Dərman vasitələrinin əsas
hissəsinin qiymətlərinin tənzimlənməsi 2015-ci ilin sonuna kimi
başa çatdırılacaq.
Axar.az xəbər evrir ki, bu sözləri Tarif (qiymət) Şurasının
katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsi mexanizmi barədə danışarkəm deyib.
Onun sözlərinə görə, prosesin davamı olaraq Tarif (qiymət)
Şurasının bir neçə iclası keçirilib. Hazırda qiymətləri təsdiq
edilən dərman vasitələrinin sayı 3 mini ötüb:
"Rəqabət mühitinin pozulmaması və qiymətlərin dərman
vasitələrinin üzərində yerləşdirilməsi vaxt tələb etdiyindən
qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1
dekabr tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr
tarixindən qüvvəyə minəcək. İlin sonunda proses başa çatacaq".
İ.Məcidov qeyd edib ki, dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsi ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin,
Səhiyyə Nazirliyinin və Tarif Şurasının əməkdaşları son iki ildə
bir sıra Avropa ölkələrində və Türkiyədə olub:
"Həmin ölkələrin təcrübəsi öyrənilib, müvafiq təhlillər
aparılıb. Qanunvericilikdə qiymətlərin tənzimlənməsi məqsədilə ən
azı 5 istinad ölkəsinin müəyyən edilməsi nəzərdə tutulub. Tarif
Şurası da bu məqsədlə Avropa İttifaqına üzv olan 9 ölkə və
Türkiyədən ibarət 10 istinad ölkəsi müəyyən edib".
Onun sözlərinə görə, qiyməti tənzimlənmiş 3010 dərman
vasitəsindən 50 faizinin qiyməti 2 dəfədən çox, 26 faiz dərman
vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, bütövlükdə isə,
həmin dərman vasitələrinin 96%-i üzrə qiymətlər endirilib.
İ.Məcidov qiymətləri təsdiq edilən bəzi dərmanların satışda
olmamasına da aydınlıq gətirib. Bildirib ki, beynəlxalq təcrübədə
də dövlət qeydiyyatından keçmiş dərman vasitələri adətən aktiv və
passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır:
"Faktiki satışda olan dərman vasitələri aktiv, satışda
olmayanlar isə passiv dərman vasitələri adlanır. Dərman vasitəsi
qeydiyyatda olduğu müddət ərzində idxal, paylanma, marketinq
siyasəti və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah
aktiv, gah da passiv vəziyyətdə olur. Ona görə də, Tarif Şurası
tərəfindən təsdiq edilən qiymət cədvəlində dərman vasitələri
ticarət adlarına görə deyil, tərkiblərinə (yəni, təsiredici
maddələrə) əsasən sıralanıb".