Naxçıvan Muxtar Respublikası Naxçıvanqala Tarix-Memarlıq
Muzey Kompleksində "Arıçılıq məhsulları - bal festivalı"
keçirilib.
Axar.az xəbər verir ki, tədbirin aparıcıları qeyd ediblər ki, bu
il ərzində qədim tariximizi yaşadan "Naxçıvanqala"da 5 festival
keçirilib. "Yaradıcı əllər", "Göycə", "İstedadlı uşaqlar",
"Naxçıvan çörəkləri", "Plov və Yallı" festivalları ictimaiyyət
tərəfindən maraqla qarşılanıb. Arıçılıq insan məşğuliyyətinin ən
qədim növlərindən olub, tarixən inkişaf etmiş gəlirli və olduqca
faydalı təsərrüfat sahələrindən biridir. Azərbaycanda da arıçılıq
və bal istehsalı ilə eramızdan əvvəlki dövrlərdən məşğul olunması
haqqında tarixi mənbələrdə məlumatlar vardır. Arıçılıqla, balla
bağlı yaranan zərbi-məsəllər, atalar sözləri də bu sahəyə tarixən
göstərilən diqqətin nəticəsidir.
Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə
doktoru-dosent Elsevər Əsədov çıxış edərək deyib ki, Naxçıvanın
coğrafi mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti,
relyef quruluşu və məhsuldar torpaq örtüyü bu ərazidə qədim
zamanlardan bir sıra təsərrüfat sahələrinin meydana gəlməsinə və
inkişafına səbəb olub. Bu sahələrdən biri də xalqımızın təsərrüfat
və məişət həyatında əsas yerlərdən birini tutan arıçılıqdır. Tarixi
qaynaqlar göstərir ki, Naxçıvanda arıçılıq - vəhşi arı balı
toplamaq, meşə arıçılığı və mütərəqqi arıçılıq kimi inkişafın bütün
mərhələlərini keçib. Naxçıvan Muxtar Respublikasının Şahbuz
rayonundakı Ballıqaya, Ordubad rayonundakı Arıtəpə və digər
ərazilər bu yerlərin qədim arıçılıq məskənləri kimi
məşhurlaşmasının göstəricisidir.
Qeyd olunub ki, XIX əsr və XX əsrin əvvəllərindən Naxçıvanda
arıçılığın xüsusi təsərrüfat sahəsinə çevrildiyi, hətta bəzi
təsərrüfatlarda böyük arıxanaların olması haqqında məlumatlar
vardır. XIX əsr rus tədqiqatçısı V.Q.Qriqoryevin məlumatlarına
görə, həmin yüzilliyin 30-cu illərində Ordubad dairəsində əhalinin
əksəriyyəti arıçılıqla məşğul olurdu. Tədqiqatçı N.N.Şavrov yazırdı
ki, Ordubad qəzasında 3500 arı ailəsi saxlanılırdı. Həmin dövrdə
K.A.Qorbaçev Ordubad ərazisində 2 arı cinsinin olması haqqında
məlumat verib. Arıçılığın inkişafı sahəsində görülən işlərdən
danışan Elsevər Əsədov bu sahənin inkişafına göstərilən diqqətə
görə arıçılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış
olub.
Məlumat verilib ki, festivala muxtar respublikanın bütün
rayonlarından olan 210 arıçı tərəfindən 10 tondan artıq bal,
vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları
çıxarılıb. Həmçinin festivalda bal arağı, bal şərbəti və baldan
hazırlanan müxtəlif şirniyyatlar da nümayiş olunurdu. Son illər
Naxçıvanda arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb,
arı ailələrinin sayı artırılıb. Əgər muxtar respublikada 2000-ci
ildə 12 min 620 arı ailəsi vardısa, hazırda muxtar respublikada arı
ailələrinin sayı 70 mindən çoxdur. Naxçıvan Muxtar Respublikasının
mövcud bitki örtüyü burada 100 mindən çox arı ailəsi saxlamağa
imkan verir və onlardan bir il ərzində 2000 tondan artıq əmtəəlik
bal toplamaq mümkündür.
Tənənəm, Havuş, Tivi, Buzqov, Şurud, Kükü və digər kəndlərin adı
ilə tanınan Naxçıvan balı öz dadı, qoxusu, görünüşü, həmçinin bir
sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda
qonşu ölkələrdə yüksək qiymətləndirilir. Tərkibi antioksidantlar,
mineral maddələrlə zəngin olan Naxçıvan balı güclü mikrob, virus,
göbələk və iltihab əleyhinə, yarasağaldıcı, bərpaedici,
anesteziyaedici xüsusiyyətləri də özündə cəmləşdirib. Bu
xüsusiyyətlərlə muxtar respublikanın florasının özünəməxsusluğu və
endemik bitkilərlə zənginliyi bir-birini tamamlayır.
Ali Məclisin Sədri arıçılarla söhbət edib, onların qayğıları ilə
maraqlanıb.
Şərur rayon Düdəngə kənd sakini, arıçı İbrahim Qasımov
minnətdarlıq edərək deyib: Festivalın keçirilməsi Naxçıvan balının
tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahəyə
göstərilən dəstək, arı ailələrinin paylanması, baytarlıq xidmətinin
təşkili və bazara rahat çıxış imkanının olması arıçılığın
inkişafına və bal istehsalının artmasına imkan verir.
Təsərrüfatların genişləndirilməsi üçün həm dövlət dəstəyi, həm də
mövcud təbii şərait vardır. Gəlirli sahə olan arıçılıqla bundan
sonra da məşğul olacaq, məhsul istehsalını artıracağıq.
Ali Məclisin Sədri arıçılara təşəkkür edib, arıçılığın elmi
şəkildə öyrənilməsi və çoxaldılması, arıçıların iştirakı ilə
konfransların keçirilməsi və onların məlumatlandırılması, muxtar
respublikanın rayonlarında arıçılıq ləvazimatlarının və
dərmanlarının satış mağazalarının yaradılması, bu sahənin
inkişafında yeni texnologiyaların tətbiqi, balın sənaye üsulu ilə
qablaşdırılması və ixracı barədə aid təşkilatlara tapşırıqlar
verib.
Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs
Ansamblı rəngarəng proqramlarla çıxış edib. İki gün davam edəcək
festivalda arıçılar arasında "