Yuxarı

Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialar... - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyi Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı cari vəziyyətə dair məlumat yayıb.

Axar.az məlumatın mətnini təqdim edir:

"Vətən müharibəsindən sonra Azərbaycan Respublikası 30 ilə yaxın müddət ərzində öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib.

Əvvəlcədən qeyd etmək vacibdir ki, bu faktlara bir beynəlxalq məhkəmədə deyil, bir neçə beynəlxalq məhkəmədə baxılır, çünki bu faktlar bir beynəlxalq konvensiyanın deyil, bir neçə beynəlxalq konvensiyanın pozulmasını ehtiva edir və hər bir konvensiya üzrə xüsusi şikayət etmə proseduru mövcuddur. Hər bir məhkəmə yalnız konkret bir konvensiya çərçivəsində hüquq pozuntularına qiymət verməyə səlahiyyətlidir.

Belə ki, cari ilin yanvar ayında Azərbaycan Respublikası Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət vermişdir. Bu şikayətdə Azərbaycan vətəndaşlarının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunub. Şikayətdə həm Birinci Qarabağ müharibəsindən başlayan və davam edən, hərbi işğal dövründə başlayan və davam edən, eyni zamanda Vətən müharibəsi zamanı törədilmiş hüquq pozuntuları öz əksini tapır. Qeyd edilməlidir ki, bu hüquq pozuntularının əksəriyyəti, misal kimi, mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq cinayət hesab olunur.

Eyni zamanda, Ermənistan da Avropa Məhkəməsində Azərbaycana qarşı bəzi əsasız iddialarla çıxış edib və bu iddialar yalnız Vətən müharibəsi dövrünə aiddir.

Cari ilin sentyabr ayında Azərbaycan Respublikası BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə də müraciət edib. Qeyd edək ki, bu məhkəmədə də Ermənistan Azərbaycana qarşı əsassız iddialar irəli sürüb.

Prosedura əsasən məhkəmə prosesinin ilk mərhələsində hər tərəf məhkəmədən iddianın təminetmə tədbiri kimi müəyyən təxirəsalınmaz məsələlərlə bağlı müvəqqəti xarakterli qərarların qəbul edilməsini xahiş edə bilər və həm Azərbaycan, həm də Ermənistan məhkəməyə bu barədə sentyabr ayında vəsatətlər vermişdir.

Cari ilin 14-19 oktyabr tarixlərində keçirilən dinləmələr iddiaların mahiyyəti ilə deyil, yalnız bu konkret vəsatətlərin baxılması ilə bağlı olmuşdur.

Azərbaycan tərəfi bu mərhələdə əsasən 3 təcili məsələ üzrə hüquq pozuntularının bu günədək Ermənistan tərəfindən davam edildiyi barədə faktları məhkəməyə təqdim etmiş və məhkəmənin təcili müdaxiləsini xahiş etmişdir:

Ermənistan tərəfindən bu Konvensiyanın tələbləri kobud surətdə pozularaq işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan minalara dair tam, müfəssəl və dəqiq məlumatların, o cümlədən mina xəritələrinin Azərbaycana verilməməsi (və ya qəsdən natamam məlumatların verilməsini) və bununla da məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasının məqsədli şəkildə qarşısının alınması, bunun da mahiyyət etibarilə etnik təmizləmənin davamı olduğuna görə məhkəmənin müdaxilə etməsi tərəfimizdən xahiş edilmişdir. Bilirsiniz ki, hərbi işğala son qoyulmasına baxmayaraq, ötən ilin noyabr ayından başlayaraq bugünədək bu minaların partlanması nəticəsində 160-dan çox soydaşımız həlak olub və ya ciddi xəsarət alıb, onların 65 mülki şəxsdir;

Vətən müharibəsi zamanı işğalçı erməni ordusu tərəfindən beynəlxalq humanitar hüququn pozulması, o cümlədən mülki əhalinin hədəfə alması, hərbi əsirlərə işgəncələrin verilməsi və digər cinayətlərlə bağlı təqsirkar şəxslərə qarşı heç bir məsuliyyət tədbirlərinin görülməməsi, cinayətlərin törədilməsini sübut edən dəlillərin toplanmaması və ya hətta məhv edilməsi kimi halların qarşısının alınması üçün məhkəmənin müdaxilə etməsi tərəfimizdən xahiş edilmişdir;

Ermənistanda revanşist yönümlü, hərbiləşdirilmiş qruplar Azərbaycana və azərbaycanlılara qarşı zorakı xarakterli çağırışlar edərək, azərbaycanlıları etnik zəmində hədəfə alır. Belə cəhdlər bu gün də sosial şəbəkə və mətbuatda davamlı şəkildə həyata keçirilir. Ermənistan dövlət olaraq bunun nəinki qarşısını almır, hətta onları birbaşa və dolayısı şəkildə dəstəkləyir və bununla da 1965-ci ili Konvensiyasının tələblərini pozur.

Qeyd edilməlidir ki, Ermənistan tərəfindən bu mərhələdə Azərbaycan qarşı irəli sürülən vəsatət əsasən Azərbaycanda saxlanılan, erməni əsilli şəxslərin qeyd-şərtsiz azadlığa buraxılmasıdır. Bu tələb onunla əsaslandırılır ki, o şəxslər erməni əsilli olduğu üçün həbsdə saxlanılır. Məsələ ilə bağlı tərəfimizdən bu şəxslər tərəfindən Azərbaycanın suveren ərazisində hərbi və digər cinayətlərin törədilməsini sübut edən dəlillər, Azərbaycanın öz cinayət və cinayət prosessual qanunvericiliyi əsasında bu şəxslərin məsuliyyətə cəlb etməyə hüququnun olduğu, onların etnik erməni olduqlarına deyil, törədilmiş konkret cinayətlərə görə məsuliyyətə cəlb edildiyini sübut edən faktlar təqdim edilmişdir. Digər vəsatətlərdə isə bu şəxslərin hüquqlarının təmin edilməsi, erməni xalqına qarşı nifrət nitqinin qarşının alınması (bu kontekstdə Hərbi Qənimətlər Parkının dərhal bağlanması), Azərbaycan ərazisində yerləşən bəzi dini və mədəni abidələrin (hansılar ki, Ermənistan tərəfi erməni abidələri hesab edir) dağıdılmasının qarşısının alınması və sair bu kimi məsələlər qaldırılmışdır. Hər bir məsələ üzrə Azərbaycan tərəfi və ölkəmizi təmsil edən peşəkar vəkillər öz tutarlı cavablarını, dəlil və sübutlarını təqdim etmişdir.

Bu vəsatətlərlə bağlı məhkəmə qərarı adətən bir neçə həftə ərzində qəbul edilir. Bundan sonra məsələ mahiyyət mərhələsinə keçəcək və növbəti bir neçə il ərzində tərəflərin irəli sürdüyü iddiaların mahiyyətinə baxılacaq və müvafiq qərarlar qəbul ediləcəkdir.

Azərbaycanın Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri bununla kifayətlənmir. Azərbaycan tərəfi Ermənistana bir sıra digər konvensiyalar üzrə dövlətlərarası şikayətlərin irəli sürülməsini planlaşdırır.

Bilirsiniz ki, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquqa əsaslanır. Azərbaycan əraziləri hərbi işğala, vətəndaşları etnik təmizlənməyə məruz qalmış ölkədir. Azərbaycan haqlı tərəfdir və tərəfimizdən bu işlərin sistemli şəkildə davam etdirilməsi təmin ediləcək”.

Tarix
2021.10.21 / 17:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla