Hesablama Palatası
Meliorasiya və Su Təsərrüfatı ASC-də aparılan audit nəticələrini
açıqlayıb.
Axar.az xəbər verir ki, qurumun həyata keçirdiyi "Sudan
İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək" layihəsi üzrə
vəsaitlərdən istifadədə ciddi nöqsanlar aşkarlanıb.
Layihənin qiyməti ilkin olaraq 114,3 mln. dollar məbləğində
müəyyən edilib, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi məbləğ
80 mln. dollar, Azərbaycan hökumətinin maliyyələşdirdiyi məbləğ isə
34,3 mln. dollar nəzərdə tutulub.
Layihənin əsas məqsədi onunla əhatə olunan kənd təsərrüfatı
təyinatlı suvarılan torpaq sahələrində təsərrüfatdaxili suvarma
suyunun paylanılması və idarə edilməsinin daha da səmərəli təşkil
edilməsi olub. Layihənin icra olunduğu 2011-2015-ci illərdə 90,5
mln. dollar məbləğində, yəni layihənin qiymətinin 79,2%-i həcmində
vəsait istifadə edilib. Nəticədə kredit vəsaitlərindən istifadə
müddəti daha bir il uzadılıb.
Layihə çərçivəsində keçirilmiş satınalmalar üzrə bağlanmış
müqavilələrin icra və ödəniş qrafiklərinə müxtəlif səbəblərdən
(inzibati, təşkilati, maliyyə və s.) dəyişikliklər edilərək illik
maliyyə planlarında dəqiqləşdirmələr aparılsa da, həmin planlara
tam riayət edilməyib.
Layihənin həyata keçirilməsi üzrə İşçi qrupu (LHKQ) ilə
layihənin təşkilati strukturuna daxil olan və ASC-nin rayon suvarma
sistemləri idarələri (RSSİ) ilə əlaqəli fəaliyyət göstərən Rayon
Dəstək Qrupları (RDQ) arasında nəticələr üzrə müqavilələr
bağlanılmadığı müəyyən olunub. Bununla yanaşı, layihə çərçivəsində
bərpa işlərinin başa çatmasına baxmayaraq, Sudan İstifadəedənlər
Birliklərinin (SİB-lərin) 20 il müddətinə sistemlərdən istifadə
etmək, istismar və texniki xidmət göstərmək üçün öhdəliklərin qəbul
edilməsi barədə infrastrukturun uzunmüddətli istifadəsinə dair
RSSİ-lərlə müvafiq sazişlərin bağlanılması təmin edilməyib.
Eyni zamanda, layihə çərçivəsində SİB-lərin fəaliyyətinin
təkmilləşdirilməsi, faydalı iş əmsalının daha da artırılması
məqsədilə SİB-lərə təhvil verilmiş ofis binalarının yerləşdiyi
torpaq sahələrinə dair istifadə hüquqlarının torpaq
qanunvericiliyinə uyğun olaraq tam rəsmiləşdirilməsi
aparılmamasıdır.
Cəmiyyətin SİB-lər üzrə nəzarət bölməsinin potensialının
artırılması (gücləndirilməsi), bu bölmənin fəaliyyətinin Layihənin
Mərkəzi Dəstək Qrupu (MDQ) və LHKQ ilə sıx koordinasiya edilməsi,
SİB-lərin "Meliorasiya və irriqasiya haqqında" qanunun tələblərinə
müvafiq fəaliyyət göstərməsi tam təmin edilməyib.
17 RDQ-nin təmiri başa çatmış ofis binalarına və LHKQ-nin
ofisinin təmirinə xərc edilmiş vəsait, habelə istismara qəbul
edilmiş 15 mln. 269,8 min manat dəyərində 7 suvarma-drenaj
infrastrukturu obyekti aidiyyəti qurumların balansına
verilməyib.
Eyni zamanda, layihənin hədəf göstəricilərinə nail olunması
vəziyyətinin araşdırılması nəticəsində müəyyən olunub ki, 2015-ci
ilin sonuna nəzərdə tutulmuş kəmiyyət göstəricilərinə tam,
keyfiyyət göstəricilərinə isə qismən nail olunub. Belə ki,
layihənin əsas nəticə göstəricilərinə (hədəflərinə) nail
olunmasının qiymətləndirilməsi üzrə əhatəlilik, müvafiq uçot və
müqayisələrin dəqiq aparılması, müvafiq nəticə göstəriciləri üzrə
layihə ilə əhatə edilən SİB-lərdə məhsuldarlığın artımı, əkinlərin
suvarma suyuna olan tələbinin təmin edilməsi, suvarma xidmət
haqqının yığım faizinin artırılması, habelə SİB-lərin potensialının
gücləndirilməsi tədbirlərinin davamlılığı tam təmin edilməyib.
APA-nın məlumatına görə, Hesablama Palatasının kollegiyası
Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən həyata keçirilən
"Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək" layihəsi
üzrə vəsaitlərin istifadə edilməsində yol verilmiş nöqsanların
aradan qaldırılması barədə qərar qəbul edib, icra olunması və
həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat
verilməsi məqsədilə qərarın surəti Meliorasiya və Su Təsərrüfatı
ASC-yə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.