Uşaqlarda temperatur 38 dərəcədən çox deyilsə müdaxiləyə
gərək yoxdur. Virus infeksiyalarının əksəriyyəti, xüsusilə qrip
soyuq havada daha çox yayılır. Mövsüm dəyişikliyi, havaların
soyuması ilə əlaqədar olaraq uşaqlarda bu problemlərlə daha çox
rastlaşırıq. Amma bizim əhalinin "soyuqdəymə" dediyi vəziyyətlə
qrip eyni hal deyil. Qrip zamanı bir sıra əlamətin birdən özünü
göstərməsi mümkündür. Halsızlıq, güclü baş ağrısı duyula, yüksək
hərarət ola bilər. Bu əlamətlər olanda diqqətli olmaq
lazımdır.
Bunu APA TV-nin "Öncə sağlıq" proqramında pediatr,
tibb üzrə fəlsəfə doktoru Əli Quliyev deyib.
Bu gün üçün qripin özəl müalicəsinin olmadığını deyən mütəxəssis
bildirib ki, bununla bağlı xüsusi müalicələrin, eləcə də antibiotik
qəbulunun heç bir əhəmiyyəti yoxdur: "Qrip virus infeksiyasıdır,
adətən özü gələr və özü də gedər, qripin təxminən 5-7 gün ömrü var.
Bu zaman əsas olan bol maye qəbuldur və əgər yüksək hərarət varsa,
hərarət salan dərmanların içilməsi tövsiyə olunur. Digər
dərmanların qəbulunun mənası yoxdur. Yalnız qrip ağırlaşacağı halda
xəstəyə dəstək müalicəsi təyin olunur".
Qrip zamanı burun damcısı kimi istifadə olunan dəniz sularının
əhəmiyyəti barədə səslənən fikirlərə münasibət bildirən Ə.Quliyev,
"Bəzən ailələr deyir ki, buruna okean, dəniz suyu töksək də, uşaq
sağalmadı. Nəzərə almaq lazımdır ki, bu damcılar ağırlaşmaların
qarşısını almaq, nəfəs almanı asanlaşdırmaq üçün tətbiq olunur,
müalicə baxımından edilmir", - deyib.
H1N1 ("donuz qripi") virusuna qarşı peyvəndlər barədə danışan
həkim qeyd edib ki, əvvəllər bu qripə qarşı peyvənd yarananda tək
peyvənd şəklində olub və hamıya vurulması tövsiyə edilib. Amma
indiki qrip peyvəndlərinin içində H1N1 virusuna qarşı peyvəndi də
var. Yəni "donuz qripi" üçün ayrı, mövsüm qripi üçün ayrı peyvənd
yoxdur. Onların ikisi də eyni iynə şəklində vurula bilər.
Mütəxəssis deyib ki, oktyabrın əvvəlindən başlayaraq, istəyən
valideynlər 6 ayından etibarən uşaqlara qrip peyvəndləri vurdura
bilir.
Qrip peyvəndinin qoruyuculuğu barədə suala cavabında Ə.Quliyev
bildirib ki, bu gün vurulan peyvəndin yaratdığı qoruyuculuq 1-2 il
sonra itə bilər: "Qrip virusları çox tez-tez dəyişdiyi üçün
peyvəndlərin də dəyişməsi zərurəti yaranır. Normal halda isə qrip
peyvəndinin hər il yenilənməsi tövsiyə olunur. Uşaqlarda səkkiz
yaşına qədər ilk dəfə yarım, bir ay sonra da yarım doza vurulur,
ondan sonrakı illərdə isə ildə bir doza vurulması kifayətdir. Qrip
peyvəndi tam qorumasa belə, peyvənd vurulanda uşaqlar qripi daha
yüngül keçirirlər".
"Bütün uşaqlara qrip peyvəndi vurulmalıdırmı" sualına cavab
olaraq Ə.Quliyev deyib ki, Amerika Pediatriya Akademiyası 6 ayından
sonra bütün uşaqlara qrip peyvəndi vurulmasını tövsiyə edir: "Əgər
ailə tərəddüd edirsə, o zaman xroniki xəstəliklərdən - ürək,
ağciyər, böyrək və sairə xəstəliklərindən əziyyət çəkən, yəni qripi
daha da ağır keçirən azyaşlılara ilk növbədə peyvənd vurulması
tövsiyə olunur".
