Bu gün Bakı Ağır Cinayətlər
Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Babək Əzimovun
cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası
başlayıb.
Report-un
xəbərinə görə, prosesdə hakim Faiq Qəniyev özü-özünə etiraz
edib.
Buna səbəb kimi hakim ibtidai istintaqı aparan müstəntiqlə qohum
olmasını göstərib.
Hazırlıq iclası dayandırılıb, cinayət işi dəftərxanaya təqdim
edilib. İş başqa hakimin icraatına veriləcək.
Qeyd edək ki, hadisə bu il fevralın 4-də Xızı rayonunun Giləzi
qəsəbəsində baş verib. Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan
1992-ci il təvəllüdlü Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş
xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb. Xızı Rayon Polis
Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə
zəminində törətmiş Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü
B.Əzimov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi mətbəx
bıçağı götürülüb.