Ötən ilin sonlarında mənim 50 yaşım tamam olanda baş
redktorumuz Rauf Arifoğlu haqqımda çox isti, duyğulu, gözəl bir
köşə yazmışdı. İndi elə çıxacaq ki, mən yazıyla əvəz-əvəz edirəm.
Elə deyil.
Zatən, illərdir xoş günlərdə, dar zamanlarda bir-birimizi
müdafiə edir, bir-birimizdən yazırıq. Mən 2000-ci ildə Rauf
Arifoğlunun türmədən xilas olunması üçün yazırdımsa, o 2002-də
mənim türməyə düşməməyim üçün yazırdı, Prezdent Aparatında birbaşa
dövlət başçısıyla dialoqa girirdi.
Həyatımız böylə keçdi – təlatümlərlə çarpışa-çarpışa, dar
günlərdə bir-birimizə çiyin verə-verə, arxa dura-dura. Yoxsa çox
çətin olardı.
Əvvəllər də yazılarımızda, müsahibələrimizdə keçib, yazmışıq,
demişik, bird aha təkrar edim ki, Raufla mənim tanışlığımın
tarixçəsi əsrin üçdə biri qədərdir. Tam 33 il. Bir qərinə. Az
müddət deyil. Biz tanış olanda yeniyetməlikdən az müddət idi
ayrılmışdıq, hələ üzümüzə tük də çıxmırdı. İndi saqqalı
ağartmışıq.
33 il öncə bizi bir-birimizə yazı-pozu həvəsimiz, şeirlr,
esselər yazmaq bacarığımız yaxınlaşdırmamışdı. Tanışlığımız təsadüfi səciyyəli idi.
Biz Gəncədə başqa-başqa ali məktəblərdə oxuyurduq və şəhərin fərqli
səmtlərində yaşayırdıq. İş elə gətirmişdi ki, mənim bir həmkəndlim,
qonşu-qohum oğlu da Raufla bir qrupda oxuyur, onunla eyni evdə
yaşayırdı. Mən onun yanına gedəndə 17 yaşlı Raufla tanış olmuşduq.
O zaman o, bizim qarşımıza əlindən yerə qoymadığı kitabla çıxmışdı.
Sonradan mənim ara-sıra şeir yazdığımı bilən İbrahim dedi ki, otaq
yoldaşım Rauf da şeir yazır.
Əslində şeir bizi birləşdirən dəyər ola bilərdi, amma elə bir
vaxt gəldi ki, şeir zamanı getdi. Xalq-azadlıq hərəkatı dönəmində
şeir vaxtı deyldi. Azman imperiya ilə mübarizədə, haqq-ədalət,
demokratiya uğrunda savaşda kövrək misralar gücsüz idi. İnsanara
titrək, romantik misralar lazm deyildi, tutarlı, kəskin, sanballı
söz lazım idi. Ona görə də o dövrdə ədəbiyyatla maraqlanan, söz
sənətini sevən adamların əksəriyyəti kimi, bizim də düşüncələrimiz
həzin misralardan transfer edib alovlu siyasi publisistikada özünə
mənzil etdi.
Ötən əsrin 80-ci illərinin sonlarında ədəbi-bədii hadisə kimi
meydana çıxmış "Gənclik" jurnalinda "Rauf Abbasov" imzasıyla
olduqca maraqlı, həm də yeni janrda yazı oxudum. Bu gün ona esse
deyirlər. İbrahim dedi ki, bilirsənmi o yazını kim yazıb, mənimlə
bir otaqda qalan uzun oğlan, tovuzlu, Rauf. Xatırladım.
Həmin yazı gerçəkdən yaxşı yazıydı. Üstündən 30 ilə yaxın vaxt
keçib, o yazının məzmununu hələ də xatırlayıram. Gənc məzun
yolayrıcında qaldığını yazırdı. Bu yollardan biri haqq-ədalətin
hökm sürdüyü, dürüst cəmiyyətə aparan xəyali yol idi, digəri isə
rüşvət-korrupsiya bataqlığına uzanan real yoldu. Müəllif şərabçı
texnoloq olaraq milyonlarla pul-paranın dövr etdiyi emal
sənayesində çirkaba bulaşmaq istəmirdi, dürüst, vicdanlı vətəndaş
olaraq özünü realizə etmək arzusunu yazırdı.
Gerçəkdən də o dönəmdə şərab emalı zavodlarının hamısı olduqca
rentabelli işləyən milyonçu müəssisələr idi. Azərbaycan çaxırı
şimal ellərində su kimi içilirdi, hər gün milyon dekalitrlərlə
şərab vaqon-sisternlərlə SSRİ məkanına göndərilirdi və əvəzində
ölkəyə milyonlar gəlirdi. O dövrdə şərab emalı zavodlarının
rəhbərləri, o cümlədən "vinotdel" adlandırılan şərab şöbəsinin
müdirləri qeyri-rəsmi mlyonçular hesab olunurdu. Şərabç texnoloq
olan Rauf Abbasov "vinotdel" vəzifəsinin və milyonların bir
addımlığında idi, amma bunu istəmirdi, hətta bu fikrini respublika
mətbuatında yazıb ictimailəşdirmişdi.
