Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü
münasibətilə Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən silsilə
tədbirlər həyata keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə,19 oktyabrda səfirliyin
ikinci katibi Mirdavud Sultanov Küveyt Dövlət Universitetinin
Sosial elmlər fakültəsində "Azərbaycanın müstəqilliyinin 25-ci
ildönümü - uğurlu təcrübənin oxunuşu" mövzusunda mühazirə oxuyub,
tədbir çərçivəsində kitab sərgisi təşkil olunub.
Küveyt Dövlət Universitetinin Sosial elmlər fakültəsinin dekanı
professor Hamoud F.Əl-Qaşan tədbiri açıq elan edərək, 29-30
sentyabr 2016-cı il tarixlərində ölkəmizdə keçirilən V Bakı
Beynılxalq Humanitar Forumunda iştirak etdiyini və Azərbaycana
səfərinin xoş təəssüratların yaddaşından silinməyəcəyini bildirib.
Dekan Səfirlik və Sosial elmlər fakültəsi arasında əlaqələrin daha
da genişləndirilməsinin əhəmiyyətindən söhbət açaraq, bu kimi
tədbirlərin tez-tez təşkil olunmasının zəruriliyini vurğulayıb.
H.Əl-Qaşan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
müdrik siyasəti nəticəsində ölkədə bütün sahələr üzrə uğurlar əldə
edildiyini bildirib və Prezident İlham Əliyevin Azərbaycan xalqının
istək və arzularının həyata keçirilməsi və Azərbaycanın dünya
ölkələri arasında öz layiqli yerini tutması üçün bütün səylərini
səfərbər etdiyini vurğulayıb. Professor ölkəmizin turizm
potensialından söhbət açaraq, Azərbaycan xalqının qonaqpərvər,
mehriban və gülərüz bir xalq olduğunu diqqətə çəkərək, bu
xususiyyətlərin ölkəmizdə turizmin bütün növlərinin inkişafına
müsbət təsir edəcəyini vurğulayıb. Dekan eyni zamanda tədris ilini
müvəffəqiyyətlə başa vuran tələbələrin fakültənin hesabına
Azərbaycana göndərəcəyinə söz verib.
M.Sultanov çıxışında 1991-ci il oktyabrın 18-də Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının
qəbul edildiyi, Müsəlman Şərqinin ilk demokratik Respublikası olan
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycanın
müstəqilliyini yenidən bərpa etdiyi haqda məlumat verərək,
Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna şərait yaradan
problemlərin müstəqil Azərbaycan Respublikasının da qarşısına
çıxdığı vurğulayıb, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
və bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizinin işğal
etməsini iştirakçıların diqqətinə çatdırıb.
Müstəqilliyin bərpasının ilk illərində yaranmış belə bir çətin
zamanda Azərbaycan xalqının israrı ilə ölkə rəhbərliyinə qayıtmış
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikliyi və
bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri
arxada qoyaraq davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu
bildirib. Ümummilli Liderin uzaqgörən siyasəti və əvəzsiz
xidmətlərinin nəticəsi olaraq mərkəzi hakimiyyətin gücləndiyi,
Azərbaycanda iqtisadi islahatlara start verildiyi, xarici siyasət
prioritetlərinin müəyyən edildiyi, Azərbaycanın müasir dünyəvi
dövlət kimi öz inkişafına başladığı, məhz o illərdə ölkəmizin
gələcəyi ilə bağlı strateji addımların atıldığı, beynəlxalq
əlaqələrin genişləndiyi, Ermənistanla atəşkəs sazişinin
imzalanmasına nail olunduğu, ölkədə demokratikləşmə prosesinin
başlandığı, "Əsrin müqaviləsi"nin imzalandığı, Azərbaycanın yeni
neft strategiyasının əsasının qoyulduğunu vurğulayıb.
Bununla yanaşı, M.Sulatanov mühazirədə Ümummilli lider Heydər
Əliyevin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycanın ən sürətlə
inkişaf edən ölkələrdən biri olduğunu qeyd edib, gənclər siyasəti,
elm, təhsil və "qara qızıl"ın insan kapitalına çevrilməsi
istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər və s.
bir çox məsələlər barədə iştirakçılara müfəssəl məlumatlar
verib.
Sentyabrda Azərbaycanda keçirilmiş ümumxalq səsverməsindən sonra
Konstitusiyaya edilən əlavə və dəyişikliklərin xüsusilə gənclərin
siyasətdə iştirakını genişləndirmək məqsədi daşıdığını, gənclərin
cəmiyyətdəki rolunun artırılması və onların siyasi həyatda fəal
iştirakının təmini üçün şərait yaratdığını vurğulayıb.
Həmçinin, ölkəmizin son illərdə beynəlxalq səviyyəli tədbirlərə
ev sahibliyi etdiyini nəzərə çatdıraraq, artıq 2012-ci ildə
Avroviziya Mahnı Müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının,
2016-cı ildə ilk dəfə Azərbaycanda Formula-1 üzrə Avropa Qran-pri
yarışlarının uğurla keçirildiyini və növbəti ildə "Bakı 2017" İslam
Həmrəyliyi Oyunları keçiriləcəyi barədə geniş məlumat verib.
Daha sonra tədbir mühazirə ətrafında çoxsaylı suallarla davam
etdirilib.
Bu gün səfirlikdə Küveytdə yaşayan, işləyən və təhsil alan
Azərbaycan vətəndaşları, həmçinin Küveyt Universitetində təhsil
alan türkdilli ölkələrin tələbələrinin, türk icmasının, habelə
yerli KİV nümayəndələrinin iştirakı ilə təntənəli bayram tədbiri
keçirilib.
Tədbirdə Səfir Elxan Qəhrəman çıxış edərək, Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə
iştirakçıları təbrik edib və iyirmi beş il bundan əvvəl - 1991-ci
il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktını qəbul etdiyini, Azərbaycanın XX əsrdə
ikinci dəfə müstəqilliyə qovuşduğunu və 1918-ci ildə müsəlman
aləmində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu qeyd
edib. Eyni zamanda, səfir 1990-cı ildə ulu öndər Heydər Əliyev
müstəqillik yolunda çox önəmli və ciddi addımlar atdığını, 20
Yanvar faciəsindən sonra Ulu öndərin sovet rəhbərliyini pisləmiş
birinci şəxs olduğunu, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz
iradlarını irəli sürdüyünü bildirərək, sovet hökumətini, onun
rəhbərinin fəaliyyətini pislədiyini vurğulayıb. Bundan sonra,
Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr
ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını
dəyişdirərək, "Sovet Sosialist" sözlərini oradan çıxardığını,
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi elan etdiyini
diqqətə çatdırıb.