2 il ərzində ölkə
mediasında brend kimi foprmalaşmağı bacaran "Gündəlik Teleqraf" və
"Publika.az" bu günlərdə ad günü əhval-ruhiyyəsindədir. "Axar.az"
adından onların doğum gününə əliboş getsək də, diktofonu dolu
qayıtdıq. Maraqlı söhbətlər, məzəli mübahisələr və bolluca
deyib-gülmək.
"Gündəlik Teleqraf" və
"Publika.az" heç kimin təkrarı deyil
Redaksiya ilə tanış olmazdan
əvvəl Teleqraf MMC-nin rəhbəri Aynur Camalqızı ilə 2 yaşlı
balacanın uğur və şıltaqlıqlarından danışmaq istədik. Öz işlərini
yarım saatlığa kənara qoyub bizə vaxt ayıran Aynur xanım 2 yaşlı
sayt və qəzetin özünü yaşına uyğun aparmadığını deyir: "2 ildir
fəaliyyət göstərməyimizə baxmayaraq, mənə elə gəlir ki, 20 ildir
işləyirik. Bu 2 il ərzində 20 il yol keçmiş qəzetlərlə eyni sırada
dayanmağa iddia etməyə haqqımız var. Sevinirəm ki, "Gündəlik
Teleqraf" və "Publika.az" heç bir saytın və ya qəzetin təkrarı
deyil. Bizim öz dəst-xəttimiz, öz oxucu auditoriyamız var. Bu gün
bizim yazdıqlarımızla hesablaşırlar. Keçən illə müqayisədə
qəzetimizin abunəçilərinin sayı artıbsa, bu bizə olan maraqdan
irəli gəlir.
"Publika.az"ın fəaliyyətini isə xüsusilə vurğulamalıyam.
Saytımız mediamızda birinciliyə iddialılar arasındadır. Sevinirəm
ki, bütün media orqanları bu gün "Publika.az"ın özəl xəbərlərinin
arxasınca gedir. Kifayət qədər uğurlarımız var və bu məni çox
sevindirir. Kollektivimizin getdikcə genişlənməsi də mənim üçün çox
əhəmiyyətlidir. Bu qədər istedadlı gəncin bir yerdə, bizimlə
çalışması məni qürurlandırır. Burada işləyən hər kəs yüksək məvacib
ala bilir".
Aynur xanım əlavə edir ki, "Gündəlik Teleqraf" və "Publika.az"
Azərbaycan mediasına rəqabət mühiti gətirib: "Media kapitanlarına
elə gəlirdi ki, artıq Azərbaycan mediasında bütün yerlər tutulub.
Biz bu stereotipləri qıra bildik. Sübut etdik ki, istənilən vaxt
mediaya gəlmək olar. Bizim sıralarımıza yeni qoşulan "Axar.az" isə
qısa zaman ərzində çoxlarının inanmayacağı bir uğura imza atdı.
"Axar.az" bu gün bütün uğurlarını redaksiya rəhbərliyinə
borcludur".
Ciddi yazı axtaranların
qəzeti "Gündəlik Teleqraf"
Aynur Camalqızı sayt və
qəzetin oxucu təbəqəsindən də danışır. Deyir ki, "Gündəlik
Teleqraf"ı daha çox ciddi yazı oxumaq istəyənlər alır: "Qəzetin
oxucuları arasında dövlət qulluqçuları, məmurlar daha çoxdur.
"Publika.az"ın auditoriyası isə özü kimi geniş və rəngarəngdir.
Orada ciddi yazılarla yanaşı şou xəbərlərinə, kriminal, siyasi
yazılara da rast gələ bilərsiniz. "Publika.az"ın həyata keçirdiyi
layihələr onun uğurunun səbəbkarıdır".
MMC rəhbəri işçiləri ilə dost münasibətində olduğunu deyir.
