Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhər,
Masallı, Cəlilabad, Astara, Lerik, və Yardımlı rayonlarından
vətəndaşları qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə
əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, görüşdən öncə
nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi
önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra
mərkəzin ekspozisiyası ilə tanış olub.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda
sakinlərin yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti,
tarixi-mədəni irsin qorunması, turizmin inkişaf etdirilməsi və
digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Lənkəran şəhərindən qəbula yazılan vətəndaşlar Bəlləbur qalasında
arxeoloji tədqiqat işlərinin aparılması, kitabxanaların Milli
Qəhrəmanlar haqqında ədəbiyyatla zənginləşdirilməsi, mədəniyyət evi
və klubun əyani vasitələrlə təmin olunmasına köməklik
göstərilməsini xahiş ediblər.
Masallı sakinləri tərəfindən rayonda milli geyimlər
festivalının, eləcə də uşaq musiqi və incəsənət məktəbləri arasında
zona festivallarının təşkili, bölgələrdəki dövlət dram teatrlarında
rayonların xalq teatrları kollektivlərinin çıxışlarına şərait
yaradılması barədə müraciətlər edilib.
Cəlilabaddan qəbula gələn sakinlər rayon ərazisindəki Polutəpə
arxeoloji məkanında aparılan tədqiqat işlərinin başa çatdırılması,
kitabxanalara texniki avadanlıqların verilməsi ilə bağlı
xahişlərini diqqətə çatdırıblar.
Astara sakinlərinin turizm sahəsində fəaliyyət göstərən təhsil
müəssisələri ilə turizm obyektləri arasında əməkdaşlığın qurulması,
rayon uşaq musiqi məktəbində instrumental ifaçılıq və muğam
dərslərinin tədrisinin təkmilləşdirilməsi və digər məsələlərə dair
müraciətləri səslənib.
Lerikdəki Uzunömürlülər muzeyində digər bölgələrin uzunömürlü
insanları haqqında da məlumat guşəsinin yaradılması, Buzeyir
qalasının turizm marşrutuna daxil edilməsi, habelə Yardımlı rayonu
ərazisində tarix-mədəniyyət qoruğunun yaradılması, ölkə
ərazisindəki tarix və mədəniyyət abidələri barədə geniş məlumatı
əks etdirən fotoalbomun hazırlanması, kənd kitabxanalarının
fəaliyyətinin təkmilləşdirilməsi barədə müraciətlər də olub.
Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Ə.Qarayev
ayrı-ayrı məsələlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə
yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini
diqqətə çatdırıb. O qeyd edib ki, ötən görüşlərdə olduğu kimi, bu
dəfə də vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli
sürülüb. Belə canlı ünsiyyət bir sıra məsələlərin operativ həlli
baxımdan çox vacibdir. Nazir tarixi-mədəni irsin qorunması və
bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi, eləcə də turizm
sahəsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib:
"Bu bir daha təsdiq edir ki, insanlar yerlərdə mədəniyyətin və
turizmin inkişafına həssaslıqla yanaşır, problemlərin həlli ilə
üçün təşəbbüskarlıq göstərirlər".
Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin
nəzərdən keçiriləcəyini bildirən nazir deyib ki, bu sahə Prezident
İlham Əliyevin xüsusi diqqət mərkəzindədir:
"Turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edən və
iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqamətlərdən
biridir. Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı
"Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında" sərəncam bu sahənin yaxın gələcək üçün inkişaf
istiqamətlərini müəyyən edib. Hazırda yeni turizm zonalarının
yaradılması istiqamətində də mühüm işlər görülür. Ölkəmizin cənub
bölgəsinin də böyük turizm potensialı var".