Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) dəstəyi ilə
Rusiyanın Azərbaycan İcması Evində "Ermənilərin Qafqaza köçürülməsi
xronikası", "İlk xristian ölkəsinin izləri ilə" və "Yerevanda
azərbaycançılığın izləri ilə" adlı sənədli filmlərin təqdimatı
keçirilib.
Azərtac xəbər
verir ki, "Lider" televiziyası və "Azərbaycan radiosu"nun
Rusiyadakı nümayəndəliyinin rəhbəri, filologiya elmləri namizədi
Anar Həsənov tədbiri açaraq Qarabağ reallıqlarının dünya birliyinə
çatdırılmasında bu cür filmlərin əhəmiyyətini qeyd edib.
A.Həsənov deyib: "Hazırda informasiya məkanında sənədli tarixlə
başdan-başa saxtalaşdırılmış tarix qonşuluq edir. Elə məktəblər var
ki, onlar çox ciddi sənədlərə istinad edirlər. Lakin total
saxtalaşdırmaya əsaslanan milli tarix məktəblərinə də rast gəlinir.
Onların iş metodu çox sadədir: müəyyən fundamental mifologiyanın
təməli qoyulur, illər keçəndən sonra isə həmin mifologiyadan sənəd
kimi istifadə edilir. "Beyinlərin yuyulması" adlanan bu üsul izsiz
ötüşmür". A.Həsənov qeyd edib ki, Azərbaycan tarixçiləri və peşəkar
jurnalistlər bizim tarixin müdafiəsinə qalxıblar, çünki bu,
prinsipial məsələdir.
Filmlərin müəllifi, Bakı Slavyan Universitetinin jurnalistika
kafedrasının müdiri Şəlalə Həsənova təqdim olunan sənədli filmlər
silsiləsinin əsasını təşkil edən tarixi faktların icmalı ilə çıxış
edib. Bu faktlar arasında azərbaycanlıların müasir Ermənistan
ərazisində avtoxton millət olmasını təsdiqləyən mübahisəsiz
arxeoloji sübutların olduğunu vurğulayan Ş.Həsənova deyib:
"Filmlərdə ermənilərin əzəli vətənlərindən – Balkan
yarımadasından, Fessaliya və Frakiyadan Kiçik Asiyaya – Friqiyaya,
daha sonra Fərat çayı və Van gölü sahillərinə köçürülməsinin qədim
tarixi izlənilir. Antik müəlliflərə istinadlar əsasında sübut
edilir ki, Kiçik Asiya, o cümlədən müasir Türkiyənin ərazisi də
ermənilərin ulu vətəni olmayıb. İlk dəfə vahid kino süjeti şəklində
toplanmış faktlar əsasında müasir Ermənistan Respublikasının heç də
ilk xristian ölkəsi olmadığı sübut edilir, xristianlığın Ermənistan
tərəfindən dövlət səviyyəsində 301-ci ildə qəbul edilməsi barədə
mif ifşa olunur. Bunu erməni tarixşünaslığının banisi A.Qaraqaşyan,
amerikalı professor N.Qarsoyan və başqaları təsdiqləyir. Filmlər
onlarca elmi mənbə, xəritə, nadir sənədlər və eksklüziv
fotoşəkillər əsasında hazırlanıb. Təqdim edilən arqumentlərin
istisnasız olaraq erməni və Qərb müəlliflərindən sitatlarla şərh
olunması onların inandırıcılığını və mötəbərliyini təmin edir.
Tarixdə yalnız fakt avtoritet ola bilər. Bu filmlərdə elmi
mənbələrdən toplanmış faktlar, xəritələr, nadir sənədlər sübut edir
ki, faktın gücü Azərbaycanın tərəfindədir".
Tədbirdə çıxış edən tarixçi, politoloq Oleq Kuznetsov deyib ki,
filmlərin ideyaları bu mürəkkəb müharibədə Azərbaycan
Respublikasının mövqeyini əks etdirməlidir. Onun sözlərinə görə, bu
cür filmlər rusiyalılar qarşısında təqdim olunmalıdır, çünki
obıvatellərin əksəriyyəti Dağlıq Qarabağ torpaqlarında baş verən
hadisələrdən tam xəbərsizdir. Oleq Kuznetsov deyib:
"Hesab edirəm ki, bu publisistik filmlər insanlarda problemi
öyrənməyə maraq oyada bilər. Azərbaycan elmi erməni tarix irsinin
öyrənilməsində böyük uğurlar qazanıb. Bunun yekunlarından biri isə
təqdimatı keçirilən filmlərdir".
Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin birinci
vitse-prezidenti Qriqori Trofimçuk diqqəti kadrarxası səsə cəlb
edərək deyib:
"Filmin məzmununu hansı səslə çatdırmaq çox vacibdir. Bu
filmlərdə həmin səs çox uğurla seçilib. Filmləri maraqlı hesab
etmək olar və onlar gənclər arasında da böyük marağa səbəb olacaq.
Əsas məsələ lazımi auditoriyanı tapmaqdır".
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskaya
təqdimatın keçirilməsinə görə təşkilatçılara təşəkkür edib və bu
filmlərin uğur qazanacağına əmin olduğunu bildirib.
Xatırladaq ki, sənədli filmlər silsiləsi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.