Əsəd Cahangir
Milli və insani dəyərlərin,
estetik ölçü və etik əndazənin aşınma təhlükəsi ilə üz-üzə durduğu
çağdaş dövrdə televiziyanın tamaşaçı kütləsinə müsbət təsiri
böyükdür.
Bu gün 11 yaşı tamam olan İctimai kanalın (İTV) milli
teleməkanda sözügedən yöndən xüsusi yeri var. Azərbaycan
mədəniyyəti və incəsənətinin gözəl bilicisi Cəmil Quliyevin
rəhbərlik etdiyi son bir neçə ildə kanalın bu istiqamətdəki
fəaliyyəti, təbiidir ki, daha qabarıq hiss olunur.
Amma mən bu yazıda bütövlükdə İctimai kanalın fəaliyyəti yox,
onun əməkdaşlarından biri - "Telemizan" proqramının müəllifi və
aparıcısı Vidadi Hüseynovdan danışacam. Ona görə ki, bəzən bir
insan öz işindən tutmuş davranış mədəniyyətinə qədər çalışdığı
müəssisənin rəmzinə, simvoluna, necə deyərlər, şərti işarəsinə
çevrilir. İctimai kanal və Vidadi Hüseynov anlayışları mənim üçün
belə paralelləşib.
Vidadini universitet illərindən tanıyıram. Mən filologiyada, o,
jurnalistikada oxuyurdu. Vidadi gənc yaşlarından iki şeyi dəqiq
müəyyən etmişdi: birincisi, telejurnalist olmaq; ikincisi, teatrla
bağlı teleproqramlar hazırlamaq. İctimai işlərdə fəal, əksərən
təşkilatçı idi. Bir qərara gəldisə, vəssəlam, o iş başa tutmalıydı,
nə olursa olsun! İnadkar idi və məncə, onun sonrakı uğurlarında bu
inadının da az rolu olmadı.
Amma onu tanınmış teleaparıcı Vidadi Hüseynov edən sadəcə
inadkarlığı deyildi. Vidadidə yaşıdlarımın heç birində görmədiyim
bir teatr pərəstişkarlığı var idi. Saatlarla, imkan olsa, günlərlə
teatrdan, aktyorlardan, tamaşalardan danışardı. Həm də elə
məsələlərə toxunardı ki, bunları bilmək üçün sadəcə kitab oxumaq,
tamaşaya baxmaq kifayət deyildi. Bunun üçün teatrda doğulmaq,
pərdənin təkcə bəri yox, o biri üzündəki olayları da bilmək lazım
idi. Kimsə məhlə uşağı, kimsə ana uşağı, kimsə küçə uşağı olur,
Vidadi teatr uşağı idi. O, bu sənətin aşiqi-şeydası idi.
Sənət sevgisi, bu sevgi yolunda qarşısıalınmaz inad Vidadini
universitet auditoriyalarından teleekrana – dövlət kanalına gətirib
çıxardı. O, "Teatr" sənət toplusunun müəllifi və aparıcısı kimi
çıxış etməyə başlayanda hələ universitetin ikinci kursunda
oxuyurdu. O yenə də teatrdan danışırdı, amma bu dəfə dar çevrədə,
universitet dostları yox, çoxmilyonlu tamaşaçı kütləsi ilə edirdi
bu söhbətləri. Məsələnin mahiyyəti dəyişməmişdi, söhbətin miqyası
böyümüşdü.
2006-da Arif Alışanovun Azərbaycan Dövlət Televiziyası
rəhbərliyinə gəlişindən sonra yeni layihələrə rəvac, gənclərə geniş
meydan verildi. V.Hüseynovun müəllifi və aparısı olduğu "Avtoqraf"
proqramı da bu imkan hesabına meydana çıxdı. "Avtoqraf"da müxtəlif
sənət sahəsi təmsilçilərinin ekran diliylə yaddaqalan portretləri
yaradılırdı. O, çağdaş milli sənət elitası ensiklopediyası da
adlandırıla bilərdi. Proqram haqqında müxtəlif mətbuat orqanlarında
dərc olunan çoxsaylı təqdiredici yazılar onun əfkari-ümumiyyə
tərəfindən rəğbətlə qarşılanmasının təsdiqi oldu. Bu proqramla
V.Hüseynov özünün milli teleməkandakı mövqeyini bir daha və qəti
olaraq təsdiq etdi. Tanınmış teleaparıcılarımız siyahısına daha
biri öz avtoqrafını qoydu.
