Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə və mətbuat vasitəsilə yayılan çağırışlara baxmayaraq, hələ də bəzi piyadalar yol hərəkəti qaydalarına etinasız yanaşır, müəyyən olunmayan yerlərdən keçərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar.
Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciətində bildirilib.
Müraciətdə qeyd edilib ki, yolun hərəkət hissəsinə qəfil çıxmaq, nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını düzgün qiymətləndirməmək, yaxın məsafədən yolu keçməyə cəhd göstərmək çox zaman faciəvi nəticələrə gətirib çıxarır. Unutmaq olmaz ki, sürücü üçün hər an dayanmaq mümkün deyil və piyada məsafəni səhv hesabladığı anda artıq hadisənin qarşısını almaq mümkün olmur.
Bəzi hallarda piyadalar yaxınlıqda yerləşən piyada keçidinə bir neçə addımlıq məsafə olsa da, qaydanı pozaraq yolun istənilən yerindən keçməyə üstünlük verirlər. Bu isə həm onların, həm də həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri üçün əlavə təhlükə yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına müraciət edərək xatırladır ki, piyada yolun hərəkət hissəsinə yalnız bu məqsədlə nəzərdə tutulmuş keçidlərdən daxil olmalı, işıqforla tənzimlənən yerlərdə siqnalların tələbinə əməl etməli, yolu keçməzdən əvvəl hər iki istiqamətə diqqətlə baxmalı və avtomobilin tam dayanmasına əmin olduqdan sonra hərəkət etməlidir.