Xəlil Qayıqçı İstanbul Texniki Universitetinin Kosmos
Mühəndisliyi fakültəsinin sonuncu kurs tələbəsidir. O, kosmosa
çıxan ilk Türkiyə vətəndaşı olacaq. Beynəlxalq müsabiqədə iştirak
edən və yüksək bal toplayan Kayıkçı Amerikada 1 həftə astronavt
təhsili alıb.
Xəlil Qayıqçı azvision.az-ın əməkdaşı ilə söhbətində maraqlı
məqamlara toxunub. O, azərbaycanlı müəllimdən dərs aldığını
deyib.
– Siz kosmosa uçan ilk Türkiyə vətəndaşı olacaqsınız.
Necə oldu ki, belə bir şansı əldə etdiniz?
-Təhsil aldığım ilk illərdə sınaqla bağlı maraqlı məlumatlar
əldə etdim. Bununla əlaqədar Amerikaya gedib, ilkin sınaqlarda
iştirak etdim. Sınaqlarda iştirak etmək üçün dünyadan 2 milyondan
çox müraciət daxil olmuşdu.
Amerikada bir həftəlik kosmos mühəndisliyi üzrə təhsili aldım.
Orada 60 ölkədən 107 nəfər iştirak edirdi. Bizim aramızda kosmosun
şərtlərinə dözümlülüyü yoxladılar. Kosmos şəraitində döyüş
təyyarələrindən istifadə edirdik. Bundan əlavə fiziki testlərdən
keçdik. Hətta həqiqi bir raketin kosmosa göndərilməsi anının canlı
şahidi olduq. Daha sonra komanda şəklində işləməklə bağlı bir sıra
testlərdən uğurla keçdik. Bundan sonra testlərdə yüksək bal
toplayan 23 nəfərin adı açıqlandı. Həmin şəxslərdən bir də mən
oldum.
– Kosmosa getməyi çoxdan arzulayırdınız?
– Kosmosa getmək mənim uşaqlıq arzumdur. Nəhayət, bu arzum
həyata keçəcək.
Biz 2017-ci ilə planlaşdırılan uçuşda kosmik sərhədi keçib, 103
kilometrədǝk qalxaraq, dünyanı kürə şəklində görüb yenidən yerə
qayıdacağıq. Bu prosses təxminən bir saat davam edəcək. Cəmi 15
dəqiqəyə qədər Kosmosda qalacağıq.
– Sizin uğurunuza azərbaycanlılar da sevinir. İndiyədək
Azərbaycanda olmusunuzmu?
-Təəssüf ki, Azərbaycana gedə bilməmişəm. Azərbaycan bizim
vətənimizdir. Siz bizim qardaşımızsınız. Bakıya gəlmək istəyirəm.
Azərbaycanlılar çox istiqanlı, mehriban olurlar. Biz dost,
qardaşıq.
Uşaqların xəyal qurma qabiliyyətləri çox güclü olur.
Qardaşlarımıza demək istəyirəm ki, daha da böyük xəyallar
qursunlar. Xəyallarını həyata keçirmək üçün əmək sərf etməlidirlər.
Əlbəttə, bir gün müvəffəqiyyət qazanacaqlarına inanıram.
-Bizim ölkəmizdə dostlarınız varmı?
-Azərbaycandan çoxlu mesajlar alıram. Buna görə çox sevinirəm.
Təbii ki, çoxlu sayda azərbaycanlı dostlarım var. Hətta
müəllimlərindən biri azərbaycanlıdır. Həmin müəlllim Moskvada
təhsil alıb, Çində və Amerikada işləyib. O, çox savadlı
insandır.
-Siz kosmosa gedən ilk türk kimi tarixə düşəcəksiniz.
Bunun sizin üçün anlamı nədir?
-Bu, mənim üçün çox şərəfli və məsuliyyətlidir. Mən həm
Türkiyəni, həm də Azərbaycanı təmsil edəcəyəm. Hər şeydən öncə
çalışmaq lazımdır. Qarşıya çıxan problemləri dəf edəcəyik.
Biz gənclər yaxşı təhsil almalı, ölkəmizin inkişafına
çalışmalıyıq. Bunun üçün təhsil hər şeydən önəmlidir. Hesab edirəm
ki, təhsil ön böyük sərvətdir.
Bizim elektro-texnologiya sahəsində müəyyən çətinliklərimiz
olur. Bu sahədə güclü təhsil almalıyıq.
-NASA-da işləmək istərdinizmi?
-Mən nə vaxtsa Türkiyədə Kosmosla bağlı agentlik yaradılarsa,
orada çalışmaq istəyirəm.