Aynur Camalqızının şəxsi otağının qapısı redaksiyada işləyən hər
kəsin üzünə açıqdır: "Redaktorlardan tutmuş ən yeni gəlmiş yazarlar
və redaksiyamızın ən siravi əməkdaşı, texniki işçilər belə,
istədikləri vaxt qapımı döymədən içəri girə bilir. İşçilərimizlə
məsafə saxlamıram. Ancaq bir səhv olduğunda da bunun hesabı mütləq
sorulur"(gülür).
Otağa ən çox zəng edən Naibə
xanımın qayınanasıdı
Vaxt çox itirmədən birbaş
yollanırıq səs gələn tərəfə. Əslində, Aynur xanım bizimlə danışanda
"Gündəlik Teleqraf"ın sakit olduğunu desə də, deyəsən, bizim
gəlişimiz çal-çağır vaxtına təsadüf etmişdi. Ev yiyələri bizi gülər
üzlə qarşıladı. Söhbətə redaksiya telefonu ilə açıqlama alacaq
şəxslərdən çox qayınanası ilə danışan Naibə Qurbanova ilə başladıq.
Redaksiyadakılar deyir ki, otağa ən çox zəng edən Naibə xanımın
qayınanasıdı.
N.Qurbanova bizimlə söhbətə dadlı konfetlə başladı. Hərçənd bizə
təklif etməsə də, konfet sayəsində şirin söhbətlər etdik:
"Ad günümüzü yenicə qeyd etməyimizə baxmayın, hələ ki, tort
yeməmişik. Amma söz veriblər, alacaqlar".
Tortun olmamasından danışmağa yeni başlamışdıq ki, bayaqdan
sakit-sakit bizi süzən Sevinc Fədai dilə gəlir: "Siz deyəsən ara
qarışdırmağa gəlmisiz".
Söhbətin qızğın yerində
Bəxtiyar Məmmədli və Elmin Bədəlov içəri girir. Yarızarafat bir söz
atıram onlara: "İş vaxtı bu iki jurnalistin bayırda nə işi
var?"
B.Məmmədlinin özünəməxsus cavabı özünü çox gözlətmir: "Mən
açıqlama almağa getmişdim. Ona görə gec gəldim".
Son günlərin ən populyar aktyoru E.Bədəlov isə otaqları səhv
salıbmış:
"Əvvəl burda otururdum. Uşaqlar mənimçün çox darıxır deyə,
tez-tez gəlib baş çəkirəm onlara".
"Yazım zəncirvaridir.
Toxunmayın!"
Redaksiyadakı maraqlı
hadisələrdən danışanda isə hamının dərdi təzələnir. Bir ağızdan
deyirlər ki, redaksiyada maraqlı hadisələr "Elminin vaxtında"
olurdu. Çox vaxt səhnə ilə redaksiyanı səhv salan Bədəlov
hərtərəfli qabiliyyətini imkan düşdükcə hər yerdə nümayiş
etdirir.
S.Fədai deyir, Elmin bizim otağın dadı–duzu idi. N.Qurbanova da
saytdan gileyləndi: "Publika.az" oğurlayıb apardı bizdən onu.
Elminin sayəsində bütün gün "bozbaş" mahnılara, "Can-cana"ya qulaq
asırdıq. Hərdən lap mərsiyə də deyirdi bizimçün. Bir dəfə o qədər
ağlaşma qurdu ki, o biri otaqlardan səsə gəldilər ki, nə baş verib
burda?"
Bayaqdan sakit oturub çay içə-içə yazı yazan Leyla Əliyeva da
deyir ki, Elmini bu otağa qaytarmaq üçün yeni aksiyaya
başlayıblar.
Otaqda yaddaqalan hadisələrin səbəbkarı Elmin haqqında növbəti
hadisəni Sevinc danışır: "Yazısını yazıb gedəndə bir qeyd yazıb
vururdu redaktorun kompüterinin ekranına ki: "Yazım zəncirvaridir.
Toxunmayın". Səhər işə gəlib görürdü ki, 6 minlik yazıdan redaktor
ancaq min işarə saxlayıb.
Vaxtında gəlir, iş qurtaranda da evə göndərə
bilmirik
Redaktorlarla eyni otaqda
oturan jurnalistlər məlum səbəblərdən şikayət edə bilmirdilər.
