Bakı şəhərinin küçə və prospektlərində 2016-2017-ci
illər payız-qış mövsümü ilə əlaqədar olaraq kompleks tədbirlər
həyata keçirilir. Zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri
çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya
sistemi və yağış barmaqlıqları, həmçinin palçıq və toz basmış körpü
və yol elementləri yuyularaq təmizlənir, həmçinin küçələrdə cari
təmir işləri aparılır.
Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, kompleks
tədbirlər çərçivəsində intensiv yağışlar zamanı Bakı şəhərinin bəzi
küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün nəzərdə
tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması
məqsədi ilə əlavə xətlərin çəkilişi işləri görülür.
Sözügedən işlər Yusif Səfərov, həmçinin Əliyar Əliyev
küçələrinin Heydər Əliyev prospekti ilə kəsişən hissələrində
aparılır. Bu ərazilərdə əlavə yağış-kanalizasiya xətləri çəkilir,
yeni yağış barmaqlıqları qoyulur. Ümumilikdə son 1 il ərzində Bakı
şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 6 km-ə
yaxın yağış-kanalizasiya xətləri çəkilib.
Bu işlərə paralel olaraq sözügedən ərazilərdə və Ziya Bünyadov
prospektində mövcud xətlərin isə təmizlənməsi işləri aparılır.
Yağan yağıntılar və intensiv hərəkət nəticəsində küçə və
prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün
deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərinə
də start verilib.
Təmir-bərpa işləri zamanı deformasiyaya uğramış və dağılmış
asfalt-beton örtüyü yenilənir. Bundan başqa qəzalar zamanı
dağılmış, həmçinin palçıq və toz basmış körpü və yol elementlərinin
(körpülərin mühəccərləri, dayaqları, səs boğucular, tunellərin
divarları, yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir
tirlər, səki daşları və s. ) xüsusi təyinatlı işçi qrupu tərəfindən
təmiri və yuyularaq təmizlənməsi işləri də aparılır.
Azəravtoyol ASC-nin rəhbərliyinin nəzarəti altında aparılan
kompleks tədbirlər küçə və prospektlərdə avtonəqliyyat
vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətinin təmin
edilməsi üçün görülür.