Rumıniyanın paytaxtı Buxarestin 2-ci Sektor Yerli Şurası xüsusi qərar qəbul edib. Qərara əsasən, Parcul Tei parkında yerləşən Heydər Əliyev xiyabanında genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılacaq.
Axar.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin dəstəyi ilə həyata keçiriləcək. İcra olunacaq işlər çərçivəsində xiyabanın infrastrukturunun yenilənməsi, yaşıllıqların qorunması və ictimai istirahət məkanlarının müasir standartlara uyğunlaşdırılması nəzərdə tutulur.
Qərarda qeyd olunub ki, işlərin maliyyələşdirilməsi sponsorlardan təmin ediləcək. Müvəqqəti olaraq ərazi podratçı şirkətə təhvil veriləcək, işlərin başa çatmasından sonra isə yenidən bələdiyyəyə qaytarılacaq.
Sənədi 2-ci Sektorun başçısı Rareş Hopinca və baş katib Elena İspas imzalayıb. Qərar Buxarest Bələdiyyəsinin Rəsmi Monitorunda dərc olunub.