Məmur ərini öldürməkdə təqsirləndirilən qadının
məhkəməsi başa çatmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb.
Maddi sübutlar məhkəmədə tərəflərin iştirakı ilə müzakirəyə
çıxarılıb, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları
məhkəmə zalında elan olunub.
Musavat.com
xəbər verir ki, ən səs-küylü məhkəmə proseslərindən olan və
dəhşətli qətlin üstünün açılması üçün açılan cinayət işi üzrə artıq
2 ilə yaxındır araşdırmalar davam edirdi.
Söhbət Bakı Ağır Cinayətlər Məhkəməsində ərini, Daşınmaz Əmlak
üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli
İsgəndərovu öldürməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın
cinayət işindən gedir.
Qətl hadisəsi 2014-cü ilin senyabrında baş verib. Xalidə
İsgəndərovanın və hadisə zamanı yanında olan kiçik qızı Əmanənin
istintaqa verdikləri ilk ifadələrə görə qətli törədən naməlum bir
şəxs olub və o, evə tamah məqsədi ilə girib. Lakin hadisədən 8 ay
sonra Xalidə İsgəndərova ərinin qətlində şübhəli bilinərək həbs
edildi. Həm də qızı Əmanənin ifadəsi əsasında. Lakin sonradan
məhkəmədə ifadə verən Əmanə bu dediklərini inkar edib.
"Müstəntiq məni aldatdı. Dedi ki, belə ifadə versən, ananı
dəlilik kağızı ilə azadlığa buraxa bilərik. Yoxsa, ömürlük həbs
ediləcək"- Əmanənin məhkəmədəki ifadəsindən.
Məhkəmə istintaqı başa çatdı.
Sonuncu məhkəmə prosesində hakim Əfqan Hacıyev məhkəmə
istintaqının başa çatdığını elan edib. Prosesin əvvəlində
zərərçəkmiş kimi tanınan mərhumun atası Haqverdi İsgəndərov nəvəsi
Əmanənin müstəntiqə verdiyi ilk ifadəsinin, hadisə yerində
yoxlanması zamanı çəkilən videogörüntülərin məhkəmə zalında
izlənilməsini istəyib. Əmanənin hər iki ifadəsi məhkəmədə
izlənilib.
Əmanənin həmin ifadələrindən sitatlar:
"Hadisə yerindən tapılan medalyonu ora anam atmışdı. İz itirmək
üçün. Sonradan həmin medalyonun qatilə aid olduğunu dedik".
"Evimizin yanında olan torpaq ərazidə olan ayaq izlərini də anam
qoymuşdu. Qatilin ayaq izi olduğu kimi bilinsin deyə".
"Bacımın toyundan gəldik. Axşam xalam zəng elədi ki, nənəmin
vəziyyəti pisləşib. Anam getmək istədi. Ancaq atam aparmadı.
Mübahisə etdilər. Axşam yatdıq. Səhər isə bu hadisə baş verdi. Anam
skaypla Türkiyədə olan İlyas dayımla mənim telefonumla danışdı.
Hadisəni törətdiyini dedi. Dayım 1 ay sonra Bakıya gəldi".
Daha sonra izlənilən videogörüntüdə Əmanə müstəntiqlə birlikdə
hadisənin baş verdiyi evlərində ifadəsini təkrarlayıb.
Məhkəmə prosesində hakim Əfqan Hacıyev maddi sübutlar arasında
yer alan, hadisə yerindən tapılan medalyonu vəkillərə göstərib.
Ərini öldürməkdə təqsirləndirilən qadının məhkəmədəki
susqunluğu.
Məhkəmə istintaqı başa çatarkən hakim tərəflərə müraciət edərək
başqa tələblərinin olub-olmamasını soruşub. Tərəflər məhkəmə
istintaqının yekunlaşmasına etiraz etməyib. Hakim Xalidə
İsgəndərovadan da məhkəmənin bu mərhələsi ilə bağlı fikrini
soruşub. Lakin X.İsgənədərova əvvəlki proseslərdə olduğu kimi bu
dəfə də susqunluğunu qoruyub və danışmayıb.
