Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
7 Dekabr 2019


İlham Əliyev Neftçilər Günü ilə bağlı mərasimdə - Yeniləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:16

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə nitq söyləyib:

Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün Azərbaycanda çox əlamətdar bir gündür. Bu gün biz Neftçilər Gününü qeyd edirik. Bütün Azərbaycan neftçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm, onlara yeni uğurlar, yeni qələbələr arzulayıram.

Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır.

Bildiyiniz kimi, dünyada sənaye üsulu ilə ilk neft məhz Azərbaycanda hasil edilmişdir. Bu gün şəhərimizin mərkəzində dünyanın ilk neft quyusu bir turizm obyekti kimi fəaliyyət göstərir. O gündən bu günə qədər Azərbaycanda böyük həcmdə neft hasil edilmişdir. Bildiyiniz kimi, dəniz yataqlarından da dünya miqyasında ilk neft Azərbaycanda hasil edilmişdir və bu gün biz Azərbaycan neft sənayesinin yeni mərhələsinin şahidiyik.

Bu gün Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir. Biz hamımız yaxşı xatırlayırıq ki, “Əsrin kontraktı”nın imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. 1990-cı illərin əvvəllərində gənc müstəqil Azərbaycan dövləti çox böyük çətinliklərlə, çağırışlarla üz-üzə qalmışdı. Ovaxtkı hakimiyyətin səriştəsizliyi, yarıtmaz fəaliyyəti, xəyanətkar addımları ölkəmizi uçurum kənarına qoymuşdu. 1991-1993-cü illər ağır faciəli illər kimi tariximizdə qalacaq. Ölkəmizi böhran bürümüşdü - siyasi, iqtisadi böhran, sənaye iflic vəziyyətdə idi. İqtisadi sahədə yaşanan tənəzzül gənc müstəqil ölkənin inkişafı üçün çox böyük maneələr törədirdi.

Azərbaycan xalqı özünə xas müdriklik nümayiş etdirərək 1993-cü ildə ulu öndər Heydər Əliyevə üz tutub, onu hakimiyyətə dəvət etmişdir. O gündən bu günə qədər Azərbaycan sabitlik dövrü yaşayır, Azərbaycan inkişaf yolu ilə gedir. 1993-cü ildən bu günə qədər aparılan islahatlar, görülmüş işlər Azərbaycanı dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanıdır. O vaxt iqtisadi və siyasi sahədə yaşanan böhran böyük təhlükə mənbəyi idi. Heydər Əliyevin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bilmişdir. Vətəndaş müharibəsinə son qoyuldu, Azərbaycan islahatlar yoluna qədəm qoydu. Müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi, ölkədə qayda-qanun yaradıldı. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atılmalı idi və “Əsrin kontraktı”nın imzalanması bu addımlar sırasında xüsusi yer tutur.

“Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. “Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə, hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli və məqbul şərtləri əldə etsin. Hesab edirəm ki, biz “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük. Çünki həm sərmayə qoyan tərəf - investorlar, həm də ki, Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda əlbəttə ki, heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz. Eyni zamanda, Azərbaycan dövlətinin maraqları da tam şəkildə təmin edildi. Bu gün kontraktın icrasının nəticəsi olan yeniləşən, müasirləşən, güclənən Azərbaycan bu sözlərimin əyani sübutudur.

Mən danışıqların son mərhələsini yaxşı xatırlayıram. Amerikanın Hyuston şəhərində bir aydan çox danışıqlar gedirdi. Bu danışıqlar həlledici rol oynamışdır. Kontraktın qüvvəyə minməsi Azərbaycanı yeni inkişaf yoluna çıxardı və bu gün “Əsrin kontraktı” bizim neft sənayemizin inkişafında öz rolunu oynayır. İki il bundan əvvəl kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması göstərir ki, 1994-cü ildə nə qədər düzgün qərar qəbul edilmişdir.

“Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var.