Eyni zamanda, həkim uşaq kollektivlərində çalışan şəxslərə də
qrip peyvəndi vurulmasını tövsiyə edib.
Qripdən qorunmaq barədə mövcud təsəvvürlər barədə danışan
mütəxəssis bunları deyib: "İmmun sisteminin gücləndirən dərmanlar
yoxdur ki, biz tövsiyə edək, insanlar xəstələnməsin, qrip olmasın,
viruslara yoluxmasın. Evdə bir nəfər qripdirsə, digərlərinin də
qrip olma ehtimalı 90 faizdir. Maska taxmaq olar, amma onun da
qoruyuculuğu tam deyil. Eyni zamanda, buruna okean, dəniz suları
tökmək olar. Amma uşaqları qripdən qorumaq üçün buruna hansısa krem
çəkilməsi, şamlar qoyulması, guya immuniteti gücləndirəcək
siropların verilməsi ilə qripdən qorunmaq mümkün deyil.
Sadəcə, qripi olan uşaq çoxlu maye içməli, evdə istirahət
etməli, düzgün qidalanmalıdır. Qrip zamanı hər hansı ağırlaşmalar
yaranarsa, o zaman antibiotik müalicəsinə başlamaq olar. Belə
ağırlaşmalarla onsuz da çox az rastlaşırıq. 100 uşaqdan 80-ni qripi
normal keçirir, hər hansı ağırlaşmalar olmur. Dünyada qripin
müalicəsi yoxdur, ona görə də özümüzdən yeni müalicə icad edib,
tətbiq etməyimiz mümkün deyil. Qrip ağırlaşmayıbsa, müalicəyə gərək
yoxdur, ağırlaşma varsa, o zaman antibiotik müalicəsinə başlana
bilər".
Çox antibiotik qəbulunun fəsadları barədə danışan Ə. Quliyevin
bildirib ki, bu zaman allergik reaksiyaların yaranması,
mədə-bağırsaq florasının pozulması və bu kimi fəsadlar yaranır.
Onun sözlərinə görə, bununla yanaşı, ən təhlükəli hal antibiotik
çox istifadə olunan zaman antibiotikə qarşı rezistentliyin
yaranmasıdır.
Uşaqlarda qrip zamanı hərarətin yüksəldiyi hallarda görülən
tədbirlərin effektinə gəlincə, pediatr qeyd edib ki, normal halda
viruslara qarşı cavab reaksiyası temperaturun yüksəlməsidir:
"Müasir tibbi yanaşmalara görə uşaqlarda 38,5 temperatura qədər
müdaxilə olunmamalıdır. Ola bilər ki, uşağa bu duruma qədər
hərarəti salmaq üçün dərman verilməsin və birdən-birə temperatur
yüksəlsin və qıcolma yaransın.
Hər kəs bilməlidir ki, qızdırmaya bağlı olan qıcolmalardan ölüm
halı baş vermir. 6 ayından 6 yaşına qədər bütün uşaqlar hərarətin
yüksəldiyi hallarda qıcolma keçirə bilər. Bu kimi hallarda uşağın
dilini tutmaq, boğazına qaşıq salmaq cəfəngiyatdır, heç bir elmi
əsası yoxdur. Sadəcə, həmin anda qusma baş verərsə, boğulma
yaranmasın deyə uşağı böyrü üstdə çevirməyi məsləhət görürük. Bu
zaman bədəni nəm əski ilə silmək lazımdır. Adətən bu, 4-5 dəqiqə
davam edir və uşaq həmin haldan çıxır. Narahatlıq varsa, təbii ki,
təcili yardıma müraciət oluna bilər.
Hərarət yüksələn zaman qızdırma salan iynələrdən, "smes" deyilən
qarışıqlardan istifadə edilməsi qətiyyən tövsiyə olunmur. Müasir
tibbi protokollarda belə bir müalicə vasitəsi yoxdur".
Bu qarışıqların sonradan ciddi fəsadlara səbəb olduğunu
açıqlayan Ə. Quliyev hərarət yüksələn zaman uşağı ilıq su ilə
yuyundurmağı, temperatur yüksək olduğu müddətdə bu proseduru
istənilən qədər təkrar etməyi tövsiyə edib.