Yuxarı

Prezident Xankəndidə açılışlar etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Xankəndidə açılışlar etdi - Foto

14:40

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Axar.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına görülmüş işlər barədə məlumat verdi.

Bildirilib ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.

Dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verildi.

Bildirildi ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.

Yeni akademik məzmunun formalaşdırılması, müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların inkişafı, innovativ idarəetmə və nəticəyönümlü elmi tədqiqatlar fakültənin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb. Bir sözlə, bina tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verən geniş və müasir infrastruktura malikdir.

Yaradılmış şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun iqtisadiyyat və biznes istiqamətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi-tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq.

Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir kampusun formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda yüksəksəviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-2025-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin, tələbə yataqxanasının, Klinika binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimlərində də iştirak edib.

Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbə təhsil alır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

“Azərenerji” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

Bildirilib ki, yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Bu Micro-SCADA sistemi “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq.

Dövlətimizin başçısına Qarabağ və Şərqi Zəngəzurda 1000 kilometrədək məsafədə yaradılmış dairəvi elektrik təchizatı sisteminin və istismarının təşkilində innovativ texnologiyaların tətbiqi barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, “AzərEnerji” ASC tərəfindən Qarabağda və Şərqi Zəngəzurda rekord müddətdə - cəmi 5 il ərzində 1000 kilometr uzunluğunda yüksəkgərginlikli ötürmə xətləri çəkilərək 12 yeni yarımstansiya ilə zəncirvari şəkildə əlaqələndirilib, 330 və 110 kV-luq ikipilləli dairəvi elektrik təchizatı yaradılıb. Bunun üçün yeni Cəbrayıl Enerji Qovşağı inşa edilib, “İmişli”, “Ağcabədi” və “Gəncə” yarımstansiyaları tam yenidən qurulub. Bu, Qarabağın və Şərqi Zəngəzurun enerji tarixində ən böyük yenilikdir, belə ki, istənilən istiqamətdə qəza baş verərsə, fasilə yaranmadan digər istiqamətdən avtomatik və dayanıqlı enerji təmin olunacaq.

Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən istismarın təşkili üçün tətbiq edilən növbəti innovativ yenilik Qarabağda və Şərqi Zəngəzurdan başlanılmaqla bütün ölkəni əhatə edəcək Rəqəmsal Texnologiyalarla Yarımstansiya və Hava Xətlərinin Monitorinqi və Analizi sistemləridir. Bunun üçün ən müasir rəqəmsal cihaz və qurğular alınıb, yerli gənc mühəndis heyətinin xarici ölkələrdə ixtisasartırma kurslarında iştirakı təmin olunub. Yeni sistem avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqliyə malik kameralar və teplovizorlarla elektrik stansiyası, yarımstansiya və xətlərdə görüntülərin əldə edilməsini, emalını və serverə göndərilməsini, həmçinin lazer texnologiyaları vasitəsilə ölçülərin, məsafələrin və qızma nöqtələrinin müəyyənləşdirilməsini təmin edir, beləliklə, adi gözlə görünməsi mümkün olmayan qəza riskləri aşkarlanır.

Prezident İlham Əliyevə “AzərEnerji” ASC tərəfindən “Yaşıl enerjiyə keçid” meqalayihələri barədə də məlumat verildi. Qeyd edildi ki, ölkənin ən böyük yarımstansiyası — 500 kV-luq “Nəvahi” yarımstansiyasında işlər tamamlanıb, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi üçün Cəbrayılda 330, Səngəçalda isə 220 kV-luq yarımstansiyaların tikintisi yekunlaşıb. Azərbaycanda bərpaolunan enerji mənbələrinin dinamik inkişafı üçün Batareya Enerji Saxlanc sistemlərinin yaradılması sürətlə davam edir. MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc sistemləri olan bu enerji obyektləri “Abşeron” və “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur. Ölkədə yeni yaradılan 2 QVt bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq və enerji sisteminin dayanıqlılığını gücləndirmək məqsədilə Geniş Ərazi Monitorinq və Geniş Ərazi İdarəetmə sistemləri tətbiq edilir.

Tarix
2025.12.23 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants

Azərbaycandan Ermənistana gedən qatar Böyük Kəsiyə çatdı

Liderlər İlham Əliyevi təbrik edir

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

Dmitri Medvedyev İlham Əliyevə məktub göndərdi

Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi

Qətiyyətli Lider!

Milli Məclisin növbəti iclası başladı

Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla