Bu gün Bakıda Avropa Azərbaycan Cəmiyyəti (TEAS)
tərəfindən təsis olunmuş Azərbaycan Müəllim İnkişafı Mərkəzinin
(AMİM) yeni binasının açılış mərasimi keçirilib.
TEAS-dan Axar.az-a verilən məlumata görə, açılış mərasimində
nitq söyləyən Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri
Tale Heydərov bildirib ki, Azərbaycan Müəllim İnkişaf Mərkəzinin
prezident İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın uğurla həyata keçirilməsinə
töhfə vermək məqsədilə yaradılıb. O, qeyd etdi ki, təhsilin
inkişafına dəstək Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyətində əsas
strateji istiqamətlərdən biridir.
Cəmiyyət 2011-ci ildə dünyanın ən qabaqcıl təhsil standartlarına
cavab verən Avropa Azərbaycan Məktəbini təsis edib. Məktəb haqqında
məlumat verən T.Heydərov dedi ki, 3-6 yaşlı uşaqlar üçün Erkən
Təlim Mərkəzi, İbitdai və Tam orta məktəbi özündə birləşdirən yerli
və beynəlxalq təlim proqramları üzrə təhsil verən kompleksdir.
Hazırda minə yaxın şagirdin təhsil aldığı bu model təhsil mərkəzi
Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) və Beynəlxalq
Məktəblər Şurasına (CIS) üzv qəbul edilib, həmçinin Beynəlxalq
Bakalavriat Təşkilatının Diplom Proqramı üzrə avtorizasiya
alıb.
TEAS sədri vurğulayıb ki, təhsil sahəsində layihələrimizin
davamı olaraq təlim prosesində əsas faktor olan müəllim hazırlığına
da xüsusi önəm verilib. Bu məqsədlə postsovet məkanında müəllim
hazırlığı üzrə yeni model – Müəllim İnkişaf Mərkəzi yaradılıb.
Mərkəzə müəllimlər üçün əlavə təhsil mərkəzi kimi dövlət tərəfindən
lisenziya verilib. Mərkəzin işini müsir standartlar səviyyəsində
təşkil etmək üçün beynəlxalq səviyyəli mütəxəssislər cəlb edilmiş
və müəllim hazırlığı üzrə yeni proqramlar yaradılıb. Mərkəzdə
müəllim hazırlığı üzrə ən müasir elmi-pedaqoji və tədris
kitablarını əhatə edən kitabxana yaradılıb və o, İT-yə əsaslanan
tədris avadanlıqları ilə təmin edilib.
Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktoru Qrem Polak
mərkəzin qarşısına qoyulan missiyanı uğurla yerinə yetirəcəyini
əmin olduğunu bildirib. O daha sonra məlumat verdi ki, 17 noyabrda
AMİM-in təşkilatçılığı ilə "Təlim Keyfiyyətinin Yüksəldilməsi" adlı
Beynəlxlaq Təlim Konfransının açılışı olacaq. İki gün ərzində
keçiriləcək konfransda 600-dən artıq iştirakçı qeydiyyatdan keçib.
Konfransda təhsil üzrə tanınmış məruzəçi və tədqiqatçılar, iki
tanınmış beynəlxalq məruzəçi - Bill Martin (ABŞ) və Debra Masters
(Yeni Zellandiya) çıxış edəcək.
Amerikalı təhsil mütəxəssisi Bill Martin təhsilin inkişafını
dəstəkləmək və müəllim hazırlığını təkmilləşdirilməsi məqsədi ilə
belə bir mərkəzin yaradılmasını olduqca əhəmiyyətli layihə
olduğunu, inkişaf edən Azərbaycan üçün bu istiqamətdə layihələrin
reallaşdırılmasının vacib hesab etdiyini bildirib.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar
Əliyev ölkəmizdə təhsil islahatlarının uğurla davam etməsində
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin də dəstək verəcəyini
vurğulayıb.
Sonra Mərkəzinin açılışını bildirən rəmzi lent kəsilib.