Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata və oğlun güllələnməsi hadisəsi cəmiyyətin diqqət mərkəzindədir. Son məlumata görə, hadisəni törədən şəxs 1973-cü il təvəllüdlü, Ukrayna vətəndaşı İvanenko Oleksandr Volodimiroviçdir. Belə ki, keçmiş hərbçi olduğu bildirilən şəxs İsmayıl Rəhimov və atası Fərmana yaxınlaşaraq onlara atəş açıb. Nəticədə 28 yaşlı İsmayıl hadisə yerində ölüb, atası isə xəsarət alıb. Həmin şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb.
Kiyevdə güllələnən azərbaycanlı ata və oğul haqda rəsmi qurumlar nə deyirlər? Onlarla bağlı hansı məlumatlar var?
Axar.az xəbər verir ki, mərhumun atası Fərman Rəhimov Globalinfo-ya açıqlamasında hadisəni törədən şəxsin həmin zaman sərxoş olduğunu deyib:
“İsmayıl olayın olduğu məkanda qarpız satırdı. Sərxoş biri oğluma yaxınlaşıb və qarpızın qiymətini soruşub. Sualını cavabladıqdan sonra ona burada qarpız satmağa kimin icazə verdiyini soruşub. Ardınca İsmayılın başından zərbələr endirib, döyərək gedib. Sonra oğlum mənə zəng elədi və baş verənləri danışdı. Həmin adam İsmayıla deyib ki, “gedirəm, amma yenidən gələcəm”.
Oğlundan zəng alandan sonra həmin yerə getdiyini deyən F.Rəhimov ardınca baş verənləri belə izah edib:
“Bir az keçmişdi ki, gördük gəlir, amma silahlı olduğu ağlımıza gəlmədi. Gələn kimi əvvəlcə İsmayılı, sonra məni güllələdi. Oğluma 5-6 güllə vurdu. Həmin şəxs bundan əvvəl də biz olan şəhərdə ətrafa bir neçə dəfə güllə atıb, həbs olunsa da, sərbəst buraxılıb”.
Müsahibimiz oğlunun nəşinin artıq Azərbaycana gətirildiyini bildirib.
“Müvafiq qurumların səyi nəticəsində ötən gün Bakıya gəldik. Dəfn mərasimi İsmayıllı rayonunda keçirilir”.
Qeyd edək ki, bundan əvvəl Kiyev vilayət prokurorluğunun rəhbəri Dmitro Prokudin yerli mediaya açıqlama vermişdi. Onun sözlərinə görə, hadisə yerinə ilk olaraq təsadüfən həmin ərazidə olan polis əməkdaşı gəlib:
“Həmin an o, xidmətdə olmayıb, amma vətəndaşlıq borcunu yerinə yetirib. Polis əli silahlı şəxsi dərhal saxlayıb. Sonra hadisə yerinə digər hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib, hücum edən şəxsi həbs ediblər. Ona qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb. Bu maddələrin ən ağırı iki və ya daha çox şəxsi öldürməyə cəhddir. Məhkəmə onu təqsirli bildiyi halda, bu maddələr ilə onu ömürlük həbs cəzası gözləyir”.
Prokuror qeyd edib ki, bütün lazımi ekspertizalar təyin edilib:
“Hazırda ibtidai istintaqda bu cinayətin irqi və ya milli ədavət və ya düşmənçilik zəminində törədildiyi barədə heç bir hal və ya əsas müəyyən edilməyib”.