Bakının Binəqədi rayonunda Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Nəqliyyat
Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli, millət vəkili Azay
Quliyev, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş
direktoru Nəcəf Quliyev, həmçinin Bakı Nəqliyyat Agentliyinin
müvafiq şöbələrinin müdirləri və Binəqədi rayonu üzrə bələdiyyə
sədrləri və inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı
ilə görüş keçirilib.
BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsindən Axar.az-a
verilən məlumata görə, Binəqədi rayonunda qəsəbədaxili yolların
mövcud vəziyyətinin həmin ərazilərdə müasir sərnişin avtobuslarının
normal fəaliyyətinə imkan verməməsi ilə bağlı problemlərin operativ
aradan qaldırılmasının zəruriliyini vurğulayan A. Quliyev bildirib
ki, müvafiq dövlət qurumları arasındakı mövcud bürokratik baryerlər
məsələlərin çevik həll edilməsinə maneələr yaradır.
"Məhz bürokratik əngəllər səbəbindən qaynaqlanan bu kimi
yubanmalar sonda vətəndaşın ümumi dövlət qurumlarından narazı
qalmasına səbəb olur. Bunun üçün də yol-nəqliyyat infrastrukturu və
ictimai nəqliyyatla bağlı vətəndaş müraciətlərinə daha çevik
reaksiya verilməsi üçün müvafiq dövlət qurumları arasında
koordinasiyalı işin qurulması vacibdir", - deyə o vurğulayıb.
V. Kərimli isə bildirib ki, şəhərətrafı sərnişindaşıma xidməti,
qəsəbədaxili yolların vəziyyəti, həmin yollarda nəqliyyat
vasitələrinin intensiv və təhlükəsiz hərəkəti ilə bağlı BNA mühüm
tədbirlər həyata keçirir, vətəndaşlardan daxil olan müraciətlər də
mütləq şəkildə nəzərə alınır. Bəzi hallarda daxil olan vətəndaş
müraciətləri ilə bağlı aparılan təhlillər onların subyektiv
mövqedən qaynaqlandığını vurğulayan V. Kərimli marşrut xətlərinin
hərəkət sxemi, eləcə də hər hansı bir marşrut xəttinin açılması,
bərpası və ya dəyişdirilməsinin yalnız bir rayona deyil ümumi
şəhərin nəqliyyat şəbəkəsinə uyğun icra edilməli olduğunu görüş
iştirakçılarının diqqətinə çatdırıb.
"Hazırda paytaxtın ictimai nəqliyyat şəbəkəsinin
optimallaşdırılması icra edilməkdədir. Bu gün Bakı şəhərində, o
cümlədən Binəqədi rayonunda bir neçə dayanacaq fərqi ilə bir-birini
təkrarlayan marşrut xətləri mövcuddur ki, bu da yollarda tıxacların
yaranmasına, sərnişin axınının idarəedilməz hal almasına səbəb
olur. Optimallaşdırma tədbirlərindən sonra isə bu çatışmazlıqlar
aradan qaldırılacaq. Bakı Nəqliyyat Agentliyi müasir meqapolisə
çevrilən paytaxtın sistemli və sürətli inkişafına cavab verən
Nəqliyyat Planının hazırlanması üzərində iş aparır", - deyə V.
Kərimli qeyd edib.
V. Kərimli pilot layihədə qarşıya qoyulan problemlərə operativ
şəkildə müdaxilə edilməsi üçün işçi qrupunun yaradılmasını təklif
edib. Onun sözlərinə görə, işçi qrupuna BNA-nın, rayon icra
hakimiyyətinin, bələdiyyələrin və yerlərdə fəaliyyət göstərən digər
xidmət strukturlarının nümayəndələri daxil olacaq. Qərara alınıb
ki, işçi qrupunun səmərəli fəaliyyətini təmin etmək üçün xüsusi
tədbirlər planı hazırlansın.