Afət Telmanqızı prezidentə müraciətindən
danışdı
ANS-in Xəbərlər Departamentinin məsul redaktoru Afət
Telmanqızının ailəsində baş vermiş faciə bir çoxlarının diqqət
mərkəzindədir. İlkin versiyalara görə, həkim savadsızlığından
A.Telmanqızının qardaşı yoldaşı 26 yaşlı Pərvinə Hüseynova
dünyasını dəyişib. Bu durumdan mütəəssir olan jurnalist xanım məsul
həkimlərin cəzalandırılması ilə bağlı ölkə prezidenti İlham
Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, baş
prokuror Zakir Qaralova və millət vəkili Çingiz Qənizadəyə müraciət
edib.
Müraciətlərdən sonra bir yeniliyin olub-olmamasını müəyyən etmək
üçün özü ilə əlaqə saxladıq. Son durumu şərh edən A.Telmanqızı
bunları dedi: "Müraciətlərim oktyabrın 29-da olub. Yazılı şəkildə
ünvanladığım müraciətlərin ümid edirəm ki, nəticəsi olacaqdır.
Dünən bu məsələyə Milli Məclisdə də toxunulub. Millət vəkili İqbal
Ağazadə öz münasibətini bildirərək, spikeri də bu məsələdə maraqlı
olmağa dəvət edib. Noyabr ayının 1-i Mehriban xanımın qəbuluna
yazılacam. Bu durumla bağlı onunla görüşəcəm. Son xəbərlərdən biri
də odur ki, vəziyyətlə bağlı Səhiyyə Nazirliyi də jurnalistlərə
açıqlama yayıb. Amma həmin açıqlamada tutarlı əsaslara söykənən bir
informasiya yox idi. Bu ölüm hadisəsi mütləq formada araşdırılmalı,
təqsirli kəslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu kimi
hadisələr tək bizim başımıza gəlməyib. Belə hadisələr çoxdur.
Sadəcə, mən özüm mətbuatda olduğum üçün səsimizi yuxarı
inistansiyalara çatdırma imkanım var. Bir insan digərinin ölümünə
səbəb olub, sonra da rahat şəkildə ortalıqda gəzə bilməz. Bunu
edənlər mütləq cəzalandırılmalıdır. Bəlkə ondan sonra mənə bir
təsəlli olar. Bu arada həmkarımız Sülhiyyə Şirinovanın da ailəsində
baş vermiş faciəni duydum. Burdan ona da başsağlığı verirəm. Bu hal
sözün bitdiyi andır. Heç nə deyə bilmirəm, körpəsi qucağındaca
dünyasını dəyişib. Dəhşətdir! Bu dəqiqə həkimlərin çoxu qəssab
rolunu oynayır. İnsanların taleyi ilə bu cür davranmaq olmaz. Mən
də hazırda müraciətlərimi etmişəm və işlə bağlı düzgün istiqamətdə
araşdırma aparılacağını gözləyirəm".
Qeyd edək ki, "Space" televiziyasının keçmiş müxbiri, hazırda
"Unibank"ın PR işləri ilə məşğul olan Sulhiyyə Şirinovanın
ailəsində baş verib. S. Şirinovanın 28 yaşlı bibisi qızı Təranə
Namazova dünyasını dəyişib.
Jurnalistin facebook profilində yazdığı statusdan məlum olub ki,
7 aylıq hamilə olmuş bibisi qızı xəstəxanada beyin ölümü keçirib.
Onun həm də yaş yarımlıq körpəsi var imiş: "Belə ölməzlər e,
ölməzlər... Bir üzü qız, bir üzü gəlin ölməzlər... Toy lentin hələ
qapınızdan açılmayıb... Cehizinin yarısı hələ ata evindən ər evinə
gəlməyib... Yaş yarımlıq körpəni bu dünyada anasız qoyub, 7 aylıq
körpəni bətnində aparmaz adam. Hər iki dünyada yetim qoymaz adam.
Deyirlər nəfəsin çıxmazdan öncə ölmüş körpəni bətnindən
ayırıblar... O dünyaya qucağında apardın balaca balanı, elə məzara
da eləcə qoyublar sizi- körpə mələyinlə birgə..."
S.Şirinova bizimlə söhbətində bu faciənin baş verməsində
həkimləri günahlandırmadığını bildirdi: "Düzü, həkimlərdən narazı
deyilik. Çünki özü elə halda idi ki, onu qorumaq qeyri-mümkün idi.
Başında meningit vardı. Bu günədək biz bilmirdik. Ümumən heç kəs
bilmirdi. Bircə o məlumdur ki, uşaqlıq vaxtı yıxılaraq başından
travma almışdı. Hamı kimi arada başı ağrısa da, kəskin olmurdu,
keçib gedirdi. Lakin hamiləlik dönəmində ağırlaşıb. Onu xəstəxanaya
ağır vəziyyətdə çatdırdıq. Başını aparata salanda gördülər ki,
bütün beyni iltihab içərisindədir. Başqa xəstəxanalardan da
həkimlər cəlb olundu, əllərindən gələni etdilər, lakin yaşatmaq
mümkün olmadı. 10 gün süni tənəffüs aparatına qoşulu qaldı, sonra
dünyasını dəyişdi. Sadəcə, adamı ən çox o incidirdi ki, körpəsini
yanında dəfn etdik".
Allah hər iki mərhuma rəhmət eləsin!