Eyni zamanda, o vaxt Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı. Ermənistanın ölkəmizin torpaqlarını işğal etməsi, gedən vətəndaş müharibəsi, iqtisadi çətinliklər, bir daha demək istəyirəm ki, Azərbaycanı investisiya üçün əlverişli ölkə kimi təqdim edə bilməzdi. O vaxt ulu öndər Heydər Əliyevin xidmətlərindən biri də o olmuşdu ki, investorları inandıra bilmişdi və Dövlət Neft Şirkətinin rəhbərliyi - bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. “Əsrin kontraktı”nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi.

Yəni, bir daha demək istəyirəm ki, bu, dünya təcrübəsində özünə layiqli yer tutan kontraktdır. Çünki həm dövlətin, həm də investorların maraqları təmin olundu. Eyni zamanda, neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı. Biz dünyada neft sənayesində gedən işlərdən xəbərdarıq. Bir çox hallarda neft xoşbəxtlik gətirmir, faciə gətirir, qarşıdurma gətirir, qeyri-bərabərlik gətirir, ədalətsizlik gətirir. Azərbaycanın timsalında neft xeyir gətirib. Çünki neftdən əldə edilmiş gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu. Sosial məsələlərin həlli üçün şərait yaratdı. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı. Müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən quruculuq, abadlıq - bütün bunların təməlində bizim neft sənayemiz dayanır.

Biz əlbəttə ki, bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçmişik. Yəni, neftdən asılılığı aşağı salmağa çalışırıq, qeyri-neft sektorunu inkişaf etdiririk. Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur. Bu gün və sabah ölkəmizin uğurlu inkişafı üçün bizim qəhrəman neftçilərimizin əməyi əvəzolunmazdır. Məhz bizim neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər. Ona görə neft-qaz sektorunun bundan sonra da uğurla inkişafı prioritet məsələlərdən biridir. Mən yenə də bunu ona görə deyirəm ki, biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz.

“Əsrin kontraktı”nın imzalanmasından sonra xarici şirkətlər anladılar ki, Azərbaycana sərmayə qoymaq olar və sərmayə qoymaq lazımdır. Yaxşı xatırlayıram, bir çox xarici şirkət Azərbaycana üz tutub, təkliflərini irəli sürüb və bizimlə əməkdaşlıq etmək haqqında öz niyyətini ifadə etmişdir. Beləliklə, “Əsrin kontraktı”ndan sonra onlarla kontrakt, 40-a yaxın pay bölgüsü sazişi imzalandı. Düzdür, onların bir hissəsinə xitam verildi. Çünki orada kəşfiyyat işlərində lazımi həcmdə neft-qaz resursları tapılmadı. Ancaq digər layihələr bu gün qüvvədədir və bizim qüdrətimizi daha da artırır. Xüsusilə, “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsini qeyd etmək istərdim. “Şahdəniz” üzrə kontrakt “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalandı. O vaxt dünya enerji aləmində qaz yataqları o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Bu gün təbii qaz enerji təhlükəsizliyi üçün həlledici məsələdir. Ancaq o vaxt belə deyildi. Ona görə “Şahdəniz” üzrə kontraktın imzalanması da tarixi hadisədir. Bu gün “Şahdəniz” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. “Şahdəniz” qaz-kondensat yatağı dünyanın ən böyük yataqlarından biridir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları eyni əhəmiyyətə malikdir.

Ondan sonra neft-qaz kəmərləri inşa edilməyə başlanmışdır. Bakı-Novorossiysk kəməri yenidən quruldu. Bakı-Supsa kəməri 1999-cu ildə işə salındı. Bakı-Tbilisi-Ceyhan, - hansı ki, ulu öndər Heydər Əliyev özü şəxsən bu kəmərin təməlini qoymuşdu, - 2006-cı ildə biz tərəfdən uğurla başa çatdırıldı. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi və Azərbaycan öz təbii qazını ixrac etməyə başladı. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri üzrə saziş imzalanmışdır. “Şahdəniz” yatağının tam miqyasda işlənilməsi üçün bu hadisənin xüsusi yeri vardır. Keçən il biz böyük təntənə ilə həm TANAP-ı, həm Cənub Qaz Dəhlizini rəsmi şəkildə açdıq və bu gün TANAP uğurla fəaliyyət göstərir.

