Böyük Britaniya silahlı qüvvələrini münaqişə başa çatdıqdan sonra həyata keçirilə biləcək təhlükəsizlik zəmanətləri çərçivəsində mümkün Ukrayna missiyasına hazırlayır.
Axar.az xəbər veirr ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Con Hili parlament üzvləri qarşısında çıxışı zamanı deyib.
Hili bildirib ki, hazırda Britaniya qoşunlarının döyüşə hazırlıq vəziyyəti diqqətlə qiymətləndirilir:
“Həmçinin qüvvələrin mümkün yerləşdirilməsinə hazırlıq məqsədilə maliyyələşmənin ayrılması sürətləndirilib. Bu tədbirlər istənilən ssenariyə tam hazır olmaq üçün həyata keçirilir. London Parislə birlikdə Ukraynaya dəstək məqsədilə “istəkli ölkələr koalisiyası” çərçivəsində hərbi missiya konsepsiyasının hazırlanması üzərində çalışır”.
Nazir əlavə olaraq qeyd edib ki, gələn həftə Londonda Ukrayna, İtaliya, Polşa, Fransa və Almaniyanın müdafiə nazirlərinin iştirakı ilə görüş keçiriləcək və görüşdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı gələcək addımlar müzakirə olunacaq.