Sahil qəsəbəsi, Qaradağ Sement Zavoduna yaxın ərazidə vulkan püskürməsi qeydə alınıb. Hadisə yerindən yayılan görüntülərdə vulkan kraterindən qalxan alov aydın görünür.
Axar.azMusavat.com-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, püskürmə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Hazırda mütəxəssislər vulkanın aktivlik səviyyəsini və ətrafa potensial təsirini qiymətləndirirlər.
Qeyd edək ki, Abşeron yarımadası palçıq vulkanlarının çoxluğu ilə tanınır və bu kimi püskürmələr ərazidə vaxtaşırı baş verir. Mütəxəssislərin fikrincə, bu hadisə bölgənin təbii geoloji proseslərinin davamı kimi qiymətləndirilir.
***
Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
"Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.
Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür", - məlumatda deyilir.
***
Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında oktyabrın 11-də saat 08:27-də püskürmə hadisəsi qeydə alınıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
"Hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır", - məlumatda qeyd olunub.
***
Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında oktyabrın 11-də püskürmə qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsindən məlumat verilib.
Bildirilib ki, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.
İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.
Üçüncü faza püskürmə isə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib.
Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul (enerjinin həcmi) olub.
Qeyd edək ki, vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.