18:24
Prezident İlham Əliyev ipəkçiliyin və fındıqçılığın
inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və
fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial
imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına
əhalinin marağının artırılması məqsədi ilə qərara alıram:
1. Barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq
pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz
verilməsi məqsədi ilə "Kənd təsərrüfatının inkişafına dövlət
dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli
1081 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına 1,463 milyon (bir
milyon dörd yüz altmış üç min) manat, o cümlədən barama
toxumlarının alınmasına 163,0 (bir yüz altmış üç) min manat, tut
(çəkil) tinglərinin alınmasına 600,0 (altı yüz) min manat, fındıq
pöhrələrinin alınmasına 700,0 (yeddi yüz) min manat ödənilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
2.1. tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin
və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə
alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını
təmin etsin;
2.2. bu Sərəncamın 2.1-ci bəndinə uyğun olaraq, barama
toxumları, tut (çəkil) tingləri və fındıq pöhrələri əvəzi
ödənilmədən paylanılan məhsul istehsalçıları, habelə şəhər və
rayonların tələbatı barədə məlumatı Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
21:18
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı
bəzi məsələlər haqqında fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan
mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası" təsdiq
edilsin (əlavə olunur).
2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş "MİDA" Məhdud
Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri
vətəndaşların güzəştlə əldə etməsi Qaydası" bu Fərmanın 9.1-ci
bəndində nəzərdə tutulan "Güzəştli mənzil" sisteminin əsasnaməsi
ilə eyni tarixdə qüvvəyə minir.
3. "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra –
Cəmiyyət) sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi
məqsədi ilə "Elektron hökumət" portalında "Güzəştli mənzil" sistemi
yaradılsın və 2017-ci il mayın 1-dən tətbiq edilsin.
4. "Güzəştli mənzil" sistemi aşağıdakıları təmin etməlidir:
4.1. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə
edilməsi üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə
məlumatın mövcudluğunu;
4.2. Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək
istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata
alınaraq Cəmiyyətə göndərilməsini;
4.3. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə
edilməsi üçün tələb olunan və bu Fərmanın 6.2.1–6.2.4-cü
yarımbəndlərində nəzərdə tutulan məlumatların alınmasını;
4.4. Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək
məqsədi ilə müraciət etmiş şəxslərin Cəmiyyət tərəfindən vahid və
ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;
4.5. Cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək
məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin
yaradılmasını.
5. "Güzəştli mənzil" sisteminin təşkilini Azərbaycan
Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi
(bundan sonra – Agentlik), fəaliyyətinin təmin olunmasını isə
Cəmiyyət həyata keçirir.
6. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi:
6.1. "Güzəştli mənzil" sisteminin "Elektron hökumət" portalına
inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya
sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin
etsin;
6.2. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə
edilməsi üçün tələb olunan, aidiyyəti dövlət qurumlarının
informasiya sistemlərindəki aşağıdakı məlumatları Cəmiyyətin
"Güzəştli mənzil" sistemi vasitəsilə almasını təmin etsin:
6.2.1. mənzili güzəştlə əldə etmək istəyənin şəxsiyyətini təsdiq
edən sənəd üzrə məlumatları;
6.2.2. mənzili güzəştlə əldə etmək istəyən şəxsin nikah (və ya
nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatları;
6.2.3. mənzili güzəştlə əldə etmək istəyən şəxsin (birgə
borcalanın) iş yerini təsdiq edən məlumatları;
6.2.4. mənzili güzəştlə əldə etmək istəyən şəxsin ailə tərkibi
barədə məlumatları;
6.3. "Güzəştli mənzil" sisteminin təşkilində və fəaliyyətinin
təmin olunmasında Agentliyə və Cəmiyyətə kömək göstərsin.
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Müdafiə
Nazirliyinə, Ədliyyə Nazirliyinə, Gənclər və İdman Nazirliyinə,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Əmlak Məsələləri
Dövlət Komitəsinə və Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə
tapşırılsın ki, "Güzəştli mənzil" sisteminin fəaliyyətinin təşkili
üçün Agentliyə kömək etsinlər.
8. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq
olunmuş Qaydaya əsasən mənzillərin əvəzləşdirilməsi halları istisna
olmaqla, Cəmiyyətin, eləcə də onun törəmə və asılı təsərrüfat
cəmiyyətlərinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə
əldə etməsinə o şərtlə yol verilir ki, müvafiq müqavilədə mənzilin
üç il müddətində özgəninkiləşdirilməsinə, həmin mənzilin kredit
hesabına Cəmiyyətdən əldə edilməsi üçün ipoteka ilə yüklü edilməsi
halları istisna olmaqla, digər öhdəliklərin təminatı məqsədi ilə
ipoteka ilə yüklü edilməsinə, habelə üç il müddətində mənzilin
icarəyə və ya kirayəyə verilməsinə məhdudiyyət nəzərdə tutulmuş
olsun.
9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
9.1. "Güzəştli mənzil" sisteminin əsasnaməsinin layihəsini üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
9.2. bu Fərmanın 8-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətin
daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının dövlət büdcəsinin
vəsaiti hesabına aparılması üçün tədbirlər görsün;
9.3. "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin
vəsaitinin Cəmiyyətin sərəncamında olan mənzilləri vətəndaşların
güzəştlə əldə etməsinə yönəldilən hissəsini hər maliyyə ilinin
əvvəlində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla
müəyyən etsin;
9.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
9.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
9.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
11. "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel
tarixli 858 nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, № 4, maddə 663) 10.3-cü bəndi
aşağıdakı redaksiyada verilsin:
"10.3. "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına
verilən torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin
tikinti sahəsinədək mühəndis-kommunikasiya təminatı sisteminin və
xətlərinin (elektrik enerjisi, su, kanalizasiya, qaz, rabitə və
s.), həmçinin yolların Azərbaycan Respublikasının Prezidenti
yanında Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında
dövlət büdcəsinin vəsaiti hesabına çəkilməsi üçün, habelə tikinti
sənədlərinə əsasən tələb olunduğu hallarda bu torpaq sahələrində
mövcud mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin
köçürülməsi, yol-nəqliyyat infrastrukturunun yaradılması, ərazinin
abadlaşdırılması, layihədə nəzərdə tutulduğu halda sosial
obyektlərin (uşaq bağçası, məktəb və s.) tikinti-quraşdırma işləri
üzrə xərclərin onun müraciəti əsasında dövlət büdcəsinin vəsaiti
hesabına ödənilməsi üçün tədbirlər görsün;".