Sevinc deyir, bizim redaktorumuz bizə hətta mahnı da göndərir ki,
qulaq asaq.
Sosial şöbənin redaktoru Qurban Yaqublu isə müxbirlərini
yerə-göyə sığdıra bilmədi. Tərif tərif dalınca: "Maşallah, çox
nizam-intizamlı uşaqlardılar. Həddindən artıq. Vaxtında gəlirlər,
iş qurtaranda da evə göndərə bilmirik bunları".
Yazarları tərifə çox öyrəşdirməyən redaktor zarafatı bir yana
qoyub, az da olsa müxbirləri təriflədi: "Qəzetin bütün şöbələri
yaxşı işləyir. Ancaq sosial şöbədən hələ ki, ciddi narazılığımız
yoxdur".
Redaktorlarından bir cümləlik tərif eşidən kollektivin üzündəki
sevinci görməliydiniz…
Qurban onlara mahnı göndərməz e, onların özünü
oxutdurar
İstəməsək də, bu otaqla vidalaşıb üz tutduq işıq gələn tərəfə.
"Publika.az"ın qələm əhlinin bir hissəsi burda yerləşib. Subay
qızları bol olan otaqda adamın ürəyi açılır. Bizi elə qapıda
qarşılayan otağın qlamur qızı Aytən Əliməmmədova yenə öz
ampluasında idi. Podium gözəllərindən heç nəyi ilə geri qalmayan
qızımız otağın yeni sakinləri ilə bizi tanış edir. Deyəsən bu
otaqdakıların danışmaqla heç arası yoxdu. Hamı yazır.
Sakitçiliyi enerjili və gözəl xanım Cəvahir Səlimqızı pozur.
Mətbəxdən əlində bir fincan çayla qayıdan Cəvahir xanımın elə
gülüşü nəyə desəniz dəyər.
Redaktorlardan söz düşmüşkən, araya şuluq qatmaq üçün dedim ki,
bilirsiz, o biri otaqda redaktor Q.Yaqublu öz müxbirərinə mahnı da
göndərir ki, yaxşı işləsinlər.
Cəvahir xanım dözməyib dillənir: "Ay yalansa elə... Qurban
onlara mahnı göndərməz e, onların özünü oxutdurar".
Nolar çəkmə, üz-gözüm yaxşı deyil
Yenicə doğum gününü qeyd edən
redaktor Kənan Hacı isə hələ ad günü əhval ruhiyyəsindədir. Deyir,
mən müxbirlərimə ancaq mövzu göndərirəm.
Kənarda əyləşib gah saçlarını yığan, gah çay içən, gah yazı
yazan Leyla Əliyeva isə dildən iti olsa da, tərsliyindən bizlə
şəkil çəkdirmədi: "Çəkmə də, nolar. Üz-gözüm yaxşı deyil indi.
Gözlərimin altı elə bil şişib. Sən Allah, çəkmə".
Otaqdakı sakitçilik qulaq batırır. Leyla deyir, belə
görünməyimizə baxmayın: "Qaxsımış vaxtımıza gəlmisiz. Yazılarımız
çoxdu".
Leyla ilə Cəvahirə görə adam nə qədər
danlanar
Bayaqdan başı yazıya qarışan
redaktor Əziz Əlibəyli şikayətdən söz düşmüşkən dözməyib, dilə
gəlir. Dad-aman edir bu qızların əlindən: "Leyla xanımla Cəvahir
xanıma görə adam nə qədər danlanar?! Onlara görə dəfələrlə zəng
gəlir mənə. Zəng edənlər də adama elə abır verirlər ki,
məcburiyyətdən bu iki xanıma gələn sözləri götürməli oluram.
Neyləyim, işim budur".
Sən demə, redaksiyanın ən ərköyün qızı bayaqdan səsi çıxmayan
redaktor İlknur Salamovadır: "Heç nəyi bəyənmir, hər şeyə mız
qoyur. Hətta siz gedəndən sonra da sizin haqınızda nəsə deyə bilər.
