Mingəçevir şəhərində yaşayan 13 yaşlı I qrup əlil Arzu
Babayeva qeyri-adi istedada malikdir. Belə ki, sağlamlıq imkanları
məhdud, eşitmə və nitqi qüsurlu olan Arzu Babayeva 6 yaşından
maraqlı rəsmlər çəkir.
Axar.az xəbər verir ki, valideynləri onun bacarıqlı rəssam kimi
yetişməsi üçün Mingəçevirdə yerləşən "Uşaq və ailəyə dəstək"
Mərkəzinin bacarıqlı əllər dərnəyində hazırlaşmasına şərait
yaradır. Arzunun qeyri-adi istedadını isə bu mərkəzin müəllimləri
üzə çıxarıb. Belə ki, yaradıcılıqla məşğul olan uşaqlar arasında
hər kəs toxuma işini millər və milçələrlə görür. Amma Arzu Babayeva
fərqli formada, yəni balaca barmaqları ilə rəngli saplardan corab,
gödəkcə, şərf, papaq, boyunluq və digər geyim əşyaları toxuyur.
Mərkəzin toxuculuq dərnəyinin rəhbəri Səmərrux Həmidova və
bacarıqlı əllər dərnəyinin rəhbəri Nərgiz Əlizadənin əməyi
nəticəsində Arzu bu peşəyə yiyələnib. İndi Arzunun 13 yaşı var. O,
hazırda müəllimlərin köməyi olmadan müxtəlif geyim əşyalarını həm
millə, həm də barmaqları ilə toxumağı bacarır. Səmərrux müəllimə
deyir ki, barmaqlarla toxuma növünü Arzuya qısa vaxtda öyrədib və
o, hazırda bu işin öhdəsindən bacarıqla gəlir. Onun anası kor və
kar olan Arzu Babayevanın bu cür qeyri-adi istedada malik olduğunu
və barmaqlarla toxuma işi gördüyünə inana bilmədiyini deyir. Arzu
evdə boş dayanmağı sevmir. O, yaradıcılıqla yanaşı, həm də ingilis
dilini öyrənir. Müəllimlərinin dediyinə görə, sərgilərdə Arzunun əl
işlərinə maraq daha böyük olur.
Mərkəzin təlim-tədbirlər üzrə işçisi Elnarə Səmədova vurğulayıb
ki, əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların təhsilini
demokratik cəmiyyətin vacib tələblərindən birinə uyğunlaşdırmaqdır.
Xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara
həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq,
onların cəmiyyətə inteqrasiyasını təmin etmək, özünəxidmət
bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə və ailə
həyatına hazırlamaqdan ibarətdir. Son illər ölkəmizdə inklüziv
təhsil sahəsində xeyli iş görülüb, müvafiq qanunvericilik bazası
yaradılıb.
On bir ildir ki, fəaliyyət göstərən Mingəçevir "Uşaq və ailəyə
dəstək" Mərkəzinin hazırda 107 üzvü var və onlardan 45-i günərzi
xidmətdən bəhrələnir. Əsasən əlilliyi olan və valideyn himayəsindən
məhrum uşaqlar bu mərkəzin xidmətlərindən istifadə edirlər. Hazırda
mərkəzdə toxuculuq, kompyuter, ingilis dili və bacarıqlı əllər
dərnəyinin olduğunu deyən Elnarə Səmədova bildirib ki, bundan
əlavə, uşaqlar üçün loqoped, psixologiya, defektologiya və
reabilitasiya üzrə məşğələlər də mövcuddur.
Mərkəzdə digər qüsurlu uşaqların əl işləri də nəzərimizdən
qaçmadı. Adətən toxuculuğu qızlar yaxşı bacarır və onların bu
sahəyə marağı böyükdür. Amma bu mərkəzdə toxucu oğlanlar da var.
Onlardan biri, 12 yaşlı Yusif gözəl corab və papaqlar toxuyur.
Yusif bu işə marağı olduğu üçün öyrəndiyini deyib.
Elnarə Səmədova bildirib ki, 18 yaşı tamam olan və mərkəzi
bitirən uşaqların təhsillərini davam etdirmələri üçün onların peşə
liseylərinə, kolleclərə daxil olmasına köməklik edilir. Hazırda
mərkəzin 4 yetirməsi kolleclərdə təhsil alır.