Uşaqlarda 37,2 dərəcə hərarətin normal temperatur olduğu
deyilir.
Mütəxəssislərin qənaətinə görə, 38,5 dərəcənin üstündə olan
temperatur isə artıq həyəcan siqnalı deməkdir. Bir aylıq körpə 37,5
dərəcənin üstündə qızdırma keçirərsə, həkimə müraciət etmək
lazımdır.
Qızdırmalı uşaqlarda 48 saat ərzində temperaturu aşağı salan
preparatlardan istifadə etmək olar. Əgər temperatur aşağı düşməsə,
mütləq həkimə getmək lazımdır.
39-40 dərəcə arası qızdırma isə körpənin huşunu itirməsinə və
müalicənin çətinləşməsinə gətirib çıxara bilər.
Mövzu ilə bağlı Sağlam Ailə Mərkəzinin pediatrı Gülşən
Həsənovanın fikirlərini öyrəndik. Xanım pediatr Axar.az-a
açıqlamasında qızdırma zamanı görülməsi vacib olan tədbirlərdən
danışdı:
"Qızdırma zamanı anaların atmalı olduğu ilk addım – fiziki
soyutma metodunu yerinə yetirməkdir. Soyuq suda isladılmış bezi
uşağın bədəninə çəkmək, imalə etmək və ya soyuq vanna qəbul
etdirmək lazımdır.
Ümumiyyətlə, bir şeyi qeyd edim ki, valideynlərin çoxu
qızdırmanın iki növünün olduğunu bilmir. Birinci növ qızdırmaya ağ
qızdırma, ikincisinə isə qırmızı qızdırma deyilir.
Qırmızı qızdırma 39-40 dərəcəyə qədər yüksəlsə də, burada
təhlükəli bir şey yoxdur. Çünki qırmızı qızdırma zamanı yüksək
temperatur tər yolu ilə buxarlanaraq bədəndən çıxır. Ağ qızdırmada
isə məsələ bir az mürəkkəb olur. Bu qızdırma növündə əllər, ayaqlar
buz kimi soyuq olsa da, körpənin baş nahiyəsində yüksək temperatur
olur. Belə olduğu halda təcili yardım çağırmaq mütləqdir.
Bir şeyi də qeyd edim ki, qızdırması olan uşaqları anaların
qalın və isti geyindirməsi qətiyyən doğru deyil. Bəzən analar uşaq
olan otaqda pəncərələri, qapıları bağlayır, körpəni qalın
geyindirir və bununla ona kömək etdiyini düşünür, amma əksinədir.
Valideynlər həmin anda uşağın bədən geyimini yüngül etməli, ona
çoxlu maye içirməli, otağın temperaturunu və nəmliyini normal
saxlamalıdır. Otağın havasını qurutmaq və 28 dərəcədən yüksək etmək
birmənalı şəkildə yanlışdır. Çünki bu, daxili temperaturu
qaldırır".