birbaşa asılıdır. Yəni hər bir uğurlu, yaxud uğursuz işimizin
başlanğıcını bizim niyyətimiz təşkil edir. Biz isə hər zaman uğurlu
bir işin marağındayıq. Bu o deməkdir ki, hər bir iş haqqında
düşünməzdən öncə niyyətimizi doğru istiqamətdə istifadə etməliyik.
Babalarımız hədər yerə "niyyətin hara, mənzilin də ora" deməmişlər.
Sağlam niyyət insanın şəxsiyyətinin birbaşa olaraq aldığı formadan
asılıdır. Necə deyərlər – böyük insan böyük addımlar atar; ağıllı
insan ağıllı işlərlə yadda qalar; ağıllı işlər isə ağıllı niyyət və
düşüncə məhsuludur.
Düşüncələr insan niyyətinin aynasıdır. Yəni, istənilən insanın
düşüncələri onun niyyətindən qaynaqlanır. Saf niyyətli insan adətən
və çox zaman yalnız pozitiv, dəyərli və müsbət xarakterli işlər
haqqında düşünür.
Motivasiya – doğru düşüncə tərzi, qəbullanma və intellektual
mühitimizin birləşməsindən qaynaqlanan aktivlik xarakterli enerji
növü və yaranmış müvafiq aura göstəricisidir. Bir işin icrasından
öncə insanın ehtiyac duyduğu üçüncü mərhələ motivasiyadır, başqa
sözlə desək, həvəsdir. Həvəs isə öz-özlüyündə bir işin icrasi ilə
əlaqəli müsbət enerji toplusudur. Motivasiyalı – daima pozitiv
qalmağın tək sirri stressdən, depresiyadan uzaq olmaqdır. Bu
səbəbdən istənilən mövzu üzrə yarana biləcək gözləntilərdən uzaq
olmalıyıq. Yəni, "depresiya=stress" aksiomundan qaçmalıyıq.
Arzular – insanların istənilən bir mövzu ilə bağlı planlarının
virtual, mücərrəd formasıdır. Hədər yerə deyilməyib ki, istənilən
real uğurlar bir zaman mövcud olan arzulardan qaynaqlanır. Bu
səbəbdən arzular olmadan heç bir motivasiya, yaxud uğurdan danışmaq
olmaz. Arzularımızın reallaşdırılması üçün hər zaman "necə edək? nə
edək?" kimi suallarla tez-tez rastlaşırıq. Yəni şüuraltı olaraq
icra strategiyasını düşünmüş oluruq. Bu isə təbii ki, beynin uğurlu
bir iş üzrə son düşüncə mərhələsidir.
İşin icrası – düşünülmüş iş haqqında motivasiyalı arzuların
uyğun icra strategiyasının reallaşdırılması mərhələsidir. Yuxarıda
qeyd olunan hər bir mərhələni nəzərə alaraq uğura aparan sağlam
düşüncə üzrə 6 qızıl qayda kəşf etmiş oluruq: 1. İstənilən işin
nəticəsi insan niyyətindən birbaşa asılıdır; 2. Düşüncələr insan
niyyətinin aynasıdır; 3. Motivasiya – doğru düşüncə tərzi,
qəbullanma və intellektual mühitimizin birləşməsindən qaynaqlanan
aktivlik xarakterli enerji növü və yaranmış müvafiq aura
göstəricisidir; 4. Arzular – insanların istənilən bir mövzu ilə
bağlı planlarının virtual, mücərrəd formasıdır; 5. Arzularımızın
reallaşdırılması üçün hər zaman "necə edək? nə edək?" kimi
suallarla tez-tez rastlaşırıq. Yəni şüuraltı olaraq icra
strategiyasını düşünmüş oluruq; 6. İşin icrası – düşünülmüş iş
haqqında motivasiyalı arzuların uyğun icra strategiyasının
reallaşdırılması mərhələsidir.
Yekun olaraq deyə bilərik ki, uğura aparan istənilən yolun
başlanqıc nöqtəsi strateji sağlam düşüncə tərzinə əsaslanır. Bu
səbəbdən gəlin sağlam olaq, sağlam düşünək və uğur dolu bir həyat
yaşayaq".