Yuxarı

Prezident və xanımı Şuşada... - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:39

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Heydər Əliyev Fondu Şuşada daha bir tarixi abidənin - Çöl Qala məscidinin bərpası layihəsini həyata keçirir. “PAŞA Holdinq”in dəstəyi ilə aparılan bərpa işlərinə 2023-cü ildən başlanılıb.

Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Məscid Şuşa şəhərinin yuxarı məhəllələrinə daxil olan Çöl Qala məhəlləsinin Qasım bəy Zakir küçəsində yerləşir. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunub. Məscid minarəsiz formada tikilib, Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı, ümumi girişi isə asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olub.

Çöl Qala məscidinin interyeri tamamilə İslam memarlığına uyğundur. Məscidin daxili hissəsi səkkizguşəli dörd daş sütunla bəzədilib. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır. Məscidin mehrabı ilə üzbəüz ümumi ibadət zalının içərisində qadınlar üçün açıq ibadət zalı tikilib.

Məscid Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılıb və talan edilib.

Çöl Qala məscidinin yaxınlığında isə XIX əsrə aid Çöl Qala bulağı yerləşir. Bulağın divarları dördbucaq formasında olub və yaxınlığında yerləşən məscidlərin üslubunda tikilib. İşğal dövründə bulaq da dağıdılıb, daş kitabələri məhv edilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondu Şuşa şəhərində Üzeyir Hacıbəylinin ev-muzeyində bərpa işlərini davam etdirir. Üzeyir Hacıbəylinin evi Şuşada XIX əsrdə inşa olunub. Bina 1959-cu ildə ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində yalnız 136-sı salamat qalıb, digərləri məhv edilib.

Məlumat verildi ki, binadakı bərpa işlərinə evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılması, həmçinin həyətyanı sahənin yaşıllaşdırılması işləri daxildir. Bu günədək bərpa layihəsinin hazırlanması, ərazidə mövcud divar daşlarının sökülərək, ölçülərinə görə inventarlaşdırılması, dağılmış hissələrdə bünövrələrin qazılması və sahənin ümumi təmizlənməsi işləri aparılıb. Həmçinin material analizi üzrə nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və restavrasiya hesabatları yerinə yetirilib. Muzeyin memarlıq, konstruksiya həlli və mühəndis-kommunikasiya sistemləri üzrə işçi layihələri yekunlaşıb, bünövrənin armaturlanması icra olunub. Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülüb, döşəmənin bərpası işləri görülüb. Həmçinin həyətyanı sahədə tarixi görkəmə uyğun hörgü işləri və dekorativ elementlərin qoyulması başa çatdırılıb. 2022-ci ildə başlanan bərpa işləri yekunlaşandan sonra muzeydə ekspozisiya qurulacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondu tərəfindən “Şirin su” hamamında 2022-ci ildən aparılan bərpa işləri başa çatıb. “Şirin su” hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam “Şirin su” hamamı adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilib, əlavə tikililər aparılıb, hamam yararsız vəziyyətə salınmışdı.

Məlumat verildi ki, Avstriyanın “Wehdorn Architekten” şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılan bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr - fasad, dam, qapı-pəncərə sistemi, döşəmə, tavan bərpa edilib. Hamamın daxilində günbəzlər və divarlardakı bütün zədələnmiş suvaqların, döşəmələrdə bütün uyğun olmayan örtük materiallarının, sonradan əlavə edilmiş quraşdırmanın aradan qaldırılması işləri həyata keçirilib. Ərazidə hasar divarları tikilib, pilləkənlər bərpa edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ətraf ərazidə görülmüş işlərlə də maraqlandılar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlər barədə məlumat verildi.

Qeyd edildi ki, bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunub. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Şuşanın işğalı zamanı Aşağı Gövhər Ağa məscidi erməni vandalizminin qurbanına çevrilmişdi. Məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmişdi.

Bərpa prosesi ilə tanışlıq zamanı Şuşa işğal altında olduğu dövrdə ermənilərin Aşağı Gövhər Ağa məscidində törətdikləri vandalizm faktları barədə məlumat verildi. Bildirildi ki, bərpa işləri zamanı divarda müxtəlif yazılar, o cümlədən divara həkk olunmuş xaç işarəsi aşkarlanıb.

Bərpa işləri zamanı yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə aparıblar. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq həyata keçirilir. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələrinin mikroinyeksiya üsulu ilə bərkidilməsi həyata keçirilib. Məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilir. Bərpa işləri eyni zamanda mədrəsə bölməsini də əhatə edir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondunun “PAŞA Holding”in dəstəyi məsciddə və məscid ərazisindəki bulaqda apardığı bərpa işlərinə 2023-cü ildə başlanılıb. Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Bildirilib ki, işğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınıb. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi ərazidəki Mamayı bulağını da erməniləşdirməyə çalışmışdılar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunmuşdu. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk etmişdilər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılıb.

Qeyd edildi ki, Mamayı məscidində tarixən mehrab sərt ağac materialından istifadə olunub. Bərpa zamanı bütün işlər tarixi görkəm nəzərə alınmaqla aparılıb. Məscidin pəncərələri tarixi görünüşünə uyğun bərpa edilib, qarşı tərəfdə yararsız halda olan döşəmə yenidən qurulub.

Məlumat verildi ki, bundan əlavə Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib.

Tarix
2024.05.10 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla