Bakı Apellyasiya Məhkəməsində 1987-ci il təvəllüdlü Fəxrəddin Cavanşirovun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Axar.az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu iclasda qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxslərdən birinin hüquqi varisinin nümayəndəsinin və təqsirləndirilən şəxsin apellyasiya şikayətləri təmin edilməyib, eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmü dəyişdirilib. Belə ki, onun 9 il 10 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 10 ay 5 günə endirilib.
İttihama görə, Fəxrəddin Cavanşirov vətəndaşlardan biznes qurmaq adı ilə müvafiq olaraq 630 min, 196 min, 268 min, 120 min, 133 min manat alaraq ələ keçirməsi məlum olub.
İş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, Fəxrəddin özünü bacarıqlı, uğurlu biznesmen kimi təqdim edib və aldatdığı şəxslər bir-biri ilə qohum olub. O, yaxşı münasibətdə olduğu həmin insanlara özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib. Tanışlarına deyib ki, əgər sərmayə olaraq külli miqdarda pul verərlərsə, onları da öz biznesinə şərik edərək, qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir götürəcəklər. Bu cür yalan vəd verməklə onları aldadıb.
F.Cavanşirova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, F.Cavanşirov 2021-ci ildə də 165 min manatlıq dələduzluq işinə görə həbs edilmişdi.