Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadanın Riyazi Elmlərin Araşdırılması üzrə Fields İnstitutunun direktoru professor Deirdre Haskellə görüşüb.
Qonağı səmimi salamlayan komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasəti barədə danışıb, xaricdə yaşayan azərbaycanlıların vahid diaspor şəbəkəsinin yaradılması ideyası haqqında məlumat verib.
Görüşdə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakıda keçirilən Forumu, azərbaycanlı elm adamlarının nüfuzlu xarici araşdırma mərkəzləri və ali təhsil ocaqları ilə əməkdaşlıqları, bu əməkdaşlıqlar çərçivəsində aparılan birgə elmi tədqiqatlar, konfranslar, təlimlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, hazırda dünyaca məşhur ali məktəblərdə, elmi araşdırma mərkəzlərində yüzlərlə azərbaycanlı alim çalışır, onların ixtiraları bir çox yerlərdə tətbiq olunur. Azərbaycan dövləti xaricdəki alimlərin fəaliyyətlərini hər zaman diqqətdə saxlayır, ölkəmizlə əlaqələrinin möhkəmlənməsinə xüsusi önəm verir.
Səmimi qəbula görə təşəkkürünü bildirən Deirdre Haskell Azərbaycana ilk dəfə gəldiyini və ilk səfərin onda xoş təəssüratlar yaratdığını xüsusi qeyd edib. Kanadalı professor bildirib ki, azərbaycanlı alimlərin uğurları və ölkəmizdə beynəlxalq standartlara uyğun kadrların hazırlanması barədə məlumatlıdır, alimlər arasında elmi mübadilənin genişlənməsinə də böyük maraq göstərir.
Komitə sədri Fuad Muradov Fields İnstitunun icra etdiyi layihələrə Azərbaycan diasporundan riyaziyyatçı alimlərin cəlb olunmasının vacibliyini vurğulayıb, komitənin həmin layihələrə qanunvericilik çərçivəsində hər hansı dəstəyin göstərilməsi istiqamətində imkanlarını qonağın diqqətinə çatdırıb.
Qonaq həmçinin, əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlı ADA Universitetində olduğunu diqqətə çatdırıb, burada tələbələr və alimlər üçün yaradılan şərait barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, Fields İnstitutunun ömürlük mükafatına layiq görülmuş ilk azərbaycanlı alim Məsud Əfəndiyev bir neçə ildir ki, komitə ilə adıçəkilən institut arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsində yaxından iştirak edir. Görüşdə elmi əməkdaşlıqların vacibliyini diqqət mərkəzinə gətirən Məsud Əfəndiyev dünyanın müxtəlif ölkələrinin elmi ictimaiyyəti ilə xaricdəki azərbaycanlı alimlərin əlaqələrin yaranmasında və intensivliyində Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi rol oynadığını vurğulayıb.