Dünyada, xüsusilə Qərb ölkələrinin vətəndaşları arasında 11 sentyabr terror hücumlarından sonra terrorizmin yalnız müsəlmanlarla əlaqəli bir fenomen olduğuna dair geniş yayılmış yanlış bir fikir mövcuddur. Bu və ya digər terror hücumları kollektiv şüuru o dərəcədə zombiləşdirib ki, eqoist demaqoqlar tərəfindən təbliğ olunan yalanlara inanmaq daha da asanlaşıb. Bəziləri açıq-aydın islamofobik motivlərə sahibdir və eyni zamanda xristianlıq ilə islam arasında guya qaçılmaz olduğu müharibənin evfemizmi olan "sivilizasiyaların toqquşması" təxribatını yaratmaq istəyir.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistanın hücumları dəhşətli hərbi cinayət olsa da, ən azından beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etməyə başlayıb. Bu da öz növbəsində aldanmış kütlələrin gözlərini açaraq, terrorizmin irq, etnik mənsubiyyət, din, bölgə və ya digər spesifik şəxsiyyət xüsusiyyətlərinə malik olmadığını, sadəcə hədəf alan taktika və strategiyaların iyrənc bir qarışığı olduğunu dərk etməyə məcbur edə bilər. İndiki halda erməni dövlət terrorizmi Azərbaycan xalqını qorxutmaq və onun Silahlı Qüvvələrini cavab tədbirlərinə təhrik etmək məqsədi daşıyır ki, Rusiya münaqişəyə cəlb oluna bilsin.
Qeyd etmək vacibdir ki, bu son hücumlar Ermənistanda dövlət terrorunun yeganə nümunəsi deyil. Bu cılız millətin üç onillik ərzində dünya ictimaiyyəti tərəfindən Azərbaycan torpaqları kimi tanınan 20 faiz ərazini işğal altında saxlaması faktı öz-özlüyündə terrordur. Hələ Ermənistan və onun separatçı müttəfiqlərinin Dağlıq Qarabağda və ona bitişik yeddi bölgədə müxtəlif hesablamalara görə, təxminən 600.000 - 1.2 milyon azərbaycanlıya qarşı apardıqları etnik təmizləməni demirəm. Xocalı qətliamı onların terror niyyətlərinin ən kədərli təzahürü idi. Lakin saysız-hesabsız başqa nümunələr də mövcuddur.
Ermənistanda dövlət terrorizminin siyasətini təhlil edən müşahidəçilər nəzərə almalıdır ki, bu terror etno-dini üstünlüklərə əsaslansa da, orada erməni xalqına və ya onun xristian dininə məxsus heç nə yoxdur. Yəni, İrəvanın bu cür hərəkətlərinin səbəbkarı xalq və din deyil. Daha öncə də qeyd etdiyim kimi, terrorizm heç bir şəxsi xüsusiyyətlərə malik deyil. Daha əvvəl bənzər şeylərlə yadda qalan müsəlmanlar haqqında da söylənildiyi kimi, bəzi ermənilərin etnik mənsubiyyəti və dini adına terror törətdiyinə görə bütün erməni xalqının və xristianların terrorçu olduğunu söyləmək də səhvdir. Terrorizm sadəcə radikalizmin zorakı ifadəsidir.
Bu səbəbdən ən mühüm vəzifə radikal tendensiyaları müəyyənləşdirib onların həm fərddə, həm də cəmiyyətdə artmasının qarşısını almaqdır. Bu, bəlkə də çox çətin bir vəzifədir. Elə hallar olur ki, radikalizm faktiki olaraq onunla mübarizə aparmalı olan dövlət tərəfindən təşviq edilir.
Keçmiş sovet dövründə Qorbaçovun aşkarlıq siyasəti nəticəsində "Böyük Ermənistan"ın radikal tendensiyası iki dəfə güc yolu ilə tətbiqinə başladığı təcrübə bunun gözəl nümunəsidir. Dövlət nəticədə bu tendensiyanı dayandırmağa çalışsa da, çox gec idi: “bədnam cin artıq şüşədən çıxıb” və öz ideologiyası naminə günahsız insanları öldürmüşdü.
Daha dərin araşdırsaq, "Böyük Ermənistan" ideyasının mənşəyi hətta sovet dönəmindən də əvvəl, bəzi ultramillətçi ermənilərin nə vaxtsa guya nəzarət etdiyi ərazilərdə çoxdan itirdikləri qədim çarlığı yenidən yaratmaq arzusunu ortaya qoyur. Hər bir xalqın keçmişlə bağlı nostalji hisslər keçirməsi təbiidir, lakin radikal erməni separatçılarının rəsmi İrəvanın tam dəstəyi ilə törətməyə çalışdıqları etnik təmizləmə, soyqırım və hərbi cinayətlər vasitəsilə yenidən yaşamaq arzusu qeyri-təbiidir.
Ayrı fərdlərdə və xüsusilə cəmiyyətdə kök salmış radikal meyillərə uğurla müqavimət göstərmək mümkün olmadığı halda, daha çox insanın həyatına son qoymazdan öncə təhlükəni məcburi aradan qaldırmaqdan başqa çıxış yolu qalmır. Və radikal baxışlara uyanlar bundan imtina etməsələr onları məcbur etmək lazımdır. Bunu nəzərə alaraq, Azərbaycanın əks-hücumu təkcə işğal olunmuş ərazilərin azad edilməsi və BMT TŞ-nin bu məsələ ilə bağlı dörd qətnaməsinin yerinə yetirilməsi kimi deyil, həm də onun ərazisində bu ideoloji bəlanın aradan qaldırılmasına yönəlmiş anti-terror kampaniyası kimi də qəbul edilməlidir. Məhz bu, xüsusən də sonuncu səbəblərə görə Azərbaycan tam beynəlxalq dəstəyə layiqdir.
Endryu Korıbko, xüsusi olaraq Axar.az üçün
Tərcümə etdi - Xədicə Nəbiyeva