Bütün bunlar bizim tariximizdir. Əlbəttə, bu gün bu məclisdə bir çıxışda neft-qaz sənayesi sahəsində görülmüş bütün işləri sadalamaq qeyri-mümkündür. Buna bəlkə də saatlar, günlər lazımdır. Qazma qurğularının Azərbaycanda tikintisi, on minlərlə Azərbaycan vətəndaşının işlə təmin edilməsi, ölkəmizə gələn gəlirlərdən düzgün istiqamətdə istifadə edilməsi, yəni, bütün bunlar bugünkü reallıqlardır.

Bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük. Görürük ki, ulu öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq qarşısında, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir. Biz - onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk. Bu gün yeni kontraktlar imzalanır, Azərbaycanın neft-qaz sənayesinə böyük maraq var. Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib. Mən fürsətdən istifadə edərək, bizim strateji tərəfdaşımızın – BP şirkətinin fəaliyyətini qeyd etmək istərdim. Bizim əsas strateji layihələrimizdə BP əsas tərəfdaşımızdır. Həm “Azəri-Çıraq-Günəşli” yatağının, həm “Şahdəniz” yatağının işlənilməsində, TANAP-da və yeni imzalanmış digər kontraktlar əsasında bizim əməkdaşlığımız uzunmüddətlidir, artıq 25 il tarixi var. Bu əməkdaşlıq bundan sonra ən azı 25-30 il davam edəcəkdir.

Bir məsələni də qeyd etmək istəyirəm. “Əsrin kontraktı”nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər. Neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu. Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə bundan söhbət gedə bilməzdi. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir. Mən Dövlət Neft Şirkətinə tapşırıq vermişəm ki, bu işlər dayanmasın. Düzdür, 96 faiz çox böyük rəqəmdir. Nadir hallarda ölkələrdə bu dərəcədə qazlaşdırma aparılır. Amma biz bunu davam etdirməliyik. O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik.

Yollar bərbad vəziyyətdə idi. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. İçməli su böyük problem idi. Bu gün əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir.

Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salındı. Çadır şəhərciklərini biz hələ 2007-ci ildə ləğv etdik. Nəyin hesabına? Neft Fondunun hesabına. Neft Fonduna vəsait haradan gəlir? “Əsrin kontraktı”nın icrasından. Biz yüz minlərlə köçkünə yeni evlər verdik, yeni mənzillər təqdim etdik. Şəhid ailələrinə, müharibə veteranlarına edilən güzəştlər, verilən müavinətlər, mənzillər, minik avtomobilləri. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik. Neft Fondunun gəlirlərindən yalnız büdcə çərçivəsində istifadə etmək mümkündür. Yəni, Azərbaycan vətəndaşları Milli Məclisdə öz təmsilçiləri vasitəsilə bu vəsaitin bölgüsündə iştirak edirlər.

Sosial infrastruktur tamamilə yenidən quruldu, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi və təmir olundu, idman qurğuları inşa edildi. Azərbaycan kosmik dövlətə çevrildi. Bizim 3 peykimiz var. Biz gəlirlərdən istifadə edərək dövlət borcumuzu aşağı səviyyədə saxlayırıq. Bu, ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Bu, hansı ölkələrdə ola bilər? Var, amma bu ölkələrin sayı o qədər də çox deyil.

“Əsrin kontraktı”nın faydasından çox danışmaq olar. Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin.

Mən bu gözəl tarix - “Əsrin kontraktı”nın 25 illiyi və Neftçilər Günü münasibətilə bir daha sizi təbrik etmək istəyirəm. Azərbaycan neftçilərinə yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

***

Sonra ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun məktubunu oxudu.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi Yelizaveta Trussun və Xarici və Birlik məsələləri ofisinin Avropa və Amerika üzrə naziri Kristofer Pinçerin məktubunu oxudu.

***

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış edərək dedi:

-Zati-aliləri Prezident İlham Əliyev.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hər il bu tarixdə biz Neftçilər Gününü qeyd edirik. Bu dəfə bu tarix xüsusi əhəmiyyət daşıyır, belə ki, bu gün həm də “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin 25 illiyini qeyd edirik.

