ANS telekanalının Xəbərlər departamentinin redaktoru,
tanınmış jurnalist Afət Telmanqızının ailəsində baş vermiş faciə
hər kəsə təsir etdi. Belə ki, A.Telmanqızının qardaşı Anar
Cəfərovun həyat yoldaşı 26 yaşlı Pərvinə Hüseynova Sumqayıtda 1
saylı Doğum Evində doğuş həyata keçirməsindən 21 gün sonra
dünyasını dəyişib. İlkin versiyalara görə, ölümə səbəb məhz doğuş
zamanı həkimlərin ehtiyatsızlığı olub.
"Oktyabrın 22-si ad günü idi. Xəstəxanada koma vəziyyətində
qarşıladı. Toylarını da mənim doğum günümdə, noyabrın 7-də
etmişdilər. Hələ heç bir illəri tamam olmamışdı. Bəxtəvər başıma,
düşünürdük ki, həm evlilik il dönümlərini, həm mənim doğum günümü
birgə qeyd edərik"
Oktyabrın 4-də həyata keçirlimiş doğuşdan sonra dünən axşam
P.Hüseynova M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında
dünyasını dəyişib.
Oktyabrın 26-da Sumqayıt şəhəri 10-cu mikrorayonda
P.Hüseynovanın ailəsi yas mərasimi təşkil etmişdi. Həm həmkar kimi
başsağlığına, həm də bu durumu işıqlandırmaq üçün mərasimə
getdik.
Gözyaşları içərisində bizi qarşılayan Afət Telmanqızı bir müddət
özünə gəldikdən sonra yana-yana baş verən hadisələri şərh etdi:
"Pərvinə elə belə qız deyildi. O, mənə bacılıq edirdi. Qardaşım
gec, 35 yaşında ailə həyatı qurdu. Heç kəsə könlü yatmırdı. Onları
mən tanış etmişdim. Yeganə qız idi ki, qardaşım bəyənmişdi və
evlənmişdi. Onun yerini heç kəs verməz, Pərvinə əvəzolunmazdır. O
qədər, İlahi o qədər yaxşı gəlin idi ki...." (hıçqırıqlarını
saxlaya bilməyərək, nitqini yarımçıq saxlayır).
Afət xanım çətinliklə də olsa sözünə davam edir: "Oktyabrın
22-si öz ad günü idi. Təəssüf, xəstəxanada koma vəziyyətində
qarşıladı. Toylarını da mənim doğum günümdə, noyabrın 7-də
etmişdilər. Hələ heç bir illəri tamam olmamışdı. Bəxtəvər başıma,
düşünürdük ki, həm evlilik il dönümlərini, həm mənim doğum günümü
birgə qeyd edərik. Həm də özü istəyirdi ki, uşağa məhz o gün ad
qoyulsun. Özü də deyirdi ki, bibisi, nə ad istəyirsən, sən qoy...
Can Pərvinə, bizə dağ çəkdin..."
Göz yaşlarını sildikdən sonra yenidən o günləri yada saldı:
"Düzü, axır aylarda yaman qorxurdu. Nəsə narahatlıq, həyəcan
duyurdu. Deyirdi, bir şey olsa mənə olsun, balama yox. Elə bil nəsə
duyurdu. Can bacı, körpəsini cəmi 2 gün qucağına ala bildi. Amma
deyim ki, normal səhhətli birisi idi. Hamiləliyin son aylarınadək
işə gedib-gəlirdi. O, Sumqayıtda kollecdə kadrlar şöbəsinin müdiri
idi. Qardaşım da, mən də deyirdik ki, yolun uzaqdır, hamiləsən
getmə. Amma deyirdi ki, özümü yaxşı hiss edirəm. Bütün hamiləlik
dönəmində də daim yoxlamalardan keçib".
Həkimlər Pərvinənin təzyiqi olduğu üçün qeysəriyyə əməliyyatı
təklif ediblər: "Doğuşdan 5 gün öncə bura anasıgilə gəlmişdi, onlar
dedi ki, burda yaxşı həkim var, doğuş burda olsun. Hansı ana istər
ki, övladının başına bəla gəlsin. Amma doğuş kaş Bakıda
olaydı...
Doğuş oktyabrın 4-də Sumqayıtda 1 saylı Doğum Evində həyata
keçirildi. Pərvinə 2 gün yüksək təzyiqlə olsa belə özünü nisbətən
normal hiss edirdi. Daha sonra durumu get-gedə kəskinləşdi. Bizə
dedilər ki, təzyiqi ilə bağlıdır. Ağlımıza gəlməzdi ki, bu dərəcədə
ciddi vəziyyət var. Durumun getdikcə qəlizləşdiyini gördükdə
həkimlər dedilər ki, " biz bilmirik, bizlik bir şey yoxdur".
Helikopterlə "Respublikanski" xəstəxanasına gətirdik. 15 gün də
burada qaldı. Ən yaxşı həkimlər baxdı ona. Bir ara düzəlmişdi, bizə
dedilər ki, təzyiq filan bir yana, əsas böyrəyi işləsə sağalacaq.
Aman Allah, necə sevinmişdik. Amma sonradan məlum oldu ki,
əməliyyat zamanı çoxlu qan itiribmiş. Bunu isə bizə heç deməyiblər
də".
Söhbətimizin bu məqamında A.Telmanqıznın telefonuna zəng gəldi.
