Azərbaycanda həkim sol
ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını
kəsib.
Bu barədə ANS-ə xəstənin yaxınları məlumat veriblər.
Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli
diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu
barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji
və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.
Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları
gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol
ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.
"Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin
əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün
qohum-əqrəba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa
bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları
xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar".
Məsələ ilə bağlı mərkəzdən əvvəlcə bu adda həkimin onlarda
çalışmadığı bildirilib. "Bizim xəstəxananın həyətində başqa bir
xəstəxana var. Ola bilər ki, xəstə həmin tibb müəssisəsində
əməliyyat edilib", - mərkəzin baş həkiminin katibəsi bildirib.