Müsahibimiz Gürcüstan Azərbaycanlılarının şeyxi Ramin
İgidovdur.
R.İgidov 1980-ci ildə Qardabani şəhərində doğulub.
2000-ci ildən dini fəaliyyətlə məşğuldur. Gürcüstanda fəaliyyət
göstərən İmam Əli Mədrəsəsinin müdiri vəzifəsində çalışıb. Tiflisdə
nəşr olunan "İman" qəzetinin və saytının redaktoru
olub.
- Gürcüstanda azərbaycanlıların ibadət yerləri çoxdur,
ancaq bunların qeydiyyat problemi var. Bildiyim qədəri ilə cəmi 2
məscid qeydiyyatdan keçib. Bu, nə il bağlıdır?
- Gürcüstan çoxdinli və çoxmillətli ölkədir. Burda dini
məsələlərlə bağlı konkret bir qanun olmadığına görə məscidləri,
ümumiyyətlə, ibadət yerlərini qeydiyyatdan keçirmək məsələsi öz
həllini tapmamış qalır. Gürcü provaslav kilsəsinə öz dinləri olaraq
müəyyən imtiyazlar verilib. Son vaxtlar isə dövlət özü 4 dinə
müəyyən imtiyazlar tanımaq istəyir. Bununla bağlı yeni Baş nazir də
çıxışında vurğuladı ki, ənənəvi dinlərin imtiyazları genişlənəcək.
Ancaq bu imtiyazların hansı formada və hansı səviyyədə olması
haqqında nəsə demək çətindir.
- Sizdən əvvəl Gürcüstan azərbaycanlılarının şeyxi
vəzifəsini icra edən şəxs Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu
vəzifəyə təyin edilmişdi. Ancaq siz bu qurumun rəhbərliyinə
Gürcüstan hökuməti tərəfindən təyin edilmisiniz. Bunun səbəbi
nədir?
- Qurumun rəhbərliyinə gətirilən şəxs QMİ tərəfindən təyin
edilən zamanlarda bəzi hüquqi məsələlər öz həllini tapmırdı. Biz
QMİ ilə bağlı olduğumuz üçün müraciət edəcəyimiz hüquqi ünvan
olmurdu. Ancaq qurumun fəaliyyəti Gürcüstan hökuməti ilə
əlaqələndiriləndən sonra müraciət edəcəyimiz konkret hüquqi ünvan
var. Gürcüstanda belə bir aidiyyəti orqanın olmadığına görə
zaman-zaman bəzi məsələlər öz həllini tapmırdı və hüquqi
məsələlərdə bizim səlahiyyətimizi həll edəcək bir ünvan yox
idi.
- Bəs nəyə görə Gürcüstan tərəfi burdakı şeyxin QMİ-dən
təyin edilməsi ilə razılaşmadı?
- QMİ tərəfindən Rustavi şəhərinə axund təyin edilmişdim.
Görürdüm ki, qeydiyyatımız olmadığı üçün çox əngəllər yaranır. O
zaman Gürcüstan müsəlmanlarının axunduna elə bu otaqda bir təklif
verdim ki, gəlin, bir təşkilat qeydiyyatdan keçirək və hüquqi
məsələlərimizi daha rahatlıqla həll edək. QMİ tərəfindən təyin
edilən şəxsin həm də qurumun faktiki rəhbəri olması halını da
nizamnamədə yazmağı təklif etdim. Bizim məqsədimiz QMİ-nin əleyhinə
getmək deyildi. Biz sadəcə, istədik ki, müraciət edə biləcəyimiz
rəsmi bir yer olsun. Bunu hər zaman tələb edirdik. Gürcüstan
höküməti də bunu anlayır.
- QMİ ilə əlaqələriniz hansı formadadır?
- Qafqaz Müsəlmanları İdarəsi ilə dini məsələlərdə əlaqələrimiz
qalmaqdadır. Hüquqi məsələlərimizdə QMİ bizə yardım edə bilmədiyi
üçün bu qurumu qeydiyyatdan keçirdik.
- Onda belə çıxır ki, sizin qurumun statusu Qeyi Höuümət
Təşkilatıdır. Elədirmi?
- Bəli, elədir. İctimai hüquq təşkilatıyıq. QMİ-nin özü də
QHT-dir.
- Gürcüstanda yaşayan azərbaycanlıların arasında
müxtəlif dini təriqətlərin yayılması haqqında söz-söhbətlər gəzir.
Türkiyədən olan dini cərəyanların burda təbliğ edilməsi haqqında nə
kimi məlumatlarınız var?
- Azərbaycan dilində Qurana ehtiyacımız var. Bu ya
Azərbaycandan, ya Türkiyədən, ya da İrandan təmin edilə bilər.
Bəzən digər 2 ölkə Azərbaycan tərəfini qabaqlamağa çalışır və
müəyyən mənada buna nail olur. Məsələn, Türkiyədən bizim kəndlərdə
kitablar paylayırlar. Dövlət səviyyəsində qəbul edilmiş
təmsilçilərdən bir təhlükə gözləmirik. Təhlüklə sektalardan
gəlir.
- Türkiyədən gələn insanlar özlərini dini çevrənin
insanları kimi təqdim etmir axı. Daha çox təhsil adı ilə bölgəyə
gəlirlər. Buna nə deyə bilərsiniz?
- Kimliyindən asılı olmayaraq, biz bütün sekta və cərəyanlara
yaxşı baxmırıq.
- Dövlətin özünün qəbul etdiyi Gürcü hökuməti tərəfindən
məscidlərlə bağlı hər hansı bir qərar veriləndə sizin qurumun
fikirləri hansı səviyyədə nəzərə alınacaq?
- Bizim səlahiyyətimiz nizamnamədə qeyd edilib. 4 səlahiyyətimiz
olacaq. Məscidlər bizim balansımıza keçəcək. İkinici işimiz din
xadimlərinin attestasiyasını təmin etmək, üçüncü işimiz
Gürcüstandakı maliyyə ilə bağlıdır. Halal kəsim məsələlərinin bizim
idarənin balansına verilməsi ilə bağlı qərar qəbul ediləcək.
- Biz sizinlə görüşməzdən əvvvəl türkiyəli din adamları
ilə görüşdünüz. Onlar sizə kitablar verdilər, özünüz də bu haqda
bayaq danışdınız. Onların verdiyi kitabları nə
yönümlüdür?
- O kitablar Türkiyənin Dini İşlər İdarəsi tərəfindən bizə
hədiyyə göndərilib. Qabaq bizim kitablarımız daha çox Azərbaycandan
gəlirdi. Gömrükdə problem yaradandan sonra artıq Azərbaycandan dini
kitab gətirilməsi mümkün deyil.
- Necə olur, Gürcüstan Gömrüyündən Azərbaycandan gələn
dini kitablar buraxılmır, ancaq Türkiyədən gələnlər
buraxılır?
- Xarici ölkələrdən dini kitab gətirilməsinə qadağa var. Ola
bilsin ki, Türkiyənin Dini İşlər İdarəsinin Gürcüstandakı dini
idarə ilə əlaqələri var və məhz buna görə gömrükdən keçirə
bilirlər.
- Bu qadağa Türkiyə aid deyil ki?
- Aiddir. Ancaq yenə deyirəm, yəqin ki,
Gürcüstandakı qurumlarla əlaqələri buna imkan verir ki, kitabları
keçirsinlər. Ancaq bu qadağa Quran kitabına aid deyil. Quran
kitabını hər bir ölkənin sərhədində buraxırlar.
- Türkiyəlilərin burda açdığı nə qədər məscid
var?
- Məndə onların dəqiq sayı yoxdur. Ancaq bilirəm ki, onların
inşa etdiyi məscidlər var. Sadəcə, bilmirəm nurçularındır,
mahmudçularındır, yoxsa başqalarının.
- Nurçular demişkən, sizə onlardan hər hansı bir
"dostluq" təklifi gəlibmi?
- Yox, hələ ki, heç bir təklif gəlməyib. Onların burdakı
fəaliyyətləri haqqında məlumat sahibi deyiləm. Ancaq bilirəm ki,
burda türkiyəlilərin vəqfi var. Əziz Xudayi vəqfini nəzərdə
tuturam. Azərbaycanlıların yaşadığı yerlərdə olan Gənclərə Yardım
Fondu da bunlarla əməkdaşlıq edir.
- SOCAR Gürcüstandakı dini icmaların elektrik və yanacaq
ehtiyacını öz hesabına qarşılayır. Bu imtiyazdan məscidlər,
kilsələr və sinaqoqlar istifadə edə bilər. Bəs qeydiyyaya alınmayan
məscidlər necə, bundan yararlana bilirmi?
- Bildiyim qədəri ilə bu imtiyaz qeydiyyatdan keçmiş dini
qurumlara aiddir. Azərbaycanıların təxminən 99-a yaxın məscidi var
və bunların 2-si qeydiyyata alınıb. Yəqin ki, o imtiyazdan 2 məscid
istifadə edə bilir. Yerdə qalan məscidlər isə özəl mülk kimi
qeydiyyatdadır. Yəqin ki, onlar bu imtiyazdan istifadə edə
bilmir.