Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 7 nəfərin ölümü,
2 nəfərin yaralanması ilə nəticələnən Azərbaycana məxsus "An-12"
tipli yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması ilə bağlı ilkin
hesabatını açıqlayıb.
Report xəbər verir ki, bu barədə Komitənin
çərşənbə axşamı yaydığı məlumatda bildirilir.
Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus yük təyyarəsi 18
may 2016-cı il tarixində Əfqanıstanda qəzaya uğrayıb. Qəza Dvayer
hava limanından uçuş zamanı baş verib. İcarəyə götürülmüş təyyarə
beynəlxalq heyət üzvləri tərəfindən idarə olunub. Heyət üzvləri
arasında 1 Özbəkistan (kapitan), 3 Ukrayna və 5 Azərbaycan
vətəndaşı olub. Təyyarə uçuş zamanı sürət yığarkən uçma-enmə
zolağından kənara çıxıb və qəzaya uğrayb.
Hesabatda qeyd olunur ki, torpaq ilə hərəkət zamanı təyyarə
ciddi şəkildə zədə alıb ki, bu da yanğına səbəb olub və nəticədə
təyyarənin böyük hissəsi məhv olub.
"Uçma-enmə zolağının çıxış kandarına təqribən 260 metr qalmış,
220 km/saat cihaz sürəti yığmış (maksimum yığılmış sürət)
təyyarənin "özünə" şturvalının lülələrinin əyilməyə başlaması qeydə
alınıb. Təyyarənin uçma-enmə zolağından qalxması baş verməyib.
Bütün zolaq boyu hərəkət edən təyyarə, 220 km/saat sürət ilə torpaq
hissəyə çıxıb", - deyə hesabatda bildirilir.
Həmçinin heyət üzvləri ilə son yoxlama sual-cavabı yerinə
yetirilən zaman hava gəmisinin komandiri tərəfindən vintlərin
dayağa quraşdırılması barədə komanda verilib. Bu göstərişdən sonra
birinci və dördüncü mühərrikdə, 17 saniyədən sonra isə ikinci
mühərrikdə fırlanma gücünü ölçən cihazın əhəmiyyətində kiçik artım
qeydə alınıb ki, bu, dolayısı ilə birinci, ikinci və dördüncü
mühərriklərin vintlərinin dayağa quraşdırılmasından xəbər
verir.
"Üçüncü mühərrikin vintinin dayağa quraşdırılmasını göstərə
biləcək əlamətlər isə qeydə alınmayıb", — deyə hesabatda
bildirilir.
"An-12" Sovet istehsalı olan hərbi nəqliyyat təyyarəsidir. Fəal
şəkildə hərbi məqsədlər, fövqəladə vəziyyətlər, hərbi texnika və
şəxsi heyətin daşınması, həmçinin sərnişin və yük daşınmaları üçün
istifadə olunur.