İyirmi beş il bundan əvvəl məhz bu tarixdə haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılmış AÇG üzrə hasilatın pay bölgüsü sazişinin imzalanması ölkənin müasir tarixində yeni səhifə açdı. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: "Əsrin müqaviləsi"nin imzalanması müstəqil Azərbaycanın yeni neft strategiyası və doktrinasının başlanğıcıdır”.

Bu gün biz mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasətinə əsaslanan strategiyanın möhtəşəm nəticələrinin şahidiyik. “Əsrin müqaviləsi”nin ölkədə misli görünməmiş bir iqtisadi inkişafa yol açması və Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır.

Biz AÇG-ni bir öncül hesab edirik. Azərbaycanın dəniz sektoru üzrə imzaladığı ilk hasilatın pay bölgüsü sazişi AÇG yatağı üzrə bağlanıb. AÇG qərb transmilli şirkətlərinin bu vaxtadək keçmiş Sovet İttifaqı ölkələrinə qoyduğu ilk iri investisiyanı ölkəyə gətirib.

Nəhəng və mürəkkəb layihə olan AÇG çərçivəsində dəniz hasilat platformalarını, sualtı boru kəmərlərini, qazma qurğularını, emal terminallarını və ixrac boru kəmərlərini özündə birləşdirən dünya səviyyəli enerji infrastrukturu inşa edilib.

Bu illər ərzində 3,6 milyard barreldən çox neft hasil edilib, 44 milyard kubmetr səmt qazı Azərbaycana çatdırılıb, 3,3 milyard barrel neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib, 4300 tankerə yüklənib və dünya bazarlarına göndərilib, 36 milyard ABŞ dolları həcmində kapital investisiya qoyulub, 84 milyon ABŞ dolları həcmində vəsait davamlı inkişaf layihələrinə xərclənib.

Bütün bunlar müstəsna nailiyyətlərdir və biz hamımız bununla qürur duymalıyıq.

Fikrimcə, bu uğur üç aparıcı amilə arxalanır.

Birinci və ən önəmli aparıcı qüvvə, AÇG-nin Azərbaycan üçün əsl milli sərvətə çevrilməsinə töhfə vermiş neftçilərdir.

Tarixən Azərbaycanda görkəmli neft mütəxəssisləri yetişib və illərlə yığılmış bu təcrübəni AÇG layihəsində iştirak edən yeni nəsil yüksək səriştəli yerli neft mütəxəssisləri uğurla davam etdirirlər.

Mən xüsusilə qürur duyuram ki, ixtisaslaşmış kadrlarımızın 90 faizi Azərbaycan vətəndaşlarıdır. Sevindirici haldır ki,- cənab Prezident də bunu qeyd etdi,- onların bir çoxu hazırda BP-nin dünyanın müxtəlif ölkələrindəki ofislərində rəhbər vəzifələrdə işləyir.

İkinci amil, onilliklər ərzində birgə səylərlə ərsəyə gətirdiyimiz dünya səviyyəli bu layihənin uğurla həyata keçirilməsinə imkan yaratmış çoxsaylı tərəflərin nümayiş etdirdiyi əməkdaşlıq və strateji tərəfdaşlıqdır.

AÇG üzrə hasilatın pay bölgüsü sazişi Azərbaycanda AÇG tərəfdaşlarının investisiyaları üçün hüquqi sabitlik və etibarlı müdafiə təmin edən nadir birgə iş mexanizmi formalaşdırıb.

Bütün tərəflərin, xüsusilə də Azərbaycan hökumətinin, göstərdiyi etimad və sarsılmaz inam olmasaydı, bu uğurlar, çətin ki, mümkün olardı. Məhz həmin inam və əməkdaşlıq ruhu bizdə AÇG-nin nailiyyətlərini əl-ələ verərək birlikdə qazanmağa imkan yaradıb.

Ötən 25 il ərzində bizim Azərbaycan hökuməti və SOCAR ilə tərəfdaşlığımız yüksək səviyyədə olub. AÇG-nin bütün tərəfdaşları adından bu layihənin uğurunu təmin edən qətiyyətli dəstəyə və öhdəliyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm.

Üçüncü amil isə AÇG yatağının işlənməsində və istismarında tətbiq edilən texnologiyalardır.

Sənayedəki ən qabaqcıl texnologiyaların istifadəsi və yerli innovativ həllərin tətbiqi AÇG-ni təhlükəsiz və səmərəli şəkildə həyata keçirməyə, hasilatı maksimuma çatdırmağa və texniki çətinliklərin öhdəsindən gəlməyə imkan verdi. Bundan əlavə, hazırda AÇG BP-nin dünyadakı aktivləri arasında texnologiyaların sınağı və tətbiqi baxımından əsas mərkəz hesab edilir.

AÇG-nin 25 illik tarixi möhtəşəm olmuşdur və biz inanırıq ki, onun gələcəyi də eyni dərəcədə uğurlu olacaq.

İki il bundan əvvəl məhz bu ayda imzalanmış, “Yeni əsrin müqaviləsi” adlandırılan, müddəti uzadılmış AÇG üzrə hasilatın pay bölgüsü sazişi eyni uğurlu gələcək üçün güclü zəmin yaradır.

Növbəti 30 il ərzində biz yeni sərmayələr yatırmaqla, yeni texnologiyalar tətbiq etməklə və hasilatın artırılması istiqamətində yeni birgə səylər göstərməklə AÇG-nin uzunmüddətli işlənmə potensialının reallaşdırılması üçün birgə işimizi davam etdirəcəyik.

Yekunda isə bir çox hallarda mürəkkəb iş mühitində işləyərək öz enerjisi, səriştəsi və əməyi ilə AÇG-nin uğurla gerçəkləşdirilməsinə töhfə vermiş hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Məhz sizin səyləriniz, fədakarlığınız və əzminiz sayəsində Azərbaycanın neft və qaz tarixinə qızıl hərflərlə yazılmış bu əlamətdar tarixi qeyd edirik. Təşəkkür edirəm.

***

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış edərək dedi:

Hörmətli xanımlar və cənablar.

Sizin hamınızı, ümumiyyətlə, Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edirəm. Çünki bu, təkcə neftçilərin bayramı deyil. Neftçilərin əldə etdiyi nailiyyətlər, ümumiyyətlə, Azərbaycan xalqının əldə etdiyi nailiyyətlərdir. Ona görə də bu bayram doğrudan da gözəl bayramdır.

“Əsrin müqaviləsi”nin iyirmi beş illiyi tamam olur. Bu, sanki 100 ilə bərabər bir vaxtdır. Mən yaşca böyük olduğum üçün istəyirəm Dövlət Neft Şirkətinin bütün kollektivi adından hörmətli Prezidentimiz cənab İlham Əliyevə “Çox sağ olun!” deyim ki, bizim nə qədər işçilərimizi mükafatlandırıb. Bu mükafatları verdiyiniz üçün, cənab Prezident, mən neftçilər adından Sizə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, Sizin bizə məhəbbətinizin nəticəsidir ki, bütün bayramlarda, bütün əlamətdar günlərdə Siz neftçiləri yaddan çıxarmırsınız. Ona görə də Sizə “Çox sağ olun!” deyirəm. Ömrünüz uzun olsun.

Cənab Prezident elə ətraflı danışdı ki, mən bilmirəm nədən danışım. “Əsrin müqaviləsi” birinci gündən gözümün qabağından bir lent kimi gəlib keçir. Mən də gördüklərimdən bir-iki cümlə deyim. Məsələ ondadır ki, bəzən fikirləşirsən ki, “Əsrin müqaviləsi”dir, qol çəkildi, hər şey hamar getdi. Amma mənim gözümün qabağındadır ki, nə qədər əziyyətlər çəkilib. Əsas da bu əziyyəti çəkən, əsas bu işin başında duran hörmətli cənab Prezidentimiz Heydər Əliyev olub. Bu müqavilənin imzalanmasına hamını məhz Heydər Əliyev inandıra bildi. Çünki Heydər Əliyevin nəinki Azərbaycanda, bütün dünyada böyük hörməti var idi. Həm də böyük qətiyyəti var idi. Respublika rəhbərliyinə ikinci dəfə gələndə biz neftçiləri yığdı, neft sənayesi ilə maraqlandı, vəziyyəti aydınlaşdırdı. Belə qərara gəlindi ki, biz hökmən xarici şirkətlərlə bir yerdə işləməliyik. O vaxt aramızda bir çox adamlar var idi, deyirdilər ki, biz özümüz işləyərik. Amma bizim özümüzün işləməyimiz üçün 30-40 il vaxt lazım idi. Cənab Heydər Əliyev vəziyyəti aydınlaşdırandan sonra belə qərara gəldi ki, biz mütləq xarici şirkətləri dəvət etməliyik. Özü də xarici şirkətləri dəvət etməkdə qeyri-adi heç nə yox idi. Bütün böyük dövlətlərin heç biri dənizdə tək işləmir. Çünki bu, çox baha başa gəlir. Ona görə də burada elə qorxulu bir şey yox idi. Buna nail olduq. Danışıqlar başlandı, əvvəlcə Bakıda, ardınca İstanbulda. Sonra biz cənab İlham Əliyevlə birlikdə Hyustona getdik. Orada 45 gün danışıqlar aparıldı. İndi bir cümlə ilə deyilir ki, danışıqlar aparıldı. Amma bilirsiniz də o danışıqlar necə gedirdi. Danışıqlarda bizim o qədər təcrübəmiz yox idi. Amma bizə bütün bu şəraiti yaradan, bütün bu işləri qabağa aparan hörmətli cənab İlham Əliyev oldu. Çünki o, Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdi, dilləri bilirdi. Onları öz dillərində başa salırdı ki, bizim məqsədimiz nədir. Danışıqlar müsbət nəticələndi. Qayıdıb gəldik və sentyabrın 20-də bu müqavilə imzalandı. O çətin vəziyyətdə 7 ölkənin 11 şirkəti bu müqaviləyə imza atdı. Müqavilənin əhəmiyyəti barədə mən də qısaca olaraq bir-iki kəlmə demək istərdim. Siyasi əhəmiyyətinə gəldikdə, bütün dövlətlər, bütün şirkətlər inandılar ki, Azərbaycan sabit ölkədir, burada işləmək olar. Heç təsadüfi deyil ki, ondan sonra 35 müqavilə imzalandı. İkincisi, iqtisadi əhəmiyyətinə gəldikdə, 1997-ci ildə bizim respublikada neft hasilatının səviyyəsi 9 milyon tona düşmüşdü. Bu müqavilənin nəticəsində 2010-cu ildə 11 milyon ton neft hasil olundu. “Azəri-Çıraq-Günəşli”də ötən müddətdə 492 milyon ton neft hasil olunub ki, onun 287 milyon tonu Azərbaycanın mənfəət neftidir. Bu da təxminən 58 faiz təşkil edir. Amma ildən-ilə mənfəət neftinin miqdarı artır. Çünki əvvəllər başqa xərclər də var idi. Elə bu ilin 8 ayını götürsək, “Azəri-Çıraq-Günəşli”dən 18 milyon neft hasil olunub ki, onun 13 milyon tonu Azərbaycanın mənfəət neftidir. Bu isə 73 faiz təşkil edir. Demək istəyirəm ki, Azərbaycanın mənfəət neftinin həcmi ildən-ilə artır. Müqavilənin 30 illik müddəti başa çatırdı, bir yol tapmaq lazım idi. Cənab İlham Əliyevin rəhbərliyi ilə düzgün yol seçildi. Yatağın işlənməsində böyük təcrübəsi olan BP və tərəfdaşları ilə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılması çox gözəl nəticə oldu. Orada da bizim yaxşı rəqəmlər qalır. Bizim 75 faiz mənfəət neftimiz qalır, 3,6 milyard bonus gəlir. 40 milyard xərcləyiblər, 40 milyard da xərclənəcək. Yenə 500 milyon ton neft hasil ediləcək. Öz tərəfdaşları ilə burada qalan BP, “Azəri-Çıraq-Günəşli”dən başqa digər strukturlarda da iş aparır, fəaliyyətini genişləndirir. Odur ki, Azərbaycan neftinin gələcəyi üçün bunun böyük əhəmiyyəti oldu.

