Ölkə ərazisində ümumi sahəsi 395 km² olan 450 göl var.
Sarısu gölü Azərbaycanın ən böyük gölüdür və Kür-Araz ovalığında
yerləşir.
Axar.az Sey-yah.com-a
istinadən Azərbaycanın ən gözəl 10 gölünü təqdim edir:
1. Göygöl, Göygöl rayonu
Göygöl Gəncə şəhərindən 25 km məsafədə, dağların və yaşıl
meşələrin qoynunda yerləşir. 1139-cu ildə Gəncədə baş vermiş
zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının
qarşısını kəsib və nəticədə şəffaf suyu olan Göygöl yaranıb. Dəniz
səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Uzunluğu 2800 metr,
dərinliyi isə 96 metrdir. Göldə qorunmaqda olan forel balıqları
yaşayır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si
böyük göllər sırasına daxildir. Göygöl Azərbaycanın ən dərin
gölüdür.
2. Sarısu gölü, İmişli-Sabirabad
Azərbaycanın ən böyük gölü, İmişli və Sabirabad rayonları
ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə
doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri
olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər
sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu
vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür
çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında
Xəzər dənizindən sonra ikincidir. Sarısu gölünün sahilboyu
ərazisini qamışlıq və bataqlıq təşkil edir. Gölün maksimal
dərinliyi 6 m-dir. Sarısu gölünün faunası əsasən balıqlardan (çəki,
sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu)
ibarətdir. Bundan başqa, burada olan əlverişli şərait hər il
300-350 min müxtəlif növ quşun (ördək, qaşqaldaq, qaz, sultan
toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir.
3. Maralgöl, Göygöl rayonu
Dəniz səviyyəsindən 1902 metr hündürlükdə yerləşən Maralgöl
Göygöldən bir az aralıda yerləşir. Bu gölün sahəsi 23 hektar, ən
dərin yeri 60 metrdir. Göygöllə Ağsu çayı vasitəsi ilə
birləşir.
4. Batabat gölü, Naxçıvan
Batabat gölünün uçqun və sürüşmə nəticəsində yarandığı ehtimal
olunur. Bu göl Naxçıvan şəhərindən 62 kilometr şimal-şərqdə, dəniz
səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Suyu şirin olan
Batabat gölü təbiətdə nadir rast gəlinən üzən adaya sahibdir.
Sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüyündən
formalaşan bu ada küləyin istiqamətindən asılı olaraq vaxtaşırı öz
yerini dəyişir.
5. Ağ göl, Ağcabədi
Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və
yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən
biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti var. Bu da
göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı
Siyahı"sına və Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmiş
quşların məskunlaşması ilə bağlıdır. Ağ göl Kür və Araz çaylarının
mütəmadi daşqınları nəticəsində yaranıb.
6. Əmbil gölü, Şabran
Şabran çayının yuxarı axını hövzəsində yerləşən gölün adı ərəb
dilindəki "əm" (camaat, icma), tat dilindəki "bil" (bataqlıq)
sözlərindən ibarət olub icma, camaat gölü mənasını verir. Əmbil
gölünə hansı mənbədən suyun gəlməsi məlum deyil. Ehtimallara görə,
gölün dərinliklərində bulaq qaynayır. Gölün suyunun duru olması da
bununla bağlıdır.
7. Nohur gölü, Qəbələ
Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km
şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii
çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu
ildə bu gölün cənub hissəsində – Güllüburun dağı ilə Yumuru dağ
arasında uzunluğu 850 m, hündürlüyü 8-10 m, eni 4-6 m olan torpaq
bənd çəkilərək su anbarı yaradılıb. Maksimum dərinliyi 24 m-dir.
Qəbələ-İsmayıllı-Bakı avtomabil yolunun kənarında yerləşən göl
yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri
istirahət zonalarından biridir. Bəzən sərt keçən qış aylarında
Nohur gölün səthi tamamilə buz bağlayır.
8. Xanbulan, Lənkəran
Göl Lənkəranın eyni adlı kəndində yerləşir. Ərazisi meşəliklə
əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir.
Gölün ərazisində 1976-cı ildə su anbarı istismara verilib.
9. Candargöl, Ağstafa
Ağstafa rayonunda yerləşir. Azərbaycanın qərbdəki iki ucqar
nöqtəsindən biridir. Eyni zamanda Azərbaycan və Gürcüstan
arasındakı sərhəd gölün tam ortasından keçir.
10. Çənlibel gölü, Quba
Quba rayonunun İkinci Nügədi kəndi ətrafında, rayon mərkəzindən
təxminən 14 km. məsafədə yerləşir. Sıx Qəçrəş meşəlikləri ilə əhatə
olunub.