O gedəndən sonra mənə yaxınlaşın, sizin haqqınızda dediklərini
deyərəm özünüzə".
Cəvahir xanım deyir ki, bütün günü ətimizi yesək də, sümüyümüzü
otaqdan qırağa atmarıq: "Çünki o biri otaqda "Gündəlik Teleqraf"ın
uşaqları oturur".
Vasifi Həsənlini evləndirmək üçün
səfərbərlik
Qonağı olduğumuz
"Publika.az"ın digər otağı isə futbol fanatlarının səs-küylə
müzakirə edildiyi otaqdı. Hələlik gözümüzə sakit görünən otaqda
hamı iş başında idi. Yuxarıdan gəldiyimizi (başqa şey başa
düşməyin, 2-ci mərtəbədən) bilən kimi başladılar bir-birlərini
tərifləməyə. Bircə Ağasifi çatmayan otağın Asif və Vasifi
bir-birini tərifdən yerə-göyə sığdıra bilmirdi. Hətta anadan
olmasından tutmuş, adının tarixçəsinə qədər danışıb dil boğaza
qoymayan Vasif Həsənli başlayır "Qurdlar vadisi"ndən danışmağa.
Bizim redaksiyanın fotoqrafı İsmi Şahzadə də ona
qoşulur.
Özündən danışmağı heç sevməyən "təvazökar" Vasif kompüterində
xəzinə saxlayırmış. Ölkədəki bütün məmurların mobil telefonları
olan nömrə qeydlərini isə öz otaqlarından kənarda heç kəsə
vermir.Tez-tez evlənmək, nişanlanmaq mövzuları ilə gündəmə gələn
Vasif üçün bütün redaksiya qız axtarışındadır. Hamı onun evlənməsi
üçün rəsmən səfərbər olub.
Ağasifsiz Asiflə Vasif
Asif ilə Vasif isə redaksiyada
adlarına görə problem yaşayanlardandılar. Asif Nərimanlı deyir:
"Adımızı qarışdırır hamı. Zəng edib Asifi istəyirlər Vasif gedir,
Vasifi istəyirlər, Asif. Görün indi Ağasif olsa, nə baş
verər".
Bu otağın da sakinləri arasında səsi çıxmayan bir nəfər əyləşib.
Güclə iki-üç kəlmə ala bildiyimiz Ömər Dağlının üç sözündən ikisi
"Qalatasaray" haqqında oldu. Futbol söhbətlərinə görə tez-tez
uşaqlarla "spor" edir. Danışmaqla arası olmayan çim-bomlu ancaq
futbol müzakirələrinə qoşulur. Deyir "Qalatasaray" "Rizəspor"a
məğlub olduğu üçün gecə yata bilməyib: "Heç işə gəlmək istəmirdim
səhər. Bilirdim Aygün sataşacaq mənə. Çünki keçən dəfə "Beşiktaş"
uduzanda mən onu lağa qoymuşdum".
Aygün İlqarqızı isə deyir, Ömər və Natiq bəylə tez-tez mübahisə
edən elə onun özüdü: "Ən çox davamız futbol üstündə olur. Mən
Beşiktaşlıyam, o isə Qalatasaraylı. Qartalla Aslanın yola getdiyini
harda görmüsüz?!"
Otağın ən işgüzar qızı, redaktorların təbirincə desək,
"Publika.az"ın döyünən ürəyi, əsas sütunu Gülxar Şərifdi. Başı
yazıya yaman qarışan Gülxar hərdənbir başını qaldırıb araya söz
atsa da, yazıdan ayrılmadı ki, ayrılmadı.
Ayaqqabılarımı
çıxarmışam
Yaxınlaşırıq Cəmaləddin
Həsənoğluna. Olduqca mehriban və səmimi biri olan Cəmaləddin bəyin
könlü razı olmur kimdənsə şikayət etməyə: "Uşaqlarımızın hamısı
işləyəndi. Ərköyünlük edənimiz yoxdu".
O biri otaqda şikayətlə yola salınan Elmini Cəmaləddin müəllim
tərifləməkdən doymur. Deyir o artıq məktəb keçmiş jurnalistdi:
"Gözəl qələmi var. Bir az ərköyün olsa da, istedadına görə keçirik
üstündən. Saytın əsas sütunu isə Gülxardı. Onsuz bir günümüz
olmasın. Asifi də, Vasifi də, Aygünü də, Öməri də, Natiqi də bir
dənədi. Hamısı bir-birindən istedadlı insanlardı".
Tərifdən sonra Cəmaləddin müəllim elçiliyə keçir. Bayaqdan dil
boğaza qoymayan Vasif siz demə, subay imiş. Redaktor deyir ki,
xahiş edirik oxucuları bunu nəzərə alsın. Elə Vasiflə yenicə
söhbətə başlamışdıq ki, Cəmaləddin müəllim fotoqrafımıza işarə
elədi ki, ayaqarını çəkməsin: "Elə et, şəkildə ayaqlarım düşməsin.
Ayaqqabılarımı çıxarmışam. Şəpiklər pis görünər ayağımda. Aşağını
çəkmə".
Redaksiyadakı uşaqlarla hər gün yol-yoldaşı olmaq alnına yazılan
isə Natiq Muxtarlıdır. Deyir Gülxarla gəlib, Əzizlə qayıdıram: "Bir
iki dəfə bu dilli-dilavər qızımız Aygünlə də getmişəm. Sora gördüm
çox danışır, day getmədim (gülür). Sizin redaksiyadan isə Pərviz və
Faiq daimi yol yoldaşlarımdı. Pərvizlə əsas işimiz birləşib Faiqi
danlamaq olur".
Yazarsız ki, Şahsuvarlı
otaqda yox idi…
Digər otaqda səbirsizliklə
yolumuzu gözləyənləri də darıxdırmadan onlara da baş çəkirik.
Redaksiyanın ən sakit və ən sərin otağının cəmi üç sakini var.
Siyasət redaktoru Dilqəm Əhməd, humanitar şöbənin redaktoru Mövlud
Mövlud və şef redaktor Taleh Şahsuvarlı. Danışmaqla heç arası
olmayan bu "üç müşketyor" diktafonumuzu görüb kənara çəkildilər.
Elə yenicə otağa girən T. Şahsuvarlı: "Məndən açıqlama almayın.
Yazarsız ki, T. Şahsuvarlı otaqda yox idi. Həyətə siqaret çəkməyə
çıxmışdı".
Dilqəm deyir bu otaqda hərə özünün şefidir: "Çayımızı da özümüz
gətiririk. Bizim taleyimizə yazılmayıb ki, hansısa xanım bizə çay
gətirsin. Bu sarıdan bəxtimiz gətirməyib".
Mövludun cavabı isə özünü çox gözlətmədi: "Mən qorxdum, Dilqəm
məni çay məsələsində ifşa edəcək. Ancaq o deməmiş qabaqlayım onu
ki, mən feysbuk hesabımı bağlamışam. Ancaq bir işim düşəndə
Dilqəmin profilindən istifadə edib hansısa məlumatla tanış oluram.
Bu məsələdə Dilqəmi bezdirirəm. Daha o da dözməyib qabağıma bir
şərt qoyub ki, mənim feysbuk hesabımdan baxmaq qarşılığında ona çay
gətirəcəm. Əvvəl mətbəxə iki fincanla gedəndə çox təəccüblə
baxırdılar. Artıq öyrəşiblər".
Və nəhayət …
Danışdıra bildiyimizi danışdırdıq, danışmaq istəməyənin şəklini
çəkdik, çəkə bilmədiyimizin xətrinə dəyməyib yola düşdük. Qonağı
gülər üzlə qarşılayıb, yola salmaq istəməyən bu gözəl köllektivlə
bir fincan çay içə bilmədik. Amma əvəzində maraqlı söhbətlər
dinləmiş olduq.
Doğum gününüz mübarək, dostlar!