Dövlət ittihamçısı Xalidə İsgəndərovaya iş
istəyəcək.
Növbəti məhkəmə prosesi avqustun 24-də keçiriləcək. Prosesdə
dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsə iş
istəyəcək. Daha sonra isə təqsirləndirilən şəxsin və zərərçəkmiş
tərəfin vəkilləri çıxış edəcək. X.İsgəndərovaya da son söz
veriləcək.
Qətldə bu günə qədər müəmmalı qalan
məqamlar
19 bıçaq zərbəsi ilə öldürülən F.İsgəndərovanın qətlində əsas
şübhəli olaraq xanımı həbs edilsə də işdə bəzi müəmmalı məqamlar
diqqət çəkir. Bu müəmmalar təqsirləndirilən şəxsin vəkilləri
tərəfindən məhkəmə proseslərində səsləndirilib. Müəmmalı
məqamlardan biri şahidlərdən birinin gördüyü naməlum şəxsdir. Belə
ki, şahid kimi ifadə verən Sahib İbrahimov qətlin baş verdiyi
mənzilin yaxınlığındakı tikinti şirkətində sahə rəisi olaraq
çalışır. O, polisə ifadəsində hadisə baş verəndən bir neçə dəqiqə
sonra naməlum şəxsin ondan avtomobil yoluna necə çıxa biləcəyini
soruşduğunu deyib.
Digər bir məqam isə hazırlanan fotorobotla bağlıdır. Fotorobot
təqsirləndirilən şəxsin, onun kiçik qızı Əmanənin və tikinti
şirkətinin əməkdaşı olan Sahib İbrahimovun ifadəsi əsasında
hazırlanıb. Vəkillər bildirib ki, hər üç şəxsin verdiyi ifadələrə
əsasən hazırlanan fotorobotlarda böyük oxşarlıq var.
Ən əsas müəmma isə qətlin baş verdiyi evin yaxınlığından tapılan
maska ilə bağlıdır. Cinayət işi materiallarında yer alan Su
Anbarının ərazisinə baxış protokolunda maskanın tapıldığı qeyd
edilir. Həmin maskanın qadın corabından düzəldiyi qeyd edilir.
Sonradan həmin maska maddi sübutlar sırasından çıxarılaraq məhv
edilib. X.İsgəndərovanın vəkilləri bununla bağlı öz etirazlarına
bildiriblər.
Sahə rəisinin dediyi ifadələr də diqqət çəkən olub. Belə ki,
polis əməkdaşı ifadəsində hadisə yerinə baxış zamanı nəzarət
kamerasında naməlum şəxs gördüklərini, ancaq sonradan həmin şəxsin
kimliyinin araşdırılmadığını deyib.
Bir qətllə dağılan iki ailə…
Ailənin böyük qızı Bülbül isə məhkəmədə verdiyi ifadəsində
qətldə anasından və bacısından şübhələndiyini bildirirdi. Bülbül
bacısının ona hadisəni etiraf etdiyini iddia edirdi. Hadisədən
sonra Əmanə xalası və dayısı, Bülbül isə bibisi və əmisinin
himayəsində yaşamağa başlayıb. Bülbül daha sonra bibisindən
ayrılaraq tək yaşamağa başlayıb.
Qətl hadisəsi Bülbülənin toyundan bir gün sonra baş vermişdi.
Bülbülənin yeni qurduğu ailədə də xoşbəxtliyi uzun çəkməyib. O,
hadisədən qısa müddət sonra boşanıb.
Bülbülə ifadəsində atasının ölümü ətrafında baş verən
qalmaqalların mülklərlə bağlı olduğunu deyirdi. Atası məmur
olduğundan ona məxsus obyektlər, mənzillər və digər mülklər
qohumlarının adına olub. O, bəzi qohumlarının mülk üstündə olan
maraqlarına görə işə müdaxilə etdiklərini söyləyirdi.
Bu günə qədər məmur ərinin qətlində təqsirləndirilən
X.İsgəndərovanın fotosu yayımlanmamışdı.
Xatırladaq ki, qətlə yetirilən F.İsgəndərov həm də sabiq maliyyə
naziri Əvəz Ələkbərovun xalası oğludur.