Bundan sonra ekrana çıxan və daha çox araşdırma xarakteri
daşıyan "Məqam" proqramı Vidadinin teleaparıcı kimi başqa bir
yönünü – jurnalistik araşdırma qabiliyyətini üzə çıxardı. Lakin
V.Hüseynovun teleekran fəaliyyətinin ən kamil dövrü İctimai kanal
və "Telemizan" proqramı ilə bağlıdır. 2014-cü ildən ekrana çıxan
proqramda müəllifin boy artımı bir neçə cəhətdən aydın hiss olunur.
Proqram teatr, musiqi, yəni sadəcə incəsənət yox, sənətin digər
sahələrinə, xüsusən də ədəbiyyata, hətta sənətdışı mənəvi-sosioloji
məsələlərə də geniş yer ayırır. İkincisi isə bu artıq "Teatr" sənət
toplusunun gənc, çılğın, emosional aparıcısı yox, iyirmi beş ilə
yaxın iş təcrübəsi olan daha təmkinli, daha təcrübəli, professional
teleaparıcı vərdişlərini yaxşı mənimsəmiş Vidadi
Hüseynovdur.
Proqramın yaxşı mənada fərqli cəhətləri nədir? Getdikcə hər
şeyin sərt, əcayib, amansız reytinq qanunlarına tabe olduğu,
teleaparıcıların şou çıxarmaq xatirinə uşaq kimi iməklədiyi, şpaqat
açdığı, qonaqların yataq otaqlarına boylandıqları bir dönəmdə
"Telemzian" ciddi sənət və əxlaq ölçülərini, klassik jurnalist
etikasını gözləyən azsaylı layihələrdən biri olaraq qalmaqdadır.
Amma bütün bu klassisizmi ilə yanaşı "Telemizan" həm də çox müasir,
çağdaş proqramdır. Bunu istər verilişdə çözülən mövzular, istərsə
də proqrama dəvət alan qonaqların siyahısından da görmək olur: bir
yandan sənətin klassik problemlərinin müzakirəsi; sənətdə ideal
qəhrəman məsələsi; ədəbiyyatda Qarabağ mövzusu; o biri yandan ən
son sənət texnologiyası olan postmodernizm haqqında söhbət; bir
tərəfdən ustad sənətkar, Xalq Yazıçısı Elçin, o biri yandan yeni
nəsil yazar İlqar Fəhmi, yaxud gənc yazar Qismət...
V.Hüseynovun toxunduğu mövzular fundamental və aktual olduğu
kimi, qonaqları da təsadüfi adamlar olmur. O ən yaxşıları seçir –
ədəbiyyatdan Elçin, N.Həsənzadə, musiqidən Z.Xanlarova, teatrdan
A.Pənahova, jurnalistikadan İradə Tuncay...
Onun aparıcı kimi bir çox xüsusiyyətləri teleaparıcılar üçün bir
ölçü, mizan ola bilər: mövzuya yaxşı mənada hazırlıq, dəvət etdiyi
qonağa hörmətlə yanaşmaq, söhbət əsnasında özünü yox, dəvət olunan
şəxsi ön plana çıxarmaq.
Bütövlükdə götürəndə "Telemizan"ı V.Hüseynovun 25 illik
teleekran fəaliyyətinin qanuni və məntiqi yekunu saymaq olar. Burda
"Teatr" sənət toplusundan nələrsə var. Burda sənətdə ideal gözəllik
və həyatda həqiqət axtaran o gənc Vidadinin "Avtoqraf"ı duyulur.
Burda "Məqam"la səsləşən araşdırmaçılıq məqamları da az deyil. Amma
"Telemizan" bunların hamısının yekunu olmaqla yanaşı, onların heç
biri deyil – daha professional baxış, daha yüksək səviyyə, bir
sözlə, yeni mizan-tərəzidir. İnanmaq istəyirəm ki, o mizan heç vaxt
pozulmayacaq, o tərəzi heç vaxt əyilməyəcək.
Bu gün – avqustun 29-u sadəcə İctimai Televiziyanın yox, klassik
telemzanın, çağdaş teleölçünün, bir sözlə, həqiqi telesənətin ad
günüdür. Cəmil müəllim başda olmaqla və Vidadi Hüseynov da daxil
olmaqla İctimai Televiziyamızın 11 yaşını təbrik edir, onlara
qarşıdan gələn illərdə daha böyük uğurlar arzu edirəm.
Mizanı belə saxlayın!