Yuxarı

Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının ərazisində Türkiyə ilə birgə hərbi baza yaradılması məsələsi təkcə hərbi-strateji deyil, həm də ciddi hüquqi, konstitusion və beynəlxalq hüquqi çərçivədə təhlil edilməli olan məsələdir. İkitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bir dövrdə belə bir baza ideyasının gündəmə gəlməsi mümkündür. Lakin bu addımın reallaşdırılması üçün bir sıra hüquqi əsasların yaradılması zəruridir.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Əlövsət Allahverdiyev Türkiyə ilə Azərbaycanda birgə hərbi baza yaradılması imkanlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası ölkə ərazisində xarici dövlətin hərbi bazasının yaradılmasını nə qadağan edir, nə də açıq şəkildə icazə verir:

“Lakin müəyyən prinsiplər, xüsusilə dövlətin suverenliyi və müdafiə hüququ ilə bağlı müddəalar bu məsələnin hüquqi çərçivəsini müəyyən edir. Konstitusiyanın 9-cu maddəsinə əsasən, Azərbaycanın müdafiəsi yalnız onun Silahlı Qüvvələri vasitəsilə təmin olunmalıdır. Belə olan halda, xarici dövlətin daimi hərbi bazasının Azərbaycan ərazisində yerləşməsi bu prinsipə zidd şərh oluna bilər. Hərçənd ki, bu müddəa tam qadağa demək deyil, lakin geniş təfsir olunduqda xarici hərbi qüvvənin daimi mövcudluğu üçün konstitusion dəyişikliklərin zəruriliyi meydana çıxa bilər”.

Əlövsət Allahverdiyevin fikrincə, “Müdafiə haqqında” və “Silahlı Qüvvələr haqqında” qanunlar xarici dövlətlərlə əməkdaşlığa, o cümlədən birgə təlimlərə və müvəqqəti hərbi kontingentlərin yerləşməsinə imkan verir. Lakin bu qanunvericilik əsasları da daimi xarici hərbi bazanın yaradılması üçün kifayət qədər əhatəli hüquqi çərçivə təqdim etmir:

“Belə bir qərarın reallaşdırılması üçün ən azı iki əsas mərhələ tələb olunur: birincisi, Azərbaycan Milli Məclisi tərəfindən Türkiyə ilə ikitərəfli hərbi sazişin ratifikasiyası; ikincisi, əgər bu baza konseptual olaraq daimi xarakter daşıyacaqsa, Azərbaycan Konstitusiyasının müvafiq müddəalarında dəyişiklik edilməsi.

Beynəlxalq təcrübəyə nəzər saldıqda, Türkiyənin digər ölkələrdə – o cümlədən Qətər, Somali və Şimali Kiprdə hərbi bazalarının mövcudluğu ikitərəfli beynəlxalq sazişlər əsasında həyata keçirilmişdir. Bu sazişlərdə əsasən həmin ölkənin suverenliyi tanınmaqla, müəyyən müddətə və ya konkret funksiyalar üzrə baza yaradılmasına razılıq verilir. Eyni model Azərbaycan üçün də nəzərdən keçirilə bilər. Belə bir razılaşma Azərbaycanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etmədiyi halda hüquqi cəhətdən həyata keçə bilər.

Geosiyasi baxımdan Azərbaycanın balanslı xarici siyasəti, xüsusilə qonşu dövlətlərlə – Rusiya və İranla münasibətləri də nəzərə alınmalıdır. Bu dövlətlər bölgədə hər hansı yeni xarici hərbi iştirakın, xüsusilə Türkiyə kimi NATO üzvü bir ölkənin hərbi bazasının yaradılmasını strateji təhdid kimi qiymətləndirə bilərlər. Azərbaycanın bu məsələni reallaşdırmaq istəyi müttəfiqlə təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsi kimi şərh edilsə də, regionda güc balansının dəyişməsi fonunda əlavə siyasi gərginlik riski daşıyır”.

Hüquqşünasın fikrincə, tammiqyaslı və daimi hərbi baza modelindən fərqli olaraq, birgə hərbi təlim mərkəzi, hərbi-logistika qərargahı, regional hərbi əməkdaşlıq ofisi və ya müvəqqəti kontingent yerləşməsi formasında qurumlar həm siyasi, həm də hüquqi baxımdan daha rahat şəkildə həyata keçirilə bilər:

“Hərbi bazanın tam olaraq Türkiyə Silahlı Qüvvələrinin deyil, Azərbaycan və Türkiyənin ortaq nəzarətində birgə hərbi obyekt və ya ortaq qərargah statusunda yaradılması hüquqi baxımdan daha çevik prosesdir. Belə bir model Azərbaycan Konstitusiyası və qanunvericiliyi çərçivəsində müəyyən hüquqi mexanizmlərlə həyata keçirilə və konstitusion dəyişiklik tələb etməyə bilər”.

Tarix
2025.07.05 / 08:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla