Dünyəvi məktəblərinizi bağlayın, mollaxanalarınızı açın, kitabınızı tullayıb zəncirinizi əlinizə götürün, sonra da ah-nalə edin ki, niyə əsrdən geri qalmışıq.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa türkmanların vəziyyəti barədə danışarkən deyib. O bildirib ki, türkman məsələsində verilən məlumatlara özümüzü aldadaraq sevinirik:
“Guya türkmanlar azad edilib. Doğrudanmı tarix oxumursunuz, doğrudanmı gözləriniz kordur? İndiyədək Kərkükdəki türkman qardaşlarımızın ayaqda durmasında Türkiyənin təsiri böyük idi. Kürdlər bu bölgədə ABŞ-ın himayəsi ilə at oynatsalar da, onlara qarşı xüsusi aqressivlik edə bilmirdilər. Çox sayda iraqlı türkman Türkiyənin məktəblərində, universitetlərində təhsil alaraq oraya göndərilmişdilər. Türkiyənin türkmanlarla bağlı siyasətində zaman-zaman axsamalar olduğunu qəbul edirəm, ancaq heç vaxt onları yalnız buraxmaq siyasəti planlaşdırılmayıb. Sadəcə Türkiyə gücü çatanı etməyə çalışdı. Bununla belə türkmanların əsas düşməni əvvəlcə Səddam, ardınca indiki İraq yönətimidir. Sadəcə Səddam dövründə də, ondan sonra da İraq məclislərinin və hökumətlərinin tərkibinə diqqət yetirsəniz, türkmana necə dəyər verildiyini görərsiniz. PKK xaric, Bərzani kürdləri ilə az-çox yola gedirdilər, demoqrafik durumda kürdlərin xeyrinə ciddi dəyişikliklər olsa da, hər halda, kürdlər Türkiyənin qorxusundan türkmanlarla açıq münaqişəyə girmirdilər”.
Millət vəkili türkmanların əsas düşməninin kürdlər yox, başkəsən İŞİD-çilər olduğunu bildirib:
“Qərb ölkələrinin islam gilyotini kimi hazırladığı, bizdə də bəzi müsəlman kimliyi daşıyan şəxslərin simpatiya bəslədiyi başkəsən, İŞİD ortaya çıxaraq daxili qarşıdurmalar daha da şiddətlənsin deyə, qəsdən türkmanlara qarşı amansız davrandı. İndi isə İraq ordusu adı ilə İranın İŞİD-dən fərqlənməyən yobaz zehniyyətə sahib qruplaşmaları guya Kərkükü azad edərək türkmanlara verib. Bu qüvvələr İraq ordusu adı ilə bölgəyə daxil olublar. Türmanlar də canlarının dərdindən soyqırım etməsinlər deyə, özlərini sevinən göstərməyə başlayıblar. Əgər türk qüvvələri İraq ordusu adı ilə bölgəyə daxil olsaydı, sevinməyə tam əsasımız olardı. Bizim üçün türkmanın şiəsi, sünnisi, ateisti, teisti yoxdur, yalnız türk kimliyi var. Sabah türkman qiyafəsində türkə, Türkiyəyə, Azərbaycana qarşı fars, kürd, ərəb zehniyyətinin daşıyıcısı olan hansısa türkmandan mənə nə? Güney Azərbaycanda yaşayan türklərə də baxışım belədir. Dini, məzhəbi, sosial durumu önəmli deyil, təfəkkürcə moderndirsə, öz milli kimliyini qondarma dini kimliyindən uca tutursa, mənim müttəfiqimdir”.
F.Mustafa Azərbaycanın müstəqillik qazanmasında türk ordusunun əhəmiyyətini xüsusi vurğulayıb:
“Ay Mirzə Cəlilin, Sabirin qaranlıq düşüncəsini sökə bilmədiyi soydaşım, bu gün Azərbaycan ona görə müstəqil oldu, soyqırımdan qurtuldu ki, bizi xilas etməyə türk ordusu gəldi. Hətta qaniçən erməni-bolşeviklər gələndə belə Azərbaycan faktı qarşısında qaldılar. Hakimiyyətinə Mirzoyanları gətirsələr də, xalq və ərazi faktını silə bilmədilər. 18 oktyabrda bir daha tarixi fürsəti dəyərləndirib dövlət qurduq. İndi bəzi utanmazlar yazırlar ki, guya İraqda türkmanları azad edən ordu gəlib Qarabağa da Azərbaycan bayrağını sancacaqlar. Bu axmaqlar anlamırlar ki, neçə illərdir həmin ordu ermənilərə hərbi, siyasi, iqtisadi dəstək verdiyinə görə indiyədək torpaqları azad etməyə gücümüz çatmır. O bayrağı Qarabağa özümüz sancacağıq, ancaq hələ ki, bu ağılla və imanla mümkün olmur.
Türkman və türk mən. Bir-birimizi qan testi ilə deyil, məzhəb vəsiqəsi ilə deyil, sağlam, müasir düşüncə ilə tanıyacağımız günə hazırlaşmalıyıq”.