ANS telekanalının əməkdaşı Afət Telmanqızı noyabrın
27-də "Media forum" saytına açıqlama verib.
"Axar.az" xəbər verir ki, jurnalist gəlinlərinin ölümü ilə bağlı
Sumqayıtdakı 1 saylı doğum evinin həkimlərinin Yasamal Rayon
Prokurorluğunda ifadə verdiyini deyib:
"Əməliyyatı aparan həkim Sevda Xanbutayeva ifadəsində bildirib ki,
əməliyyat yaxşı keçib, sonra nə olduğunu bilmir. Digər həkimin də
ifadəsi alınıb.
Əsas öz səhvlərini deməyiblər ki, əməliyyat zamanı qanitirmə
olub, bu da valideynlərdən və yaxınlardan gizlədilib. Xəstənin
bədənində cift qalığı qalıb, bu da bədəndə zəhərlənməyə səbəb
olub.
Doğum evinin baş həkimi İmmi Ələkbərzadəni də prokurorluğa dəvət
edəcəklər. İşi aparan müstəntiq İsmayıl Abıyev bildirir ki, yaxın
bir neçə gün ərzində dindirilmə başa çatandan sonra bütün
məlumatları toplayıb ekspertizaya göndərəcəklər. Səhiyyə
Nazirliyinin doğuşa yardım komissiyası apardığı araşdırmanın
nəticəsini gələn həftə açıqlayacaq".
Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynova
oktyabrın 4-də Sumqayıtdakı 1 saylı doğum evində qeysər
əməliyyatından keçirib. Əməliyyatdan sonra xəstənin vəziyyəti
ağırlaşıb. Xəstə Bakıdakı Mirqasımov adına Respublika Xəstəxanasına
gətirilib. Müayinə zamanı bəlli olub ki, əməliyyat zamanı xəstə
çoxlu qan itirib. Onun bədənində cift qalığı qalıb və bu da bədəndə
zəhərlənmənin yaranmasına səbəb olub. Pərvinə Hüseynova orada vəfat
edib.
"Media forum"a danışan Afət Telmanqızı qeyd edib ki, hər bir
əməliyyat öncədən planlaşdırılmış şəkildə olmalıdır: "Bir həftə
ərzində müəyyən müayinələr, yoxlamalar aparılır. Gəlinimiz Pərvinə
Hüseynova da, ailə olaraq biz də bu əməliyyatı nəzərimizdə
tutmamışdıq. Həkimlər çağırıb ki, müayinə olunsun. Müayinə vaxtı
gəlinin anasını inandırıblar ki, biz bunu mütləq əməliyyata
götürməliyik. Həkimlərə güvənib razılıq verib. Səbəb kimi də
arterial təzyiqinin 130 olmasını göstəriblər. Hamilə qadın üçün 130
təzyiq normaldır.
Zəng vurub anam da deyiblər ki, gəlininiz mütləq əməliyyat
olunmalıdır. Ancaq anam narazılığın bildirib ki, əgər heç bir fəsad
yoxdursa, niyə əməliyyat olunmalıdır? Həkim bildirib ki, istəsəniz
də, istəməsəniz də biz əməliyyatı edəcəyik. Anam, qardaşım
xəstəxanaya gedənə qədər artıq əməliyyat gedirmiş.
Əməliyyata tibbi göstəriş olmalıdır. Parlamentdə qəbul olunan
yeni qanuna əsasən, tibbi göstərişsiz əməliyyat olunmur. Tibbi
göstəriş o halda ola bilər ki, təbii doğuşdan sonra ananın
səhhətində hansısa problemlər yarana bilər. Nəyə görə əməliyyat
olunmalıdır, səbəb nədir? Bu səbəbi deyən yoxdur".