"Xaricdə əməliyyat olunan şəxsin ölümü haqqında məlumat
Səhiyyə Nazirliyinə gəlmir".
Bu sözləri "Axar.az"a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat
xidmətinin rəhbəri Anar Qədirli xərçəng xəstəliyindən vəfat etmiş
17 yaşlı Nərmin Hüseynlinin ölümündən sonra ailəsinə göndərilən
məktuba münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, mətbuat bu məsələni elə formada
işıqlandırır, sanki Nərmin Hüseynlinin müalicəsinə kömək məqsədilə
ailəsi müraciət edib və Səhiyyə Nazirliyi onlara xanım öləndən
sonra cavab yazıb:
"Ancaq bu belə deyil. Nərmin Hüseynli Topçubaşov adına Elmi
Cərrahiyyə Mərkəzində müalicə olunub. Daha sonra ailə qərara gəlib
ki, müalicəsi üçün qızlarını xaricə aparsınlar. Böyük ehtimalla
ailə xaricdə olduğu müddətdə Səhiyyə Nazirliyinə müraciət daxil
olub. Nərmin xanım bir müddət orada qaldıqdan sonra vəfat edib,
nəşi vətənə gətirilib. Və Səhiyyə Nazirliyinin cavabı da bundan
sonra ailənin ünvanına gəlib. Burada yardımdan söhbət getmir axı.
Nərmin xanım əməliyyat olunmuşdu artıq. Onların müraciəti xanımın
təcili əməliyyatı ilə bağlı deyildi. Xaricdə əməliyyat olunan
şəxsin ölümü haqqında məlumat Səhiyyə Nazirliyinə gəlmir. Əgər
xanım bizim xəstəxanaların birində vəfat etsəydi, bununla bağlı
nazirliyə məlumat gələrdi. Gün ərzində yüzlərlə insan ölür və bu
haqda məlumat da dərhal daxil olmur. Xaricdə baş verən ölüm faktı
ilə bağlı məlumat isə ümumiyyətlə nazirliyə daxil olmur. Bu
baxımdan nazirlik necə bilə-bilərdi ki, müraciət edən xanım vəfat
edib".
A.Qədirli bildirdi ki, ailə nazirliyə müraciət etdiyi günün
səhəri də vəfat edə bilərdi: "Kimsə nazirliyə müraciət edir və
sabahı gün müraciət ünvanlayan şəxs dünyasını dəyişir. Nazirlikdən
həmin şəxsə bir həftə ərzində cavab məktubu gəlir. Bu Səhiyyə
Nazirliyinin günahı kimi başa düşülməməlidir. Nazirliyə ölən şəxsin
vəfatı ilə bağlı məlumat daxil olmayıbsa, onun müraciətinə mütləq
cavab verilir".
Nazirlik sözçüsü qeyd edir ki, vəziyyəti kritik olan xəstələrin
əməliyyatı, müalicəsinə köməklik məqsədilə müraciətlərə operativ
şəkildə reaksiya verilir: "Əgər yerli xəstəxanaların birində
müalicə görən şəxs təcili əməliyyat olunmalıdırsa, xəstəxana onu
dərhal əməliyyat edir. Bunun üçün əlavə yerə müraciət etməyə
ehtiyac yoxdur. Çünki xəstəxana özü bunu həyata keçirir".
Qeyd edək ki, Nərmin Hüseynlinin dünyasını dəyişməsindən 21 gün
sonra Səhiyyə Nazirliyi ailəyə qızlarının müalicəsi üçün yardım
edəcəyi ilə bağlı məktub göndərib. Xərçəng xəstəliyindən əziyyət
çəkən N.Hüseynli martın 10-da dünyasını dəyişib. Məktub isə Səhiyyə
Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri G.Poladov
tərəfindən 21 gün sonra – martın 31-də imzalanıb.
Prezident Administrasiyasıdan göndərilən həmin müraciətin
Səhiyyə Nazirliyinə daxil olma tarixi isə bəlli deyil.