Hadisəni qısaca şərh edərək, təşəkkürlərini bildirib telefonu
qapatdı. Zəng vuranın professor Adil Qeybulla olduğunu söylədi. Hər
kəsin başsağlığı verdiyini, bu səhər ANS-in əməkdaşlarının da
mərasimə gəldiklərini söylədi. Yenidən dialoqumuza qaldığı yerdən
davam etdi:
"Respublika Klinik Xəstəxanasında olarkən dedilər ki, ciftin bir
hissəsi qalıb deyə, qanına zəhərlənmə keçib, gərək əməliyyat edib,
qalıqları təmizləyək. Birinci əməliyyatdan sonra ikinciyə də
ehtiyac duyuldu. Həmin əməliyyatdan sonra isə özünə gəlmədi, komaya
düşdü. Onun əsas ölüm səbəbləri o olub ki, ilk növbədə çoxlu qan
itirib, sonra isə cift qalığından qanına zəhərlənmə keçib. Bu isə
kəskin böyrək çatışmazlığı yaradıb. Beləcə gəlinimiz dünyasını
dəyişdi. Heç nədən! Həkim səhlənkarlığından! Son olaraq ona
Nevroloji Mərkəzin həkimi Ələsgər Həsrətov baxdı. Beyninə qan
sızdığı üçün öldüyün söylədi. Allah bilir, bəlkə də aparata bağlı
qaldığı 8 gündə dünyasını dyişibmiş elə... Aparata bağlı qalmasının
mənası olmadığını söylədilər və axşam aparatdan ayırdılar..."
"Mən bu işi belə qoymayacağam" - deyən, A.Telmanqızı bu məsələ
ilə bağlı aidiyyatı orqanlara müraciət edəcəyini bildirdi.
"Hərçənd ki, nəsə olacağına ümidim yoxdur. Lakin yenə də bütün
hüquqi instansiyalara müraciət edəcəyəm. Bunun məsuliyyətini
daşıyanlar cəzasını çəksinlər. Canım ağrıyır... Bu gün qızım Cəmilə
Pərvinənin ona aldığı qolbağı göstərib deyir ki, "ana, bax, bunları
mənə Pəriş bacı alıb, amma gedirəm onu görmürəm"... Deyirəm anan
sənə qurban, onu mənə göstərmə. İnanın, dayana bilmirəm, evə gedə
də bilmirəm. Sanki ev üstümə-üstümə gəlir. Hər yerdə qırmızı
lentlər var. Heç bir il deyil ki, evlənmişdilər. Dağıtdılar
qardaşımın həyatını, dağıtdılar! O qızın yerini heç kəs verməyəcək.
Çox gözəl insan idi, otruşunu-duruşunu bilən, intelektli,
canıyanıcıl, təmkinli... İndi istəyirəm ki, qızı götürüb özüm
saxlayam. Yoldaşım Ülfət də deyir ki, öz qızım kimi böyüdərəm.
Bircə odur mənə təskinlik verən. Bilmirəm, bilmirəm qardaşım buna
razı olacaqmı...."
Uşağa hazırda gəlinin xalası qızı baxdığını deyən A.Telmanqızı
P.Hüseynova ilə yaşadıqları hər günü qəhərlə yada salırdı:
"Bir dəfə baldızımın toyu üçün Tovuza gedirdik. O da getmək
istədi. Anam əvvəlcə hamilə olduğu üçün razılaşmaq istəməsə də
yoldaşı dedi hazırlaş, gedirik. Üç gün Tovuzda qaldıq. Ay aman,
necə xoşbəxt idi. Gözləri gülürdü. Bilirsiniz, o bizim ailədə cəmi
1 il idi vardı. Amma o bir ildə nə qədər xatirəsi yaddaşımıza
hopub. Elə insan var, 50 il ömür sürür, ondan arxaya bir xatirə
qalmır. Amma Pərvinənin hər addımı qəlbimdədir. Heç bilmirəm necə
özümü ələ alım...."
Bir daha təskinlik verib, P.Hüseynova və A.Telmanqızının
analarına başsağlığı verərək, işimizə davam etdik.
Doğum evinin ünvanını öyrənərək yas mərasimindən birbaş oraya
yollandıq.
Sovet dönəmindən qalma, girişindəncə nimdaşlıq yağan doğum evinə
girdik. Təlaşla qarşılanaraq, növbətçi həkimin yanına
göndərildik.
Soyuq, antisanitar şəraitli koridorlardan keçərək 2-ci mərtəbəyə
çıxdıq. Adı Mətanət olan növbətçi həkim hər vəchlə sullarımızdan
yayındı. Heç bir səlahiyyət sahibi olmadığını deyən həkim, doğuşu
qəbul edən Sevda həkimin də soyadını söyləmədi. İsrarlarımıza
baxmayaraq nə baş həkim İmmi Ələkbərzadənin, nə də köməkçisi Təranə
Qarayevanın mobil əlaqə nömrələrini öyrənə bilmədik. Məcburən oranı
tərk etmək üçün yenidən birinci mərtəbəyə endik. Yeni bir
informasiya əldə etmək üçün yavaş-yavaş birinci mərtəbənin
abu-havasını duymağa çalıdşıq. Bu əsnada Mətanət həkimin yuxarıdan
bir tibb bacısını göndərərək bütün işçiləri, qapıçıları yanına
çağırtdığının şahidi olduq. Yalnız doğum evinin nömrəsini öyrənərək
oranı tərk etdik.
Çalışdığımız qədərilə bu məsələni nəzərdə saxlayacağıq.
Aidiyyatı kəslərlə əlaqə yaratdıqdan sonra daha təfsilatlı
informasiyaları sizlərə təqdim edəcəyik.
Çox təəssüf ki, son bir ayada ikinci belə durumu qələmə almaq
məcburiyyətində qalırıq.
Keçən dəfə Hüseyn adlı körpə öz anasını itirdi, indi isə adı
belə qoyulmamış qızcığaz ana qayğısından bir ömürlük məhrum
oldu.
Allahdan mərhuma rəhmət, yaxınlarına isə səbr diləyirik.
("Musavat.com")