Oktyabrın 22-də Qubada sərhədyanı ərazilərdə daxili
işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin
əlaqələndirilməsi üzrə Azərbaycan Respublikasının və Rusiya
Federasiyasının Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış
İşçi Qrupunun növbəti iclası keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a
bildiriblər ki, tədbir iştirakçıları sərhədyanı ərazilərdə ictimai
təhlükəsizliyin təmini, ekstremizmin və terrorçuluğun qarşısının
alınması, transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli
növləri ilə mübarizə sahələrində hər iki ölkənin müvafiq
nazirlikləri arasında əməkdaşlığın perspektivlərinə, həmçinin
cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən
İxtisaslaşdırılmış İşçi Qrupunun ötən ildəki fəaliyyətinin
yekunlarına, 2017-2018-ci illər üçün Planın müzakirəsi və
təsdiqinə, sərhədyanı ərazilərdə "Sərhəd-Sipər" kompleks
əməliyyat-profilaktiki tədbirlərin təşkili və həyata keçirilməsinə,
axtarışda olan şəxslər barədə məlumat mübadiləsinə dair müzakirələr
aparıblar.
Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri,
respublika daxili işlər nazirinin birinci müavini, polis
general-leytenantı Vilayət Eyvazov görüşün Daxili İşlər
nazirlikləri arasında əməkdaşlığın daha dərinləşdirilməsi kursunun,
əvvəllər əldə olunmuş razılaşmaların dönmədən həyata keçirilməsinin
əyani təsdiqi olduğunu vurğulayıb, ölkəmizdəki əlverişli kriminogen
durum, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini
sahələrində birgə əməkdaşlığın nəticələri barədə qonaqlara ətraflı
məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Qeyd olunub ki, müasir təhdid və təhlükələrin qarşısının birgə
alınması üçün tərəflər qarşılıqlı şəkildə razılaşdırılmış optimal
qərarlar hazırlayaraq qəbul ediblər. Əməkdaşlıq üçün əsas baza
ictimai təhlükəsizliyin təmin olunmasında, eyni zamanda, beynəlxalq
terrorçuluq və trasmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə
dəqiq işbirliyi olub. Hər iki dövlətin Daxili İşlər nazirliklərinin
sahələrarası xidmətlərinin sıx əlaqəli fəaliyyəti nəticəsində son
illər böyük əks-səda doğurmuş minlərlə cinayəti açmaq, çoxsaylı
dayanıqlı transmilli kriminal birlikləri zərəsizləşdirmək, bir sıra
təhlükəli cinayətkarları yaxalayaraq ekstradisiya etmək mümkün
olub. Təkcə 2015-ci ildə və cari ilin 9 ayında Rusiya
Federasiyasının ərazisində axtarışda olan 87 nəfər birgə səylərlə
tutulub. Rusiya tərəfindən dövlətlərarası axtarışa elan edilmiş 371
şəxsin yeri ölkəmizdə müəyyən olunub ki, onların da
ekstradisiyasına lazımi köməklik göstərilib.
Tədbirdə tərəflər sərhədyanı ərazilərdə cinayətkarlığın
vəziyyətini müzakirə edib, insan hüquqlarına və milli
qanunvericiliyin normalarına ciddi riayət olunmaqla əməliyyat
şəraitinə daha əməli təsir göstərirlməsinin yolları, forma və
metodları barədə geniş fikir mübadiləsi aparılıb. Kriminogen
durumun inkişaf meyilləri, onun mənfi təzahürləri, axtarışın və
itkin düşənlərin göstəriciləri təhlil edilərək mövcud beynəlxalq
hüquqi baza və qəbul olunmuş sənədlər əsasında əməkdaşlığın
gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və
polisin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi üzrə
İxtisaslaşdırılmış İşçi Qrupunun fəaliyyətinə dair fikir mübadiləsi
aparılıb, bu qurumun işinin səmərəliyinin artırılmasına dair
konkret təkliflər irəli sürülüb. Ümumilikdı görülən işlər müsbət
qiymətləndirilib, sərhədyanı zonaların ərazi və xətt polis
orqanları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş
əlavə səylərin göstərilməsi tövsiyə olunub.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz
Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi, polis general-mayoru
Sergey Baçurin ikitərəfli əməkdaşlığa yüksək qiymətləndirib. O,
əməkdaşlığın daim yeni əməli məzmunla zənginləşdiyini, son illər
belə səmərəli və faydalı işbirliyi sayəsində cinayətkarlıqla
mübarizənin bir sıra istiqamətlərində müsbət nəticələrin əldə
edildiyini vurğulayıb, peşəkar əlaqələrin inkişaf etdirilməsinin
əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Rusiya Federasiyası Dağıstan Respublikasının daxili
işlər naziri, polis general-leytenantı Abduraşid Maqomedov,
Azərbaycan və Dağıstan DİN-lərin aidiyyəti baş idarə və idarə
rəisləri, hər iki ölkənin sərhədyanı bölgələrinin polis
orqanlarının rəisləri və digər məsul şəxslər iştirak ediblər.
Səmimi və işgüzar şəraitdə keçən iclasın nəticələrinə dair yekun
sənədlər, o cümlədən müvafiq protokol imzalanıb.
Rusiya Federasiyası DİN-in nümayəndə heyətinin üzvləri
göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə
görə azərbaycanlı həmkarlarına minnətdarlıqlarını bildiriblər.