10:29
Bizim hüquqi əsaslarımız var ki, məsələnin həllində iddialı olaq. Yaxşı xatırlayıram, 1993-cü ildə Nyu Yorkdakı müzakirələrdə ermənilərin Azərbaycan torpaqlarından çıxması tələb olunurdu. Ancaq hazırda qarşı tərəf müxtəlif vasitələrdən istifadə edərək, əhalini həmin ərazilərə köçürür. 2000-dən çox qaçqın Suriyadan Ermənistana gəlib və onların bir qismi işğal altında olan Azərbaycan torpaqlarında yerləşdirilir. Bu, beynəlxalq hüquqa ziddir.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov hazırda Bakı Biznes Mərkəzində keçirilən “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri”nə dair Beynəlxalq konfransda deyib.
“Ermənistan Cenevrə konvensiyasına qoşulmasına baxmayaraq, şərtləri pozur. Biz işğal olunmuş ərazilərdə müxtəlif şirkətlərin fəaliyyət göstərdiyini aşkar etmişik. Biz siyahını da hazırlaya bilərik. Məşhur “Frenk Müller” saat şirkəti həmin ərazilərdə qeyri-qanuni fəaliyyət göstərir. Biz İsveçrə ilə bununla bağlı danışıqlar aparırıq. Bəzi hökumətlər deyir ki, özəl şirkətlərin fəaliyyətinə müdaxilə etmirik. Amma etməlidir, artıq bəzi şirkətlər orada fəaliyyətini dayandırıb. Burada öhdəlik hökumətlərin üzərinə düşür. Hökumətlər öz şirkətlərinə qeyri-qanuni fəaliyyət göstərməyə icazə verməməlidir. Bu məsələnin bir qismi məxfi şəkildə həll olunmalıdır.
Düşünürəm ki, bu konfrans böyük əks-səda doğuracaq. Heç kim İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri tərəfindən qəbul olunmuş prinsipləri güc yolu ilə poza bilməz”, - nazir bildirib.
Qeyd edək ki, Bakıda öz işinə başlayan “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair" beynəlxalq konfransda Xarici İşlər naziri Elmar Məmmədyarov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Metşild Rosler, eləcə də bir sıra xarici ekspertlər iştirak edirlər.
***
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev konfransda çıxışı zamanı bildirib ki, işğal edilmiş ərazilərdə qiymətli meşə sahələri sürətlə azalır:
“Azərbaycanın işğal edilmiş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində böyük flora və fauna məhv olub. Torpaq örtüyünün bərpa olunması üçün 100 illər lazımdır. Azərbaycan ərazisindən axan bir sıra çaylar mənbəyini Ermənistandan götürür. Bu da Ermənistan tərəfinin təxribatlara ət atmasına səbəb olur. Araz çayının vəziyyəti daha acınacaqlıdır, 7 göl işğal altındadır. Sərsəng su anbarı uzun müddətdir qəzalı vəziyyətdədir və 4000 nəfər üçün ciddi təhlükə yaradır. Avropa Parlamentində Azərbaycan əhalisinin qəsdən su qıtlığına məruz qalması ilə bağlı sənəd qəbul edilib. Amma Ermənistan buna da əməl etmir.
Ermənistan beynəlxalq ekoloji konvensiyanın və Haaqa konvensiyasının şərtlərini pozur. Biz inanırıq ki, beynəlxalq ictimaiyyət bu məsələni düzgün qiymətləndirəcək”.
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı olan işğal faktını qınadığını diqqətə çatdırıb:
“Azərbaycan beynəlxalq ictimaiyyətə bu illər ərzində Ermənistanın qeyri-qanuni fəaliyyətinə, tarixi və mədəni irsin, infrastrukturun və s. dağıdılmasına dair sənədlər, faktlar təqdim edib. Xarici şirkətlərin əksəriyyəti işğaldakı Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyət göstərir, böyük qazanc əldə edir. Bəzi hallarda onlar ofşor qeydiyyata alınır. Ancaq çox vaxt Ermənistan hökuməti onları qeyri-qanuni fəaliyyətə təşviq edir”.