"Avqustun 8-də Neftçala Rayon Mərkəzi Xəstəxanasının
doğum şöbəsində qardaşımın yeni doğulan körpəsi həkimlərin
səhlənkarlığı ucbatından müəmmalı şəkildə ölüb".
Bu sözləri Axar.az-ın elektron ünvanına şikayət məktubu ilə
müraciət edən İsmayıl Cəfərov adlı vətəndaş yazıb.
Şikayətçinin sözlərinə görə, sağlam və normal şəkildə dünyaya
gələn qardaşı oğlu doğulduqdan 40 dəqiqə sonra ölüb:
"Növbədə olan İlhamə adlı həkim iş yerində olmadığı üçün onu
şöbə müdiri əvəz etdi. Körpə öləndən 40 dəqiqə sonra növbədə olan
həkim gəlib çıxa bildi. Xəstəxanaya gəlməzdən
əvvəl Doğum Şöbəsinin müdiri Sveta Cəfərova ilə telefon əlaqəsi
saxlayıb onun şöbəyə gəlməsini tələb etmişdim. Xəstəxanada doğuşa
hazırlığın necə aparılmasını şöbə müdirindən soruşduqda o məni əmin
etdi ki, hər şey yaxşı olacaq. Hətta uşaq həkimlərinin hər şeyi
nəzarətə götürdüyünü deyən Sveta Cəfərovaya razılığımı bildirib,
özümüzlə gətirdiyimiz son tibbi müayinə kağızlarını həkimə təqdim
edib, xəstəxananın həyətində gözləməli olduq".
Şikayətçi qeyd edir ki, hamilə xanıma vurulması nəzərdə tutulan
iynələri də həkimlər vurmaq istəmirdi:
"Mütəmadi olaraq anam xəstəmizlə əlaqə saxlayırdı. Doğuş öncəsi
xəstəyə vurulacaq iynələri həkimlər anam pəncərədən baxandan sonra
vururdular. Anamın pəncərədən baxdığını görməsəydilər, heç onu da
vurmayacaqdılar. Normal doğuş həyata keçdi. Uşaq dünyaya gələndə
ağlamaq səsini də eşidib sevindik. Elə həmin dəqiqə Şöbə müdiri
tibb bacılarına səsləndi, uşaq həkiminə zəng edib çağırmağı
tapşırdı".
Şikayətçinin sözlərinə görə, doğumdan 35-40 dəqiqə sonra həkim
palataya daxil olub körpənin öldüyünü bildirdi. Lakin ölüm səbəbi
ilə bağlı ailəyə bir kəlmə də söz deyilməyib:
"Anam nə baş verdiyini xəstəxanaya öyrənmək üçün doğum şöbəsinə
daxil oldu. Sonra ağlaya-ağlaya geri qayıdıb körpəmizi həkimlərin
öldürdüyünü dedi. Doğum şöbəsinin müdirini hadisənin hansı səbəbdən
baş verdiyini soruşmaq üçün giriş qapısına çağırdım. Şöbə müdiri
Sveta Cəfərova ailəmizin qarşısına çıxmaqdan boyun qaçırdı.
Yeni doğulan körpəsini itirən ailə ölüm faktı ilə əlaqədar
Neftçala rayon Prokurorluğuna ərizə ilə müraciət edib:
"Hadisənin hüquqi çərçivədə araşdırılmasını istəyirik. Neftçala
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov prokurorluğa
gələrək mənə dedi ki, şikayət etməyim. Sağlam dünyaya gələn
qardaşım övladının "cəlladlar" tərəfindən öldürülməsini ailəmiz
həzm edə bilmir. Ailəmizin arzusunu ürəyində qoyanları cənab
Səhiyyə naziri Oqtay Şirəliyevin tezliklə cəzalandıracağına ümid
edirik. Çünki bizimlə bərabər onlarla neftçalalı ailə bu bədbəxt
hadisənin qurbanı olub. Rayon xəstəxanasının baş həkimi bir çox
rayon sakininə haqqımızı maddi yollarla boğacağını bildirib".
Ailə günahkarların cəzalandırılması üçün hüquq mühafizə
orqanlarına və aidiyyəti üzrə qurumlara müraciətlər edib.
Qeyd edək ki, hadisənin səbəbləri Doğuşa Yardım Komissiyası və
Tibbi Ekspertiza tərəfindən araşdırılır.