Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi,
Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümündə
təqsirli bilinən anestezioloq Firuz İbrahimovla bağlı Nəsimi Rayon
Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi
nümayəndəsi Səməd Vəkilov məlumat verib. Məhkəmə prosesindən
danışan vəkil S.Vəkilov qeyd edib ki, prosesdə öncə dövlət
ittihamçısı Elçin Nağıyevin prosesdən uzaqlaşdırılması ilə bağlı
vəsatət verilib:
"Hesab edirik ki, Elçin Nağıyevin bu prosesdən uzaqlaşdırılması
daha məqsədəuyğundur. Bu ədalət mühakiməsinin daha düzgün həyata
keçirilməsinə şərait yaradardı. Təbii ki, bununla bağlı bizim
əsaslarımız var. Elçin Nağıyev ittihamçı tərəf olmasına baxmayaraq,
ötən iclasda vəsatətimizin təmin olunmaması ilə bağlı hakimə
müraciət etmişdi. Bu formada biz onunla əməkdaşlıq etmək
istəmirdik. Ancaq hakim vəsatətimizi təmin etmədi və dövlət
ittihamçısının prosesdə iştirakı saxlanıldı.
Daha sonra cərrahiyyə əməliyyatının təşkilatçısı və əməliyyatda
assistent kimi iştirak edən Fərəcullah İdrisovun dindirilməsi
başladı. Bu məsələdə əsas təqsirkar şəxslərdən biri Fərəcullah
İdrisovdur. Ancaq buna baxmayaraq, onun adı bu proseslərdə
təqsirləndirilən şəxs kimi yox, şahid kimi keçir. O, sərbəst
ifadəsini verdi və ifadəsində cərrahiyyə əməliyyatı prosesində
tələb etdiyi pul ilə bağlı heç bir məsələyə toxunmadı. Prosesdə biz
bununla bağlı ona suallar verdik. Hazırda klinikaya anestezioloqla
birgə ödənilən pulun 150 manat olduğu üzə çıxıb. Ötən prosesdə isə
onkoloq Mahir Məmmədov əməliyyatda 300 manat alacağını bildirmişdi
və qeyd etmişdi ki, xəstəxana və digər xərclərlə birgə 700 manat
pul istəyib. Ancaq F.İdrisov zərərçəkən Anar Niftəliyevdən
klinikaya köçürüləcəyi adı ilə 1000 manat pul tələb edib. Burada
F.İdrisovun dələduzluq etdiyi və tamah məqsədi ilə daha aşağı
səviyyəli klinika seçdiyi faktı üzə çıxır. O, bizim dediyimiz və
şahid ifadələri ilə təsdiq olunmuş bütün bu kimi faktları inkar
edərək bildirdi ki, belə bir şey olmayıb. Ümumiyyətlə, İdrisovun
verdiyi ifadənin qeyri-səmimiliyi prosesdə iştirak edən hər kəsin
diqqətini cəlb etdi. Buna görə də hakim qərara gəldi ki, növbəti
prosesdə zərərçəkən Anar Niftəliyev özü də iştirak etsin və
Fərəcullah İdrisovla bağlı məsələlər düzgün həllini tapsın".
Qeyd edək ki, növbəti məhkəmə prosesi fevral ayının 17-də
keçiriləcək.
Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də
"Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı
zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də
Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb.
Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər
Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.
Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın
icraatındadır. Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri -
anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam
öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma)
maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və
assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və
dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün
materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə
və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət
işi açmaqdan imtina etdiyi üçün hazırda zərərçəkən tərəf Nəsimi
Rayon Prokurorluğuna şikayət verib.