Elə çıxa bilər ki, qismətdə "vinotdel" Abbasov yox, jurnalist
Rauf Arifoğlu olmaq varmış. Amma məncə, bu qismətdən çox, şüurlu
seçimin məntiqi nəticəsidir.
Bir-iki ildən sonra Bakıya gələndə İbrahimlə birlikdə jurnalist
Rauf Arifoğlunun yanına, "Yeni Müsavat"ın redaksiyasına getdik. Mən
içəri girən kmi o da məni tanıdı və 8 il əvvəl yazdığım şeirin bir
misrasını əzbədən dedi. Mat qalınası iş idi. O şeir yazıb atmış,
unutmuşdum, yadımda cəmi iki-üç misrası qalmışdı. Heç demə, mən o
şeiri İbrahimin maqnitofonunda bir audiokasetə yazmışam, kaset isə
Raufun sevimli mahnılarından ibarət imiş. Nəticədə o sevimli
mahnılarn biri pozulub, əvəzində mənim şeirim onların otağında
bir-neçə ay məcburi qaydada səslənib.
Sonra iş elə gətirdi ki, biz bir qəzetdə işləməli olduq. Bax, bu
təsadüfən olmadı. Bizi birləşdirən dəyərlər artıq çox idi –
Qarabağ, azadlıq, demokratiya, jurnalistika, siyasi mübarizə…
Başqa sözlə, biz 1983-cü ilin sonlarında İbrahimin vəsiləsiylə
tanış olmasaq da, 1993-də eyni partiyanın üzvləri və yazı-pozu
adamları olaraq tanış olacaqdıq.
Budur, 20 ildən (arada qısa fasilələr də olub) çoxdur ki, bir
kollektivdə çalışırıq. Sutkanın az qala yarısını bir yerdə oluruq,
xoş və naxoş günlərimiz birdir.
Rauf bəy parlaq istedad, iti zəka sahibidir. Onun xarakterik
xüsusiyyətləri arasında ən öndə gələnlərindən biri də, məncə,
fəhmi, intuisiyasıdır. O zamanın nəbzini tutmağı bilir. Bəzən kanat
üzərində öz tarazlığını şüvüllə qoruyan kəndirbaza dönməli olur.
Bəzən uçurumun kənarıyla, dərin girdaba baxa-baxa irəliləməyə
məcbur qalır. Yaratdığı media-qrupun salamatlığı, rəhbərlik etdiyi
kollektivlərin üzvlərinin təhlükəsizliyi və dolanışığı üçün
əziyyətlər çəkir, nələrəsə dözməli olur. İndiki zamanda üzdə
qalmaq, mövcudluğu qorumaq, bunu sonadək bacarmaq çox çətindir.
Pəs etmək isə asandır. Bir gün bezirsən, çamadanını da qablayıb,
ya doğulduğun yerlərə qayıdırsan, ya da bəxtəvər ölkələrə
sığınırsan, hər şeyi yenidən başlayırsan, ya da bitirirsən. Ancaq
Rauf Arifoğlu pəs edənlərdən deyil, dirəşəcək, sona qədər
çarpışacaq. Belə olmasaydı, son 20 ildə bağlanan, yox olan
qəzetlərdən biri "Yeni Müsavat", sabiq olduqdan sonra unudulan baş
redaktorlardan biri də Rauf Arifoğlu olardı.
Əslində, əvvəllər onun xarakterində daha bariz planda olan
öcəşkənlik və dirəşkənlik zaman-zaman ona problemlər yaradırdı.
Məsələn, yazdığı yazılara görə ali saraylarda R.Arifoğlunun sıradan
çıxarılmasına dair müzakirələr getdiyi, planlar qurulduğu bir
vaxtda üzvü olduğu partiyada və müxalif düşərgədə də məsələsi
müzakirə olunur, qəzetinə qarşı yamanlıq yapılırdı. Bu bezikdirici
situasiyada, tükənməz intriqalar burulğanında duruş gətirmək çətin
idi.
Artıq Rauf Arifoğlu elə bir yaşdadır ki, çılğın gənclik
şövqünün, entuziazmın, hər şeyi
mübahisə ilə həll etmək ehtirasının yerini yetkin insan təmkinliyi,
ağıl-kamal, təcrübədən çıxış, bir çox konfliktləri müzakirəylə,
qarşılıqlı anlaşmayla həll etmək müdrikliyi alıb. Bu, 20-30
yaşlarda olmur, gəlib 50-də olur.
Biz gəlib yetişdiyimiz bu 50 yaşda çox məyusluqlar yaşadıq
(təkcə uduzulmuş seçkiləri, zorla dağıdılmış mitinqləri, həbsləri,
təzyiqləri hesablasaq, mənzərə aydın olar), çox məhrumiyyətlər
yaşadıq, çox sınaqlardan keçdik. Yorulduqmu? Yorğunluq var,
əlbəttə. Pəs etdikmi? Etmədik. Pəs etmək yox. Rauf Arifoğlunun
kitabında "Pəs etmək" fəsli yoxdur, "Hədəfə doğru irəli" bölümü
var. Onu da özü yazır.