Bir-iki kəlmə də Bakı-Tbilisi-Ceyhan haqqında danışım. Bakı-Tbilisi-Ceyhan da Heydər Əliyev cənablarının uzaqgörənliyini göstərir. O vaxt Ulu Öndər bildi ki, Azərbaycan neftini Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri ilə xaricə çıxara bilməyəcək. Onda Bakı-Tbilisi-Ceyhan məsələsi ortaya çıxdı. Bu, həm də iqtisadi cəhətdən çox səmərəli idi. Çünki bu kəmər Qara dənizdən yan keçməklə Aralıq dənizinə çıxırdı. Qısaca deyim ki, əgər bu günədək xarici bazarlara 554 milyon ton Azərbaycan nefti çıxarılıbsa, onun təxminən 400 milyon tonu Bakı-Tbilisi-Ceyhanın payına düşür. İndi təsəvvür edin ki, bu kəmər olmasaydı, bu qədər neft xaricə necə çıxacaqdı? Ümumiyyətlə, həyat belədir ki, nə yaxşı iş görürsən gör, bir nəfər tapılıb deyir ki, bu, elə deyil, belədir. Amma həyat sonradan bu məsələlərin düzgünlüyünü göstərdi. İndi buna heç kim heç nə deyə bilməz. Demək olar ki, əgər “Əsrin müqaviləsi” cənab Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan ikinci şah əsəridir. Üçüncü şah əsəri də “Şahdəniz”dir. Bunların hamısını cənab Heydər Əliyev başladı. Bunların əsasını qoydu, yaratdı, dünyaya çatdırdı. Cənab İlham Əliyev də bu gün bunların hamısını davam etdirir. İndi əldə etdiyimiz nailiyyətləri danışmaqla qurtarmaq olmaz. Çünki bu 25 ildə çox böyük işlər görülüb. Mən də bir məqalə yazmışam, “100 ilə bərabər olan 25 il”. Cənab İlham Əliyev, Mehriban xanım rayonlara gedəndə görürük ki, nə qədər məktəblər, idman mərkəzləri tikilib, yollar çəkilib. Azərbaycanda 5-10 il olmayan adamlar gələndə ölkəmizin inkişafına heyran qalırlar, çox böyük dəyişikliklər baş verib.

Mən çox danışmaq istəmirəm. Allah Heydər Əliyevə rəhmət eləsin. Allah cənab İlham Əliyevə ailəsi ilə birlikdə uzun ömür versin. Azərbaycanın neftçiləri də öz qarşılarında vəzifə qoyurlar ki, ölkəmiz həmişə birinci yerdə olsun. İndi qeyri-neft sektoru inkişaf edir. Bu çox yaxşı haldır. Amma biz neft sənayesinin işçiləri də gərək elə edək ki, geridə qalmayaq. Əvvəlcədən necə işləmişik, elə də işləyək. Çünki hələ uzun illər bizə neft, qaz lazım olacaq. Odur ki, mən sizin hamınızı bir daha təbrik edirəm. Cənab İlham Əliyevə, onun ailəsinə uzun ömür arzu edirəm ki, respublikanın bayrağını yüksəyə qaldırıb dünyaya tanıdıblar. Elə bu cür də davam etsinlər.

Diqqətinizə görə çox sağ olun.

***

Sonda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə “Azəri-Çıraq-Günəşli” yatağını simvolizə edən markaların toplusunu hədiyyə etdi.

Tarix
2019.09.20 / 23:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağı söz atışmaları ilə qaytarmaq olmaz, lakin... - Deputat

Erməni polkovnikdən şok: Əgər Bakı hücuma keçsə... - Video

Prezident və xanımı Şahxəndan türbəsində - Foto

Mikayıl Cabbarov erməni naziri darmadağın etdi - Video

Prezident və xanımı Şamaxıda ağac əkdi - Foto

Bu şəxslər deputat ola bilməyəcək

Bakıda mühüm konfrans – Prezident məktub göndərdi

Prezident daxildə olan “qurdlar”ı təmizləyir... – Millət vəkili

İlham Əliyev İtaliyaya gedir

Nazirdən Dilqəm və Şahbazla bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla